
“Sən əgər olmasan, ey gül, mənə canan kim olar?
O xumar gözlərinə valehü heyran kim olar?”
Gəlin bu beytə diqqətlə baxaq, toy arağından dumanlanmış başını yellədib “bəh-bəh” deyənlərə tay olmayaq.
“Sən əgər olmasan…”
Şair deyən kimi təsəvvür edək ki, “ey gül” yoxdur.
“O xular gözlərinə…”
Şair demişdi ki, “sən olmasan…” Canan yoxdursa, onun “xumar gözləri” hardan ola bilər? Bu, mənə “qalar iki buynuzun” misrasını xatırladır. Canan yoxdur, iki xumar gözü qalıb. Şair də yoxdur, “o xumar gözlərə” “valehü-heyran” tapılmır….
Vahid adətən cananın gözlərinə və zülfünə vurulur. Özü də “qarə” zülfünə. Yəqin qəzəlxanın vaxtında Bakıda qondarma blondlar olmayıb.
“Qarə zülf…” Qara yox. Qarə…
İndi baxın, növbəti beytdə yenə ziddiyət, dolaşıqlıq var.
“Sevir aləm səni bir gözlərinin xatirinə”.
Yadınızda saxladınız? Aləm o gözəli “bir (şair “təkcə”, bircə” demək istəyib, ancaq misraya sığışdıra bilməyib) gözlərinin xatirinə” sevir.
Sonra:
“Yoxsa tək zülfün üçün bunca pərişan kim olar?”
Belə çıxır ki, aləm o xanımın zülfünü də sevir. İkinci misra birincini yalana çıxarır.
“Gir gülüstanə sevinsin, oxusun bülbüllər”.
Deyək ki, gülüstan – güllükdür, çoxlu gül bitən ya da yetişdirilən yerdir. Şair xanımı ora dəvət edir ki, bülbüllər onu görüb oxusunlar.
İndiyəcən güllükdə, gül üstündə bülbül görən olub? Bülbül ağac başında olar, məsələn, söyüd ağacının.
Sonrakı misra cəfəngdir.
“Gül bahar mövsimi görsənməsə, xəndan kim olar?”
“Mövsüm görünməsə?”
Xəndan – qönçə deyil? Necə yəni “xəndan kim olar”?
Sonrakı beytin birinci misrasına baxaq:
“İncidib salma nəzərdən düşən aşiqlərini”
Bu misranın sintaksisi bərbaddır, şair demək istədiyini düzgün qrammatik formada ifadə edə bilməyib. Burda “düşən” sözü artıqdır. Belə olmalıdır: “Aşiqlərini incidib nəzərdən salma”. “Düşən” sözü misra doldurmaq misraya soxuşdurulub və nəticədə fəlakət yaranıb.
“Zövqi-vəslinlə əgər mən də fəğan eyləməsəm,
Hüsnünün gülşəninə bülbüli-nalan kim olar?”
Yuxarıda demişdi ki, xanım güllüyə çıxan kimi bülbüllər oxuyacaq, yəni otuz-qırx, bəlkə daha çox kişi özündən çıxıb, mart pişiyinə dönəcək. İndi deyir “mən olmasam…
“Çox demişlər sənə, cövr eyləmə biçarələrə”.
Başa düşdünüz? Bu xanım çoxlu kişiyə “cövr eləyir”, xanıma tövsiyə edirlər ki (kim təvsiyə edir?), cövr eləməsin…
“Danabaş”da Kərbəlayı Cəfərin xırda oğlu uşaq soruşmaq istəyirsən: “Pəs neyləsin? “Biçarələrin” hamısı ilə dilxoşluq eləsin? Pəs xalq deməzmi ki, bu xanım pozğundur?”
Sonda xanm da, gül də, bülbül də, biçarələr də yaddan çıxır. Əliağa Vahid yüksək təvazökarlıq hissi ilə özündən danışır:
“Ölməmişkən, gözəlim, Vahidə qiymət verir el…”
Qiymət verirdi ya göy beşlik? Qırmızı onluq? “El” istedadlı şairi öz səviyyəsinə endirib ona belə cəfəng qəzəllər yazdırırdı…
“O da getsə, vətənə, xəlqə qəzəlxan kim olar?”
A kişi, niyə ürəyini sıxırdın? Səndən sonra qəzəlxan nə qədər desən…
At ilxısı…
Və sair…
03.07. 2024, Samara