Архив | 19.01.2024

QURBAN MƏMMƏDLİ: DANABAŞLILARIN BAŞI…

QURBAN_MƏMMƏDLİ

Türkmənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Saparmurad Niyazov ölkəsi müstəqil, özü prezident olandan sonra adını qoydu Türkmənbaşı, özünə qızıl heykəllər ucaltdı, narazı qalanları dəhmərləyib basdı dama…

Yox, Türkmənbaşının çıxardığı hoqqaları saymaqla qurtarmaz. Ancaq maraqlılarından birini də demək lazımdır: Türkmənbaşı opera teatrını və sirki bağladı, yəni ləğv elədi.

Mən hələ Türkmənbaşının sağlığında Rusiya jurnalistlərinin  onun haqqında hazırladığı bir süjetə baxmışam. Türkmənbaşı deyirdi ki, türkmən havası çalınanda onun sümüyünə düşür, az qalır ki,  durub oynasın. Ancaq bu operadır, baletdir – sümüyünə düşmür, ona görə qərara gəlib ki, bu işlər türkmənlik deyil…

Bilmirəm Qurbanqulu sonradan operanı, baleti, sirki bərpa elədi ya yox… Sirki açmasa da olar, öz meymunluğu bəsdir…

Mədəniyyətin yalnız xalçadan və təksimli sazlardan ibarət olduğu Türkmənistan kimi  ölkələrdə mədəniyyətin yaradılmasına on illər və daha çox vaxt lazımdır. Ancaq ləğvinə bir neçə ay bəsdir. Mədəniyyət qatı o qədər nazikdir ki, iz-toz qoymadan süpürüb atmaq olar.

Biz türkmənlərdən xeyli irəliyik. Mədəniyyət qatı bizdə zərif olsa da, elə də nazik deyil. Bunun səbəblərindən biri 19-cu əsrin ortalarından Bakının sənaye şəhəri olması, burda avropalılaşmış böyük etnik qrupların – rusların, ermənilərin, yəhudilərin mövcudluğudur. Bizim ilk böyük musiqiçilərimizin müəllimlərinin kim olduğuyla maraqlansanız, hər şey aydın olar. Üzeyir Hacıbəyov Rusiya imperiyasının yetirməsidir. Rus-tatar məktəbi, Qori seminariyası, Moskva və Peterburq konservatoriyaları – Üzeyir bəyi yetirən bunlardır, Qarabağ torpağı yox. Torpaq öz-özlüyündə heç nə yetirə bilməz. Niyə Nizaminin vətəni Gəncədə heç nə bitmir, böyük yaradıcılar yetişmir? Ona görə ki, şəhəri öldürüblər, intellektual, mədəni mühit yoxdur. Şəhər böyrü üstədir. Üzeyiri publisist, dramaturq kimi azadfikirlilik yaratmışdı. İndi Azərbaycanda nə azadfikirlilik – adamın ağzını cırarlar…

Buna görə də siyasətçilərə, xüsusən hakimiyyət uğrunda, ən azı onu dəyişmək (devirmək yox, dəyişmək) üçün mübarizə aparanlara ciddi fikir vermək lazımdır. Bu insanların təhsil səviyyəsi, mədəni səviyyəsi əslində onların necə və nə dərəcədə demokrat olduqlarını da göstərir.

Siyasətçilər içində mənə Türkmənbaşını ən çox xatırladan Qurban Məmmədlidir. Onun verilişlərində səslənən “musiqi”, “şeirlər”, dəvət olunan «şairlər» bu insanın nə qədər primitiv zövqlü, hətta vəhşi olduğunu göstərir. Mopassanın adını hansısa Paşa Həsənlidən eşidən, by yazıçının ikinci dünya müharibəsi zamanı yaşadığını düşünən  adamın ali hümanitar təhsili var! Londonda yaşayır! Əlbəttə, bu adamın haçansa hakimiyyətə gələcəyi ehtimalı sıfra bərabərdir. Mən onun haçansa Azərbaycan katdası olub operanı, sirki bağlatdıracağını düşünmürəm. Məni narahat edən ona etiqad edən adamlardır,. Abunəçilərinin sayına inansaq, 100 mindən artıq adam ondan nə gözləyir?

Özünün dediyinə görə, Qurban Məmmədlinin abunəçilərinin və ona yardım edənlərin çoxu Rusiya azərbaycanlılarıdır. Mən qırx ilə yaxındır ki, Rusiyada yaşayıram. Samara milyonçu şəhərdir və ən böyük vilayətlərdən birinin mərkəziir. Mən indiyəcən burda demokratik fikirli, demokrat əqidəli bir azərbaycanlıya da rast gəlməmişəm. Yaxşı azərbayvcanlılar görmüşəm, şəxsən mənə yaxşılıq edənlər də olub. Ancaq demokratik adamlar olmayıb. Ən yaxşı aərbaycanlının da həyat prinsipi “başını aşağı salıb yaşa, çörəyini qazan, hökumətlə işin olmasın”dır. Mən on iki il ərzində diaspor qəzetinn redaktoru olmuşam. Bütün on iki il ərzində öz azərbaycanlılarımız qəzetlə mübarizə aparblar. Çünki qəzetdə Azərbaycan rəhbərliyinə yazılmış felyetonları vətənə xəyanat adlandırırdılar. Halbuki, bunlar janrın tələbləri çərçivəsində yazılmış məzəli mətnlər idi. 2016-cı ildə bezib qəzeti bağladım. Qəzet çox ucuz başa gəlirdi. Mətbəə xərci cəmi 3 min rubl idi, ancaq dönə-dönə mətbəəyə borclu qalırdırq. İndi təəccüblənirəm ki, bu “üç minlər” zibil kimi Rusiya şəhərlərindən axıb gedir Londona…

