
İşığı söndürüb yerinə gircək,
Elə bil dünyanın keçir işığı.
Qatı qaranlıqlar səndən aşağı,
Üstdə nə ulduz var, nə də ki, mələk.
+
Ürəkli, qorxusuz ola nə qədər,
Duyur qaranlaıqda vahimə insan.
İşıq keçən kimi özün də yoxsan —
Zülmət yoxluğa və ölümə bənzər.
+
Elə ki, işıqsız vahimələndin,
Yada sal üzləri işıqlıları.
Bir gün qurşağından qonşu bir qarı,
Konfet verdi, yedin, “sağ ol” demədən.
+
Hamı tərəfindən incidiləndə,
Ağlayıb göz yaşı axıdan zaman,
Səni sığallayb ovudan insan,
Kim idi? Yada sal onu da indi.
+
Yaxşı yadındadır hər yıxılmağın,
Haraya yetişib qaldıranları
Ancaq unutmusan. İndi onları,
Yada sal, çəkilsin qorxun həm ağrın.
+
Ananı xatırla, həm də atanı,
Onlar həyat verib sənə ən azı,
Xatırla deyilmiş hər şirin sözü,
Yada sal yaddaşda çoxdan itəni.
+
Hər üz ulduz kimi parlasa əgər,
Ulduzlu səmaya yuxun dönəcək.
Hər ulduz dalından sənə bir mələk.
Gülümsər, yox olub vahimən gedər
03. 01. 2024, Samara