ÇALIR ZƏNGƏZURNANI — DAYANDIRIN QURBANI!

Təsəvvür edin ki, biri uzaqdan vedrə ilə su daşıyıb çəlləyə tökür. Dolmağına az qalmış ya beyninin qurdu qalxır ya ayrı səbəbdən vedrəni nəcislə doldurub tökür çəlləyə…

Seçkilərlə bağlı gördüyü faydalı sayıla bilən işləri son iki gündə Qurban Məmmədli beləcə poxa döndərir.

Qurban Məmmədli deyir ki, “biz Zəngəzuru, İrəvanı ermənilərdən geri almalıyıq, qoy vətənləri hardadır, orda gedib yaşasınlar”.

Bunu deyən adam hüquqşünasdır ya zəncirini qırmış dəli?

“Biz” – kimdir? Biz – Londanda arvadı, uşağıyla oturan Qurban Məmmədlidir, ya hər müharibədə ölümə göndərilən leriklilər, biləsuvarlılar, salyanlılar, şamaxılılardır?

Londonda oturub britaniyalıların pulu ilə kurort həyatı keçirən bu adamın beynəlxalq hüquqdan xəbəri var?

Ədəbiyyat haqqında təsəvvürü və zövqü ara şairlərinin şeiri səviyyəsində olan bu adam niyə böyük maarifçimiz Nəriman Nərimanovun üstünə düşüb?

Nərimanova heykəl qoyulmağında pis nə var? Nərimanov ən azı bədii yaradıcılığına görə bu abidəyə layiq deyilmi?

Nərimanov sənəd imzalaya bilərdi, ancaq onun nə səlahiyyəti var idi ki, Leninə, Stalinə qarşı dursun?

Nərimanov Odessada RSDRP-nn üzvü olanda Rəsulzadə də RSDRP-nin Bakı şöbəsinə, Hümmətə üzv olub.

Rəsulzadə 11-ci ordunun qabağına top-tüfənglə çıxmayıb, heç bir müqavimət göstərməyib, sonra da Stalinin yanında işləyib.

Bu halda Nərimanovun rəsmi olaraq SSRİ-nin dövlət başçısı vəzifəsinni tutması bizi niyə pərt eləməlidir?

Heydər Əliyevə Nərimanova heykəl qoymaq yəqin ki, asan başa gəlməyib. Çünki 70-ci illərə qədər Nərimanova Moskvanın münasibəti soyuq idi, üstündə millətçi damğası vardı. Nərimanova Bakıda heykəl qoyulmağı o vaxt az-çox millətçi, milli şüurlu adamlar üçün bayram idi.

Millətçi sayılan Əbülfəz Əliyev (Elçibəy) əgər Heydər Əliyevin Siyasi Büroya üzvlüyü ilə fəxr edir və evindən onun şəklini asırdısa, biz Nərimanova niyə hörmətsiz olmalıyıq?

Xatırladıram ki, Nərimanov sosialist, bolşevik olsa da, xalqını sevib, sözün əsl mənasında maarifçi olub. Rəsulzadənin bioqrafiyasındakı, yumşaq desək, dolaşıqlıqlar onun həyatında yoxdur. Məsələn, Rəsulzadə “İran demokratik partiyası”ının əsasını qoyub, “İran-nou”, “İrane-Ahat” qəzetlərinn baş redaktoru olub . Bu adlar nə deyir? Daha bir detal: Nərimanov 1925-ci ildə ölüb. Rəsulzadədən fərqli olaraq, Hitlerlə çay içməyib…

Qabağa qaçaraq deyim ki, 1984-cü ildə Astraxan vilayətindəki Nijnevoljski qəsəbəsinə şəhər statusu və Nərimanovun adı verilib. Bunu da o vaxtlar Siyasi büronun üzvü olan Heydər Əliyev edib.

Puşkin yazırdı ki, Rusiyada bir avropalı var, o da hökumətdir.

