
Salyan, 1960-70-ci illər
Bazarda, asfaltın elə üstdəcə,
Qarpızlar ehram tək qalaqlanırdı.
Yayda və payızın ortasınacan,
Mirzağa məllimin alveri vardı.
+
Özü də asfaltda, bir az aralı,
Oturub zillərdi gözünü mala.
Başında bir yaylıq, ucları bağlı,
Tərini silərdi bir ayrısıyla.
+
İri ağ adamdı, ucaydı boydan,
Deyərdin almandır, ingilis ya da.
Müəllim olmuşdu guya bir zaman,
Özünü tapmışdı sonra bazarda.
+
Düz-əməli bilən yoxdu nə işdi,
Səbəbi çoxuna deyildi məlum.
“Lap sənin ananı…” guya demişdi,
Hansı uşağasa Mirzağa məllim.
+
Partiya olmuşdu bəlkə söyülən,
Bəlkə partiyaçı çaqqalın biri.
Əslində tanınır söyüşlə Səlyan,
Vardır çox şeyi də söyməyin yeri…
+
Qarpızdan yaranan piramidalar,
Kəllə qalağını xatırladırdı.
Mirzağa məllimsə Teymurləng idi,
Həm də İsgəndərə bənzəri vardı.
+
Bazarda dünyanın mənzərəsi var,
Hamı müştəridir, məramı da bir,
Alan yalan deyər, satan aldadar,
Hamı burun, mədə, hamı kəllədir…
+
FatehTeymurlənglə göy satanları.
Zaman qalaqlayır kəllə-kəlləyə,
Sümüyə baxmaqla eləsi varmı,
Fatehi miskindən ayıra bilə?
+
Mirzəğa məllimdən nə deyim daha? —
Səlyanda çox yaxşı çıxarmışdı ad.
“Mal yemi” deyirdi malı alanda,
İnci qimətinə satırda ustad…
26. 12. 2023, Samara