QURAN QƏRİBƏLİKLƏRİ. ZƏQQUM YEYƏ-YEYƏ ƏBƏDİ YANMAQ — BUNUN NƏ MƏNASI? BU, KİMƏ TƏSƏLLİDİR?

Без названия (1)

Dostoyevskinin “Karamazov qardaşları” romanında şəhvətpərəst və lotu Fyodor Karamazov skitdə rahiblərin qonağı olarkən inamını necə itirdiyini danışır. Guya kimdənsə eşidib ki, dini bir kitabdabir müqəddəsdən danışılır Ona inamına görə işgəncələr veriblər, sonra boynunu vurublar, o da qalxır, başını yerdən götürüb, “lütflə onu öpə-öpə” gedib. Beləcə guya “lütflə başını öpə-öpə gedirmiş”. Fyodor Karamazov iddia edir ki, bunu eşidən kimi inamını itirib…

Lotunun məqsədi onunla birgə skitə gəlmiş qudası və düşməni Miusovu rahiblərin yanında ələ salmaqdır, çünki bu əhvalatı ondan eşidib…

Ancaq doğrudan da guya dinin təbliği, təşviqi üçün yazılmış çoxlu kitab, yayılmış çoxlu rəvayətlər var ki, onlar adamı hər cür ateis ədəbiyyatdan və ya söhbətdən daha çox dindən yayındırar. Belə kitabların və rəvayətlərin sayı-hesabı yoxdur.

Quran sıravi kitab deyil, o, müsəlmanların nəzərində Alllah tərəfindən göndərilib. Əslində bunun heç bir sübutu yoxdur. Əksinə, Quran mətninin ayrı-ayrı hissələri, fraqmentlərti  onun məhz insan ya insanlar tərəfindən deyildiyini, qələmə alındığını sübut edir.

Quranda cəhənnəmin təsviri ən güclü inamları belə sarsıda bilər.

 “Həqiqətən, Bizim ayələrimizə inanmayanları biz oddda yandırarıq. Hər dəfə dəriləri tükənəndə, biz başqa dəriylə əvəz edərik ki, cəzanı dadsınlar. Həqiqətən, Allah böyükdür, müdrikdir!” (4-56)

Belə başa düşmək lazımdır ki, Qiyamət günü torpaqda çürüyən də, suda balıqlara yem olan da, hətta yanğında külə dönən də əvvəlki halına gətiriləcək və yandırılacaq. Dəri yanıb qurtarır, o, təzə dəri ilə əvəz olunur ki, işgəncə uzansın.

Nə qədər? On il? Min il? Milyard il?

İnsanı yandırmaqda məqsəd ona əzab verməkdirsə, deməli, o, ağrını hiss edir, biz dirilər hiss etdiyimiz kimi, ancaq cəhənnəm oduya yandırılan adam elə şokdan ölməlidir. Bu, necə olur?

Hüquqda cəzanın üç məqsədi göstərilir: sosial ədalətin bərpası, məhkumun islahı, yeni cinayətlərin törənməsinin qarşısının alınması.

Günahkarın əbədi yandırılmasında nə məqsəd ola bilər?

Bu cəhənnəm hardadır ki, orda milyonlarla, milyardlarla adam fasiləsiz və əbədi yanır?

Cəhənnəmdə keşikçilər var! Böyükləri Malikdir!

Cəhənnəmdən hara qaçmaq olar? Özü də söhbət dirildilmiş ölüdən gedir…

“İnanmayanlara paltar oddan biçilib, başlarına  qaynar (maye) tökükür. Onlar üçün dəmir qarmaqlar var. Hər dəfə onlar əzablardan çıxmaq istəyəndə onları ora qaytaracaqlar… odun işgəncələrini dadın! (22: 19-22)

Cəhənnəm odunda yanmaq məsələsi həm də ona görə yöndəmsizdir ki, yer üzündə on minlərlə, yüz minlərlə insan müxtəlif səbəblərdən baş verən yanğınlarda külə dönür. Onlar cəhənnəmlərini çəkəndə Allah onların köməyinə gəlməyib, öləndən sonra fasiləsiz od qoyacaq?

Cəhənnəmin təsvirini oxuyan adamın başı yerindədirsə və içi boş deyilsə, fikirləşməlidir: yanğınlarda ağır xəsarət alanların,  sağ qalsalar da, eybəcər hala düşənlərin, o cümlədən körpələrin, gənc qızların, dərilərini Allah niyə dəyişdirmir? Rəhman və rəhim Allah belə edərdi. Rəhman və rəhim Allaha trilyonlarla il diriltdiyi ölünü yandırmaq yaraşmaz. Bu, insanları qorxutmaq üçün insanların özü tərəfindən uydurulub. Ancaq İslamın tarixi göstərir ki, öləndən sonra yandırılmaq perspektivi heç kimi, ilk növbədə müsəlmanların özünü qorxutmur. Çünki bir müdrikin dediyi kimi, əksəriyyət Allaha inama inanır, Allahın özünə yox…

«Od əhli cənnət əhlinə səslənər: “Üstümüzə su ya da Allahın sizə verdiyindən üstümüzə axıdın!” Onlar deyərlər: “Allah kafirlərə onu da, o birini də kafirlərə qadağan edib!”

Deyək ki, biri ömrü boyu araq içib, Allahı da danıb. Onun trilyon il yanmağında hansı ilahi ya rasional məqsəd ola bilər? Əyyaş, dərisi bir qəpiyə dəyməzdi, indi dəqiqədə dərisi dəyişdirilir ki, yaxşı yansın. Belcə trilyon il və ondan o yana…

İnsanı, ceyranı, tovuz quşunu, uşaq təbəsümünü, çiçəkləri yaratmış Allahı bu cür sadist təsəvvür etmək üçün gərək özün pozğun təxəyyül sahibi olasan.

“Həqiqətən zəqqum ağacı günahkarın qidası olacaq. Yağ tortası kimi o, qarınlarda su qaynayan kimi qaynayacaq”. (44:43-46)

Milyard, trilyon illər günahkar yanacaq və zəqqum yeyəcək. Bundan kimə xeyir və ya təsəlli?

Millətin dərisini soymuş, ölkəni inkişafdan yayındırmış, vətəndaşları şəxsi azadlıqdan mərhum etmiş, ləyaqətlərini tapdalamış uzurpatorların milyardlarla il yana-yana zəqqum yeməyi kimə təsəlli ola bilər?

Yöndəmsiz, ağlabatmaz cəhənnəm, cənnət utopiyası əslində müsəlman xalqları üçün Marks deyən tiryək deyilmi? Yəni uzurpatora, rüşvətxor məmurlara, qaniçən bankirlərə, zorçu polislərə dözün, həqir, başıaşağı olun, Allah onları sonra trillion il yandırıb zəqqum yedirdəcək…

Və beləliklə, bizim iradəmiz sarsılır. Və sağ ikən atıldığımız cəhənnəmdən çıxa bilmirik… Həm də ona görə ki, real, yaşadığımız cəhənnəmdəki maliklərin topu, tüfəngi var…

İradəmizi bərpa etmək, malikləri yolumuzdan kənar edib cəəhnnəmdən çıxmaq üçün Allah adından uydurulan cənnət və cəhənnəm xülyasından azad olmaq lazımdır…

X.X.

22.03. 2024, Samara