İLHAM ƏLİYEVİN BAYRAM YUXUSU

2023-cü ilin son gecələrinin birində İlham Əliyev yuxusunda görür ki,  Məmmədəmin Rəsulzadə oturub çarpayısının ayaq tərəfində, gözünü zilləyib ona. Qorxudan İlham Əliyev az qalır yuxudan ayıla, ancaq ayıla bilmir. Birtəhər qurumuş boğazını isladıb deyir:

— Dyadya Mamed… Mamed dayı, bu sənsən?

— Mənəm, adım da Mamed deyil, Məhəmməd Əmindir.

— Məhəmməd Əmin dayı, mən axşam bir az vurmuşam… Bayramqabağıdır, özün bilirsən…Dəmi getməyib…Başa düşmürəm, sən dirilib gəlmisən bura ya mən ölüb getmişəm ora? Sərhədi necə keçmisən? Yəqin yaxşı bağlamamışam… Bəlkə uçmusan? Pasportun var? Bizdə pasport məsələsi ciddidir, Əli Kərimliyə pasport vermirəm, heç yerə uça bilmir, kürt toyuq kimi oturub… Ancaq cücə çıxarmır…Üzr istəyirəm, bunu zarafat kimi dedim… Mənlik nə işin?

— Eşitdim bizim gədə səni dəstəkləyib…

— Sizin gədə hansıdır? Bizim ölkədə, ayıb olmasın, məndən başqa hamı gədədir. Hamısı da məni dəstəkləyir…

 — Nəvəmi deyirəm. Rəis Rəsulzadəni.

—  Şəkilçəkən? Dəstəkləyib. Hələ deyirdi ki, istəsəniz, babamı söyərəm. Dedik hələ lazım deyil.

-Onsuz da məni çox söymüsünüz…

— Qabaqlar olub, indi söymürəm. Azı bir aydır söymürəm… Məhəmməd Əmin dayı, sən də məni dəstəklə, bir yağlı fərman verib sənin 140 illiyini zurna-balabanla keçirərəm.

— 130 illiyimdə də o fərmandan vermişdin, ancaq zurna-balaban çaldırmadın, qalan şəkillərimi də küçələrdən götürdün…

— Məhəmməd Əmin dayı, hamısını eləyən Mehribandır. Bezmişəm əlindən. İstəyirəm boşayıb mən də sənin kimi bir avropalı arvad alım… İstəyirsən, indi çağırım boşayım. Mehriban, ay Mehriban…

Bu yerdə İlham Əliyev öz səsinə ayılır, çarpayısının qırağında Məhəmməd Əminin yerində Mehribanın oturduğunu görüb ayılmağına peşman olur…

Mirzə ƏLİL

31. 12. 2023 Samara