Архив | 14.12.2023

TOFİQ YAQUBLU YENƏ DİN-NİN «GÖZƏLLİK SALONU»NA APARILIB

Tofiq Yaqublu 4

Tofiq Yaqublunu yenə Daxili işlər nazirliyinin gözəllik salonuna aparıblar. Deyiblər ki, gözlərinin qarası gedib, makiyajın da gərək təzələnə. Tofiq Yaqublu deyib ki, evimi yiyəsiz qoyub gedə bilmərəm. Polis deyib ki, narahat olma, evində qiymətli nə varsa, götürmüşük, oğru gəlsə, əli boş yerə dəyəcək…

Daxili işlər nazirliyinin salonu beynəlxalq brenddir. Bu salonun xidmətindən sonra Tofiq Yaqublu “Dünyanın ən gözəl kişisi” müsabiqəsində ikinci yeri tutub. Birinci yer bir iranlı fəala verilib. Ölümündən sonra. Çünki dar ağacından asılandan sonra onun üzünə elə bir gözəllik gəlib ki, öz ailə üzvləri də tanımayıblar…

Deyilənlərə görə, prezidentin qızı Leyla Əliyeva da daxili işlər nazirlyinin gözəllik salonuna gedir. O salonda necə peşəkarların işlədiyini bilmək istəyirsinizsə, Leyla Əliyevanın şəkillərinə baxın…

İndi sizə Əli Kərimlidən deyim. Tofiq Yaqublu bandotdeldə, Əli Kərimli isə, sabirabadlılar demişkən, “qəssum”unu geyib, qalstukunu taxıb Azərbaycanın böyük jurnalisti, Mizə Xəzərin varisi Qənimət Zahidə müsahibə verir. Əli Kərimli ayaq üstdə  özünə qoyulmuş heykəl kimi dayanır. Oturanda isə öz büstünə çevrilir. Yəqin yatanda da Lenin mavzoleydə uzandığı kimi uzanır. Əlləri sinəsi üstdə, ədyal qurşağınacam…

Əli Kərimli başına beş adam yığıb “gözəllik salonunun” qabağına getmək, Tofiq Yaqublunun  hansı plastik cərrahiyyə əməliyyatlarına məruz qaldığını öyrənmək əvəzinə “qəssum”da, qalstukda dəftərxana ifadələri ilə nitq deyir. Qənimət onu “bəy” çağırır”, o da Qənimətə “bəy” deyir…

Adamın gülməyi gəlir, ancaq Tofiq Yaqublunun “gözəllk” salonunda olduğunu yada salıb gülmürsən. İndi qaş-göz düzəltməklə kifayətlənməyib Yaqublunu plastik əməliyyata məruz qoysalar, mənfi nəticə də ola bilər. Plastik əməliyyatdan o qədər insan tələf olub ki…

Ya Əli, özün kömək ol!

Mən Əli Kərimlini demirəm, imam Əlini deyirəm. Rəhmətlik anam həmişə “Ya Əli!” deyərdi. Ancaq yadıma gəlmir ki, Əlidən bir reaksiya olaydı…

Mİrzə ƏLİL

14. 12. 2023, Samara