Архив | 15.01.2024

QURBAN MƏMMƏDLİ: «O HEÇ!» ARZU SAYADOĞLU: «BU DA HEÇ!…»

Qurban Məmmədli Xoxahsəndə ev

Mən pedaqoji məktəbdə oxuyanda özfəaiyyət ansamblında tar çalırdım. Məndən və ansamblın rəhbərindən başqa, çalanlar muzdla tutulmuşdular, yəni peşəkar toyçu, “manıs” idilər. Manısların özünəməxsus danışıq, davranış, həyat tərzi və yumor hissi var. Onların arasında ciddi, qaraqabaq adam az  tapılır. Əksəriyyəti tərz çıxarandır, oyunbazdır, arvadbazlıq mövzusunda yorulmadan danışmağa və eşitməyə meyllidir. Klarnetçimizin dışdığı bir əhvalatı hərdən xatırlayıram. Dediyinə görə, özü bu əhvalatın şahidi olmuşdu.

İki manısın davası düşür. İndi bilmirəm, manıslar o vaxt əsasən sözlə davalaşırdılar, yumruq, xüsusən bıçaq nadir hallarda işlədilirdi. Bi iki manısın sözləri tükənəndə biri deyir:

— Sənin arvadın… Filankəslərlə…

O biri manıs halını pozmur və cavabında deyir:

O heç. Sənin də arvadın filankəslərlə…

Bu manıs da  halını pozmur:

— Bu da heç…

Qurban Məmmədli ilə Arzu Sayadoğlunun deyiişməsinə baxanda bu əhvalat yenə yadıma düşdü. Arzu Sayadoğlu üç il bundan əvvəl Kanal 13-də ağzını marçıldada-marçıldada, özünü aktyora bənzədə-bənzədə guya Qurban Məmmdəliyə məxsus mülklərin uzun siyahısını oxuyub. İndi bu çıxışı Q.M. təzədən efirə çıxarır ki, Arzu Sayadoğlu baxıb xəcalət çəksin və üzr istəsin. Mülklərin adı çəkildikcə Qurban Məmmədli iki cür reaksiyta verir. Ya deyir “mənim elə mülküm yoxdur”, ya da deyir “o heç”. “O heç” deyəndən sonra qısa izahat verir ki, baxanlar da onun ardınca desinlər “o heç”. Ancaq bitərəf tamaşaçı kimi deməliyəm ki, “o heç” kimi markalanan xeyli mülk var imiş. Məsələn, Xocahəsən qəsəbəsində iki fərdi ev. Q. M. deyir ki, o evi (demir “evləri”, hərçənd siyahıda iki evdir) kürəkəninin nənəsi nəvəsi üçün alıb, keçirib onun, yəni Qurbanın  qızının adına. Evin bir ya iki olması kimi, nənənin mülkü öz nəvəsinin adına yox, “yad qızının” adına keçirməyi də maraqlıdır. Q. M. deyir ki, nənə o evi (ya evləri?) almaq üçün Naxçıvanda üçotaqlı evi satıb. Sonra əlavə edir ki, nənə arxivdə işləyib. Yəni üçotaqlı evin necə alındığına sübut kimi.

Arxiv işçiləri sovet vaxtı qəpik-quruş alırdılar. Əlavə qazancları arxiv sənədlərini istəyənlərə pulla satmaqdan ola bilərdi…

Sonra Bİləcəridəki evə “o heç” deyir. Onu da qızına ya kürəkənnə vəsiyyət ediblər.

Ödəməli olduğu, ancaq ödəmədiyi milyonun izahatı inandırıcı deyil. Mən Q. Məmmədlinin xətrini çox istəyirəm. Ancaq inandırıcı olmayanda inana bilmirəm. Bu izahatı verəndə cənab Məmmədli özü də qızardı…

Qurban Məmmədli neçə vaxtdır ah-zar edir ki, qızları, nəvələri çöllərdə, kirayələrdə qalıblar.

Bəs Xocahəsəndə, Bİiəcəridə kim yaşayır?

Mən Qurban Məmmədlinn evinin dağıdılmasını qətiyyətlə pisləyirəm və nümunəsiz bu hampazorluğu və özbaşınalığı Azərbaycandakı feodal rejimin ittihamı üçün tarixi hadisə sayıram. Ancaq ədalətsiz rejimlə qarşı-qarşıya duran, açıq üzlə onunla mübarizəyə atılan adam sözündə və və əməlində düz, bütöv olmalıdır. Təəssüf ki, Qurban Məmmədlinin çoxlu ləyaqət və istedadını həlləm-qəlləmlik heçə çevirir. Yəni manıslar deyən heçə yox, əsl heçə…

O ki qaldı Arzu Sayadoğluna, bu insan Dostoyevsinin bəzi pertsonajları  kimi böyük iddiaları, ambisiyaları ilə uzlaşmayan iradə zəifliyi üzündən özünü dolaşdırmış, müxtəlif cildlərə, intriqalara, əlaqələrə  və sövdələrə girmiş, mənəvi oriyentirlərini, bir sözlə, şərəfini itirmiş, xilasını yeni-yeni maskalar taxmaqda görən bədbəxt bir insandır…

X.X.

15. 01. 2024, Samara