Məgər sovet Azərbaycanında ən böyük millətçi Heydər Əliyev olmayıb?

Xatırladıram ki, “Neftyanik” komandasını ruslara da “Neftçi” yazdıran və dedirdən Əliyev oldu. Əliyevə qədər Neftçinin heyətində bir ya iki azərbaycanlı olurdu. Müqayisə üçün: Araratda iki nəfərdən başqa hamı erməni idi. Neftçinin heyətini tədricən Heydər Əliyev azərbaycanlılaşdırırdı.

Heydər Əliyevə qədər azərbaycanlı zabitləri barmaqla saymaq olardı. Hərbi məktəbi Əliyev açıb və bu məktəb indiyəcən minlərlə zabit yetişdirib. Əliyevə qədər Suvorov məktəbləri ancaq Rusiyada idi. Qarabağ müharibəsindəki zabitlərimizin əksəriyyəti Naxçvanskinin məzunudur.

Minlərlə azərbaycanıl məzunların SSRİ-nin qabaqcıl  ali məktəblərinə göndərilməsi də Heydər Əliyevin təşəbbüsü idi.

Heydər Əliyevin millətçi olmağına şübhə yoxdur. Ancaq bu, spesifik millətçilikdir. Feodalın, şəxsi mənafeyini, ailə mənafeyini prioritet bilən adamın millətçiliyidir. Məhdudiyyətsiz hakimiyyətdən harınlamış, heş bir qanun tanımayan adam üçün millət get-gedə instrumentə çevrilirdi. Korrupsiyanı idarəçilik instrumentinə, şişirtməni, yalanı, dezinformasiyanı normaya çevirməklə Əliyevin əxlaqa, mənəviyyata vurduğu ziyanların həddi yoxdur. Onun hakimiyyətinə yeganə məhdudluq olan SSRİ və sovet partiya idarəçiliyi dağıldıqdan sonra Əliyev hampazor monarxa çevrildi və bütün fəaliyyətinin əsasında hakimiyyəti saxlamaq və övladlarına ötürmək məqsədi durdu.

Ancaq bunlar Əliyevin millətçi olduğunu inkar edirmi? Yox. Məsələ burasındadır ki, biz necə millətiksə, Heydər Əliyev də elə millətçi olub…

Qurban Məmmədlinin problemi nədir? – onun pataloji manipulyator və yalançı olmağı. Belə adamar haqqında deyirlər ki, gözünün içinəcən yalan danışır. Bilə-bilə, qəsdən. Məsələn, guya Rusiyada 4 milyon azərbaycanlının yaşadığı barədə iddiası.

Qurban Məmmədli seçkiləri saxtalaşdıran müəllimləri fahişə adlandırır və öz atasını nümunə göstərir – guya Cəlal müəllimdə büllur mənəvi təmizlik ilub. Doqquz il məktəb müəllimi olmuş adam kimi deyə bilərəm ki, sovet dövründə müəllimlik, xüsusən aşağı sinifəridə müəllimlik, humanitar fənlər müəllimliyi də seçki saxtarkarlığı kimi ya ondan da pis idi. Cəlal müəllim də Leninə, Stalinə, Xruşşova, Brejnevə, Şaumyana aid şeir və oçerkləri azyaşlı uşaqların sütül beyinlərinə onillərlə yeridib və heç bir vicdan əzabı çəkmədən maaşını alıb arvad-uşağına yedirdib…

Bəlkə elə buna görə oğlu Londinda Zəngəzurna çalır? Qurban Məmmədliyə xatırladıram ki, Cümhuriyyət heç br ölkə tərəfindən tanınmayıb və beynəlxalq hüququn subyekti olmayıb. Sərhədlərin toxunulmazlığına zəmanət verən yalnız bir beynəlxalq sənəd var – 1977-ci ildə qəbul edilmiş Xelsinki aktı…

16. 02. 2024, Samara