
Əliağa Vahid yüksək təvazö hissi ilə deyib ki, “böyük Füzulimizin yadigarı mən özüməm”. Bu sözdən sonra gərək bir qurumsaq əlinə qələm alıb qəzəl yazmayaydı. Ancaq, təəssüf ki, Azərbaycanda qurumsaq bir deyil, iki deyil. Nəinki Vahiddən, hətta Füzulinin özündən həya eləmədən qəzəl yazıblar və indiyəcən yazırlar. Vahiddən fərqli olaraq özünü Füzulinin yox, 26 Bakı komissarının və şəxsən Stepan Şaumyanın yadigarı sayan Səməd Vurğun da qəzəl yazıb. İki dəfə Stalin mkafatı laureatı, “Komsomol”, “26-lar”, “Partiymızdır”, “Kommunist küçəsi” kimi ölməz əsərlərin müəllifinin “Ola bilməz” rədifli qəzəlinə baxaq.
“Meysiz, məzəsiz can ilə canan ola bilməz!”
Başa düşdünüz? “Canan” sevgili, sevgili qadın, məşuqə deməkdir. Yeri gəlmişkən, “məşuqə” sözündə ayıb heç nə yoxdur. Əslində “aşiq” və “məşuqə” eyni sözlərdir, biri kişiyə, digəri qadına aiddir.
Qayıdq qəzələ: Səməd Vurğun deyir ki, meysiz, yəni spirtli içkisiz sevişmək mümkün deyil, çünki cananla zad eləməmişdən qabaq onu gərək yaxşı içirdəsən.
Bunu başa düşdük. Görüşə gedəndə gərək əvvəl tuluğunu doldurasan, özünlə də ən azı yarım litr götürəsən ki, “canan” da tuluğunu doldura. Hərçənd «can ola bilməz» nədir, başa düşmək mümkün deyil. Meysiz niyə can olmur?
Ancaq uğurlu sevişmə üçün bu, kafi deyil. Gərək “məzə” də ola. Mən belə başa düşürəm ki, Səməd Vurğun aşiqə cananla görüşdə üzlü, sırtıq və utanmaz olmağı, ayıbçılıq eləməyi tövsiyə edir. Çünki xalq şairinin fikrincə, “məzə” olmasa, “canan”, nə qədər içkili olsa da, yola glməyəcək…
Sonrakı misra:
“Sevda dediyin hər kəsə meydan ola bilməz!”
Yəni eşqbazlıq hər kəsin işi deyil. Əlbəttə, mey, məzə kimi yüksək tələbləri hər kişi yerinə yetirə bilməz!
Qəzəlin konkret mövzusu olmalıdır. Səməd Vurğunun qəzəliniin konkret mövzusu yoxdur. Qafiyə hara aparırsa, ora da gedir. Birinci beytdə cananı ələ almaq üçün onu içirtməyin vacibliyini kişilərə izah edən dahi birdən sənətkatlıq, sənətşünaslıq məsələlərinə toxunur.
“Arifləri dindir ki, nədir şer ilə sənət?”
Yəni bilikli adamlardan soruşun ki, şeir və sənət nədir. Sual aydındır. İndi akademik şairin öz sualına verdiyi cavaba baxaq:
“Şair yaranan ömrə peşiman ola bilməz!”
Bu, cavabdır ya sayıqlama?
Şeirin nə olduğunu izah etmək əvəzinə Səməd Vurğun deyir ki, şairliyi ona akademiklik, deputatlıq verib, iki dəfə Stalin mükafatı, Lenin ordeni verib, şəhərin mərkəzində ev, bahalı maşın verib, cins itlərlə ceyran ovuna çıxır, avropaları gəzir.
Belə ömrə kim peşman olar?
“Könlüm evi bir gülşənə bənzər ki, əzizim,
Min badi – xəzan əssə də viran ola bilməz!”
“Badi-xəzan” – payız küləyidir. Yaxşı, əgər akademikin “könül evi” gülşəndirsə, orda niyə payız küləyi əsməlidir?
Bəlkə SSRİ Ali Sovetinin deputatı demək istəyir ki, nə qədər Müşfiqlər, Cavidlər, Salmanmümtazlar gedər-gəlməzə göndərilsələr də, mənim vecimə deyil, özüm də bolşevik təmizləmələrində iştirak edirəm, Rəsul Rza kimi, mən də sosializmin düşmənləri ilə mübarizənin önündəyəm.
“Girdim günəşin qoynuna, minbir səhərim var,
Bülbül də mənim, gül də, zimistan ola bilməz.”
Günəşin qoynuna girmək necə olur?
Və niyə qış yox, «zimistan»? Canana, insana, dövrana qafiyədir, ona görə?
“…insanlığa pis gözlə baxanlar,
Dünyada bir ad qoysa da, insan ola bilməz!”
İnsanlığa pis gözlə baxanlar kimdir? Stalin? Hitler? Stepan Şaumyan? Mircəfər?
Mircəfəri, Stalini, Lenini, kommunist partiyasını, komsomolu tərənnüm etmiş Səməd Vurğun da ad qoyub, ancaq ona insan, yəni yaxşı insan demək olarmı?
“Xoşbəxt elimin, yurdumun öz Vurğunuyam mən”…
Bəh-bəh… Azərbaycanlıda olan təvazö hissi heç bir millətdə yoxdur. Vallah, bizdə adamlar ürək-damar xəstəliklərindən ölmürlər, təvazökarlıqdan ölürlər. Səməd Vurğun da xərçəngdən ölməyib, təvazödən ölüb…
Və bir az da Allahın qəzəbinə gəldiyindən. Çünki basməmmədi yazıb, əqidəsini məzəyə, kefə, dəbdəbəyə, ordenə satıb. Allahın qəzəbinə Səməd Vurğun bu misraya görə də gələ bilərdi:
“Bundan da gözəl bir daha dövran ola bilməz!”
Tuthatut, sürgünlər, məhkəməsinz güllələnmələr zamanı bunu deyən adamı Allahın qəzəbinə gələrdi…
Vallah, gələrdi…
X.X.
25. 05. 2-24, Samara