YANĞINDAN SONRA: HAMINIZ SAĞ OLUN!

Mən bədbəxt hadisə nəticəsində evimin yanmağını müzakirə mövzusuna çevirmək istəməzdim, ancaq yanğından sonra məni dərhal qayğı ilə əhatə etmiş insanlara minnətdarlığımı bildirməyi özümə borc bilirəm.

Yanğın yerinə ilk gələn Camal Əkbərov olub. Xəbər tutan kimi Şirvan Kərimov və Namiq Məmmədov gəliblər. Şirvan Kərimov dərhal bütün adminstrativ və qeyri-formal resurslarını səfərbər edib. Yanğın yerinə gəlmiş rəsmilərin dediyinə görə mən müvəqqəti idman zalında ya ona bənzər bir yerdə yerləşdirilə bilərdim.Ancaq yanğından sonra bircə gün də məişət çətinliyi çəkməmişəm. Bir gün Seyid Camalın evində qonaq olandan sonra Şirvan müəllim məni yaxşı xəstəxanaların birində təkadamlıq palataya yerləşdirib. Orda qaldığım iki həftəyə yaxın müddətdə personal mənə yaxşı baxıb, lazım bildikləri bütün müayinləri və müalicəni təyin ediblər. Bir neçə gündür ki, Şirvan müəllim mənə yaxşı bir mehmanxanada yer alıb. Rus demişkən: jivi ne xoçu. Hər şəraiti var. Avropa çempionatının oyunlarlna baxıram. Şirvan müəllim, Namiq Məmmədov, Camal Əkbərov mənə tez-tez baş çəkirlər.

Vacib daha bir şey: kompüterim yanğında məhv olduğundan ilk günlər yalnız çox çətinliklə telefonda yazırdım. Qardaşım oğlu Yusif Süleymanlı Bakıdan mənə gözəl bir noutbuk göndərib. İndi heç qırağa çıxmaq istəmirəm. Bernsi dilimizə çevirirəm. İstərdim ki, haçansa Yusifin uşaqları hansı dərslikdəsə, hansı mənbədəsə mənim işimə rast gəlib başıbəla və başabəla Xeyri babaları ilə fəxr eləsinlər.

Yanğınsöndürənlərin çıxardığı telefonumu və məhv olmuş kompüterin bərk diskini bərpa etmiş Anar Elxan oğlu Quliyevə hədsiz minnətdaram.

Köməyini əsirgıməmiş Rəhman Əliyevə də təşəkkürümü bildirirəm.

Bilirəm ki, qabaqda çətinliklər çox olacaq. Mən minimum pensiya ilə mənzilsiz qalmışam. Vəzifəm, borcum, məqsədim depressiyaya yenilməməkdir. Buna ancaq iş görməklə nail olmaq mümkündür. İşə isə həvəsliyəm, qüvvəm də var. Çünki yaxşı yeyib-içirəm, şəraitim də çox yaxşıdır.

Mənə dayaq durmuş, telefonla da olsa kömək təklif etmiş soydaşlarımızın hər birinə təşəkkür edirəm. O cümlədən Füzuli Hüseynova və Rövşən Quliyevə.

Çox sağ olun!

Xeyrulla

25. 06. 2024, Samara