VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ: «DİNDİR MƏNİ HƏRDƏN, GÖZƏLİM, FÜRSƏT OLANDA…»

Vahidin qəzəllərinə baxdıqca görürsən ki, şübhəsiz poetik istedadı olan insan müxtəlif səbəblərdən şəxsiyyət və sənətkar kimi ifrat deqradasiyaya uğrayıb və yüksək Füzuli qəzəlini lotu-potunun məzə tələbatına çevrib. Və Vahid qəzəllərindəki bayağılıq ən yaxşı ifalarda səslənən muğamları belə hörmətdən, dəyərdən salır.

“Dindir məni hərdən, gözəlim, fürsət olanda”.

Hərdən… fürsət olanda…Bunu kim kimə və harda deyir? Bəlkə deyəndə o yan- bu yana baxıb bir çimdik də götürür?
“Vəslin bizə bir an, nə olar, qismət olanda?”

Vəsl, bunu demişdim, adi görüş deyil, üstüörtülü desək, qovuşmaqdır. İndi bu aşiq nə deyir? Yəni sən hamıya…  nə olar, bizə də…

Toyda tuluğunu doldurmuş kişi bunu eşidəndə kimi gözünün qabağına gətirir? Doldurmadodaq müğənniləri və aparıcıları? Kim Kardaşyanı?

“Bax, gör, məni zülfün nə pərişanliğa saldı”…

Vahidin zülfsüz qəzəli var? Bu zülf adamı o qədər bezdirir ki, qəzəlin heç olmasa birində ya ikisində keçəl görmək istəyirsən…

“Yüzlərlə cəfa etsən, unutmaz səni könlüm”.

“Yüzlərlə cəfa…” Bu nə qədərdir? Canan yüzlərlə cəfanı necə edir? Dalını qamçılayır?

“Biganə əgər olmasa, tez vəslə yetərdik”.

“Biganə” kimdir? Qızın qardaşı? Cangüdəni? Əmioğlusu? “Tez vəslə yetmək” necə olur? Cananı bir saatlıq otelə aparacaqdı?

“Zülfün ki, tutub ruyini, çox qorxuram ondan”.

İki misra əvvəl zülf şairi pərişan eləmişdi, indi qorxudur.

Şair niyə qorxur?
“Aləm toxunar bir-birinə zülmət olanda”.

Guya zülf üzü bürüyəndə qaranlıq olacaq. Ancaq bu misra göstərir ki, basməmmədi yazmaq Vahidin, özü demişkən, şakəri olub.

Aləm – təkdir. Tək olan şey “bir-birinə” necə toxuna bilər?

Xalq necə deyir? “Aləm qarışar”. Qarışar! Xalq dilinin morfologiyası, sintaksisi qaydasındadır. Vahidə xalqın şairi deyən xalqını tanımır.

Vahidlə Səməd Vurğun arasında oxşarlıq çoxdur, hər ikisi basməmmədi yazır, biri partiyanın göstərişi ilə, biri də toyxananın. İkisi də kommunizmə inanır.

“Vahid, hələ qarşında böyük bir gələcək var
Dünya bizə ləzzət verəcək cənnət olanda!”

Ləzzət verəcək…

Haçan?
Rəhmətlik qonşumuz Tükəzban xala belə abırsız sözləri eşidəndə deyərdi: “Əndamun yansın…”

08. 07. 2024, Samara