VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ: «GET HƏR KİMİNLƏ GƏZİRSƏN GƏZ, İNCİYƏN DEYİLƏM…»

Əliağa Vahid

“Dəyişmişəm, gözəlim, indi sən deyən deyiləm!”

Aha! Nə isə baş verib, Vahid dəyişib, ancaq etikanı unutmur, keçmiş canana yenə hörmətlə “gözəlim” deyə müraciət edir.

“Get, hər kiminlə gəzirsən gəz, inciyən deyiləm.”

Aha! Qız gəzəyən imiş! Yaxşı ki, kişi çıxmayıb!

“Mənimlə qaş-göz atırsan, gəzirsən özgəylə,”

Vahid olmasın, olaq sən, mən, kim buna dözər? Sənə qaş-göz atır, bəlkə dil də çıxarır, ancaq zadı özgəsiylə eləyir.

“Bu rəngi gəlmə mənə, şivə-zad yeyən deyiləm.”

Gözəl! Radikal və birmənalı. “Şivə-zad yeyən deyiləm!” Əsl qədəş sözü!

Şair bu radikal qərarı çıxarmamışdan cananın, salyanlılar demişkən, bəkqraundunu öyrənib, bilib ki, xalası kim olub, bibisi kim olub.

“Çəkibdir ətrini biganə qönçəlikdə sənin”

Lənət şeytana! Demə qönçəliyindən əğyar ətrini də çəkibmiş!

Bu misra lap fıştırıqdır, yəni qızıl misradır, şah misradır:

“Sən indi gül tək açılsan da, iyləyən deyiləm”.

Təsəvvür edirsiniz? Canan özünü şairə iylətdirmək istəyir, Vahid iri burnunu iki əli ilə sıxıb deyir: “İyləyən deyiləm!”

“Məni şirin dil ilə bəs deyilmi aldatdın?

Zəmanə görmüşəm, axır, iməkləyən deyiləm.”

 Burda biq xırda qüsur var. Laaap xırda. “İməkləyən” sözündən sonra “körpə” olmalıdır. Onda Vahidin fikri düzgün ifadə edilərdi. İndi isə ayrı cür başa düşülür. Yəni madam şairi yıxıb yerə, əlində şallaq, deiyr “İməklə!”. Şair də deyir “iməkləyən deyiləm”…

Akademik dilçilərimizin ruhuna and olsun ki, belə çıxır…

“Əgər öləndə həyatım sənin əlində ola”.

Burda qüsur, yəni dil qüsuru, daha böyükdür. “Öləndə” sözü artıqdır…

“Özüm də Vahidəm, aləm bilir dəyanətimi.”

Burda “özüm də” artıqdır, misra “Vahidəm”lə başlanmalıydı, ancaq qəzəlxan heca sayı üçün cəfəng “özüm də”ni əlavə edir.

“Sənin kimi gedib əğyarə baş əyən deyiləm.”

Son misra şeirin əvvəli ilə düz gəlmir. Əvvəldə canan  kefcil, gündə biriylə ya bir neçəsiylə gəzən bir xanım kimi təqdim olunurdu. İndi oxuyuruq ki, “əğyara baş əyir”. Niyə baş əyir? Başını hara qədər əyir?

Suallar, suallar…

Mirzə Əlil

11. 07. 2024, Samara