
“Mən aləmə minnət çəkirəm yar həvəsində”
Şair yar, yəni öz dilimizdə desək, arvad həvəsinə düşüb. Bu, aydındır. Fellinin “Amarkord” filmində dəlixana pasiyenti ağacın başına dırmaşıb haray çəkir: “Mən arvad istəyirəm!” Ancaq “aləmə minnət çəkirəm” necə başa düşülməlidir?
“Yarımsa gəzir şövqlə əğyar həvəsində.”
Yenə Vahidin yarı gəzəyəndir! Özü də elə-belə gəzmir, “şövqlə” gəzir!
İkinci beytdə Vahid toyxana əhlinə sual verir:
“Bilməm, bu necə sirrdir, necə hikmətdir, əzəldən
Bülbül gülə mail, gül olar xar həvəsində?”
Toyxanadakılar, və ya indiki vaxtda şadlıq evinə yığılıb tuluqlarını dolduranlar bu suala cavab axtarsalar, gərək yeyib-içməyələr, ayfonlarını qabaqlarına qoyub ekranı barmaqlayalar. QOOGLE Vahidin sualına çətin ki, cavab verə, çünki sualın cavabı yoxdur, çünki bülbül gülə vurulmayıb, gül tikan həvəsində deyil, bu metaforları, bənzətmələri şərq şairləri Vahiddən yüz illərlə qabaq milyon dəfə işlədib çürüyünü çıxarıblar.
Beytdə başa düşülən budur ki, Vahid özünü bülbülə, əğyarı, yəni onun yarını zad eləyən oğlanı tikana bənzədir.
Gülməli deyil?
“Mey oxşamasa ləblərinə qırmızılıqda,
Bir kimsə tapılmaz meyi-gülnar həvəsində”.
Başa düşdünüz? Əgər çaxır, yəqin ki, qırmızı çaxır, Vahidin yarının ləblərinə, yəni dodaqlarına bənzəməsəydi, bir nəfər də “meyi-gülnar”, yəni qırmızı çaxır içməzdi. Yəqin ki, hamı elə araq ya ağ çaxır içərdi. Bunu Əliağa Vahid deyir, mən demirəm.
“Hər gün üzünü görməyə həsrət çəkir aləm”.
Aləmin işi-gücü, dərdi, qayğısı yoxdurmu ki, Vahidin yarının üzünü görməyə həsrət çəksin? Əvvəldə demişdi ki, yar əğyar ilə gəzir. Yəni aləm bunu görməliydi. Belə deyil?
Aha! Yenə zülf! Vahid Zülfsevər!
“Bilməm, nə görüb zülfdə Məcnun kimi könlüm?”
Məcnun zülfə vurulmuşdu? Yalançının…
Füzuli Leylidən nə deyirdi?
Rahü-rəvişi müdam ğəmzə,
Başdan ayağa tamam ğəmzə…
Sonra qəzəldə olduqca maraqlı, Aynur Camalqızı demişkən, sensasion bir açıqlamaya rast gəlirik.
“Aşiq sevir ol şuxi, təəccüblü budur ki,
Yüzlərlə gözəllər də onun var həvəsində.”
Əliağa Vahid özü mat-məəttəl qalıb.Vahidin cananını yalınız kişilər sevmirlər, yüzlərlə gözəl də, yəni yüzlərlə xanım da o canana vurulub…
Qadının qadına aşiq olmağına nə deyirlər? Mən bu sualın cavabını versəm, dava düşər…
Qəzəlin sonuna yaxın cəfəngiyat daha da cəfəng olur, bunu ruslar yaxşı deyirlər: “marazm krepçayet…”
“Vahid! Yenə qiymət çoxalıb Yusifı-şerə…”
Yəqin Vahidin qəzəlləri oxunmamışdan qabaq şadlıq evində gərək dərin bilikli akademik çıxış edib milləti başa sala. Məsələn, akademik, Nobel əsilli və Nobel namizədi Kamal Abdulla. Füzuliyə “qara deşik” deyən müdrik insan. Ondan yaxşı namizəd görmürəm…
09. 07. 2024, Samara