Mənə məzəli  felyetona görə “vətən xaini” deyən Rusiya azərbaycanlılarında Əliyev haqqında “it südü əmib” kimi ifadələr işlədən Qurban Məmmədova məhəbbət hardandır?

Ancaq ən maraqlı mənim üçün budur: bu adamlar Qurban Məmmədovun necə hökumət quracağını gözləyirlər? Demokratik? Bu halda onlar demokratiyanı necə təsəvvür edirlər?

Məsələ burasındadır ki, demolkratiyada ən vacib olan şey qanunun aliliyidir. Azərbaycanlı üçün problem burdadır. Rusiya azərbaycanlısı qanun qarşısında hamının bərabər olmağını istəmir. Rusiya azərbaycanlısı, Azərbaycandakı azərbaycanlııarın çoxu kimi, qanunu pozmaqda hamının vərabər olmağını arzulayır. Rusiya azərbaycanlısı (Qurbana ianə göndərən) deyir ki, Əliyev oğurlayırsa, bizim də oğurlamaq imkanımız olmalıdır. Məsələn, geydirmə araqla, qışda yolka, yayda qarpız satmaqla varlanmış azərbaycanlıya qanun qarşısında sıravi müəllimlər, tibb bacısı ilə, fəhlə ilə bərabər olmaq sərf eləmir. Onun pulu varsa, hər yrdə basıb keçməlidir – uşağını məktəbə, sonra işə düzəldəndə, cianatyət törədərsə, ört-basdır edəndə…

Dediyim aydındır?

Yəni Rusiya azərbaycanlıları Qurban Məmmədovu hakimiyyətə gətirsə, Azərbaycanda qərb demokratiyası və ünumiyyətlə demokratiya olmayacaq. Sadəcə əliyevlər-paşayevlər korrupsiyaya inhisarıdan məhrum olacaqlar.

Mən, əlbəttə, Rusiyadakı bütün azərbaycanlıları tanımıram. Ancaq təsəvvürüm var. Yeltsinin vaxtında, Putun hakimiyyətinin birinci onilliyində Rusiyada siyasət var idi, müxalifət var idi, hətta Navalnının təşkilatı leqal fəaliyyət göstərirdi. Rusiya azərbaycanlıalrının qabaqcılları isə həmişə hakim partiyada, yəni hökumət partiyasında ya onun ətrafında olublar. Yaşlılar da elə idi, indi yetişən gənclər də elədirlər. Kim Rusiya müxalifətində bir etnik azərbaycanlının adını çəkə bilər?

Qurban Məmmədova edilən telefon zənglərinə, verilişləinə yazılan rəylərə baxın – bunların müəllifləri elliklə savadsız adamlardır. Bunların quracağı hakimiyyəti təsəvvür edirsniz?

Qurban Məmmədov da, özünün savadı haqqında çox yüksək fikirdə olduğuna baxmayaqraq, fanatlarından az fərqlənir. Saatlarla özünü filosof adlandıran kəmsavad və başıpozuq arvad Yasəmən Qaraqoyunlunun  sayıqlamalarını tamaşaçılarına dinlətməklə gününü yubadan və eyni zamanda zehnlərə çaşqınlıq salan insanın idarəçiliyini necə görürsünüz? Yasəmən Qaraqoyunlu – fəlsəfə naziri? Sərdar Cəlaloğlu – bütünişlər naziri? Türk dilində danışan başıpozuq kişi – şeir naziri?

Tərtər qurbanlarına doğrudan da Qurbanın ürəyi yanır ya bu mövzunun istismarı ilə Londonda gününü yubadır? Əgər Qurban belə ürəyi yanandırsa, türməyə atılmış gənc azərbaycanlı qızların müdafiəsinə niyə bir kəlmə söz demir?

Qurban Məmmədli doğrudan da vətənpərvərdirsə, niyə 1993-cü ildə Salyan ərazisində  paya basdırıb «Talış dövləti»nin sərhədini çəkmiş və Azərbaycanı baş ayaq-qoyub minlərlə insanın məhvinə səbəb olmuş Əlikram Hümbətovu qəhrəman adlandırır?

Qorki yazırdı ki bəzi adamlarla danışandan sonra istəyirsən ki, gedib bir itin ya atın başını sığallayasan…

Yox, indi Azərbaycanda, Qurban kimi adamları eşidəndən sonra terapiyaya yarayan adamlar da var. Mən dünən Qurbandan sonra həbsdən təzə çıxmış gəncin- adı ARAZ ƏLİYEVDİR — müsahibəsini dinlədim və çox sakitləşdim, gözlərim də işıqlandı…

19.01. 2024 Samara