Архив | 22.07.2024

ROBERT BERNS. ÜMİDSİZLİK

Robert Burns

1.

Ürəyimi üzən qəm və qayğıdır,

Çəkə bildiyimdən yüküm ağırdır.

Hərdən düşüəürəm mən çəkərək ah:

Həyat, yük imişsən sən üzən, yoran,

Yolunu getmək də deyilmiş asan,

Mənə, mənim kimi uğursuzlara!

Boylanıb arxaya baxıram əgər,

Canlanır səhnələr qəlb bulandıran,

Məni irəlidə gözləyir nələr! –

Bu məni qorxudur, düzü, indidən.

Yenə ümidsizlik, qayğılar yenə,
Acı taleyimi belə görürəm.

Mənim bu dərdlərim bəlkə tükənə,

Haçan ki, torpağa mən gömülərəm.

2.

Xoşbəxtdir,  kimin var məşğuliyyəti,

Fəna vurnuxmalar olub adəti,

Özgə fikirlərə düşmür heç zaman!

Alınmayanda da arzuladığı,

Səydən, çalışmaqdan fəqət razıdır,
Öz mükafatını qazanır insan.

Mənsə ümidini itirmiş kəsəm,

Bilmirəm məqsədim həyatda nədir,

Mənə qəm gətirir gələn hər gecəm,

Səhər elə gəlir, gün elə gedir.

Canfəşanlıq edib vurnuxaraq sən,
Unuda bilirsən nə ki qəmin var.

Məni narahatlıq gəmirir içdən,

Mənə puç görünür bütün planlar.

3.

Dünyada bəxtəvər tək yaşayandır,

Unudur hər şeyi yaşanan anda,

Tənha hücrəsinə çəkilib yaşar –

Mağara, hörülmüş ağac kökləri,

Əl uzadıb təzə meyvələr dərir,
Büllur quyusunda saf, sərin su var.

Bəlkə də fikrinə axşama sarı,

Gələr hərdən-hərdən, gözlənilmədən,

Uzağa aparan bəşər yolları

Gələr yuxu kimi, gedər də birdən;

Oyanar alqışla, şükrlə ruhu,
Fikri qanadlanıb uçar göylərə

Dolaşar məqədsiz, gözündə yuxu,

Dalar təntənəli səmanı seyrə.

4.

Heç zaman bir insan izi düşməyən,
Yeri məskən seçən zahid kimi mən,

Bu rol ifasına qabiləm əcəb;

Hər bəxtəvər andan yararlanasan,

Nəfəs dərib yenə yola varasan,

Göstərib ləyaqət hissi və ədəb.

Bu sevgi, bu sevinc, nəşələr ki, var,

Duyuram, dadıram dərin və kəskin.

Onlardan Tənhalıq vurğunu qaçar,

İstəsə — bəxtəvər olardı yəqin!

Eyni dərəcədə o, biganədir,
Bəşəri sevgiyə, həm də nifrətə,
Mən isə göz yaşı tökürəm indi,
Nankorun etdiyi bir xəyanətə.

5.

Hardadır keçən o günlər hardadır,

Hər rəqsin nə qədər nəşəsi vardı.

Nə qayğı bilirdik biz, günah nə də.

Hər şey xarablaşdı ötüncə zaman,

Neylədin – çəkəcək sorğuya vicdan,
Qəlbini ağrıdı özgə edən də.

Kolluqda oynaşan kətanquşu tək,

Qayğısız əylənən xırdaca elflər,

Yetkinlik eşqinə düşənlər gərək,
Yaxşıca bilələr öndə var nələr.

Öndə itkilər var, faciə də var,
Ömrün ağır olur yaşantıları.

Qəlbi qorxu dolar, göz yaşı axar,

Getdukcə bu Əsr qüruba sarı.

1786

İingiliscədən tərcümə

 ++++++++++++

 ROBERT BURNS

DESPONDENCY

1.
Oppress’d with grief, oppress’d with care,
A burden more then I can bear,
I set me down and sigh;
O life! thou art a galling load,
Along a rough, a weary road,
To wretches such as I!
Dim-backward, as I cast my view,
What sick’ning scenes appear!
What sorrows yet may pierce me thro’,
Too justly I may fear!
Still caring, despairing,
Must be my bitter doom;
My woes here shall close ne’er
But with the closing tomb!
Читать далее

VAHİDİN GÜLMƏLİ ŞEİRLƏRİ. «YAŞASIN QIRMIZI ŞÖHRƏTLİ SOVET QANUNUMUZ…»

Musiqi Əliağa Vahidin şeirlərinin mövzu və motivlərindən biridir. Vahidin “cananla işrəti” meysiz və musiqisiz keçmir. Vaxtilə, səhv etmirəmsə, Hacıbaba Hüseynovun hansı muğam üstündəsə oxuduğu bir qəzəl çox maraqlı və gülməlidir.

“Musiqi nəşəsi min sevgili cananə dəyər”.

Nə az, nə çox – min (!) sevgili canan. Yəni iri bir qoyun sürüsü.

Beytin ikinci misrasını başa düşmək olmur.

Əsəri-naleyi-ney arif üçün canə dəyər/

“Dəyər” burda elə qiymət mənasındadır, “toxunar” mənasında deyil. Yəni tütəyin naləsi arif üçün (bəlkə Vahiud xalq artisti professor Arif Babayevi nəzərdə tutub?) cana (canə) bərabərdir?

Sonrakı beyt lap başağrısıdır, istəyirsən vur özünü öldür:

“Musiqi əhlinə insaf ilə qiymət qoymaq

Ləhni-Davud ilə min təxti-Süleymanə dəyər.”

İkinci misranı indyəcən başa düşən olub?

Sonrasına baxaq:

“Bixəbərlər nə bilir, ləhceyi-xanəndə nədir”

Azərbaycancaya çevirək: “ Xəbəri olmayanlar musiqi ləhcəsinin nə olduğunu bilmirlər”.

Əlbətttə, xəbərləri yoxdursa, hardan bilərlər?

Vahid öz dediyi cəfəngiyata görün nə qiymət verir:

“Əhli-hal olsa bu söz qədrdə milyanə dəyər.”

Milyon hətta sovet manatıyla da fantastik məbləğdir. Heç Məhəmməd Füzuli də dediyi sözə bu qiyməti verməyib!

Ustad! Sənin “yadigarın” nə oyun çıxarır!

“Pərdeyi-qəm dağıdır tarə dəyəndə mizrab”

Tar qəm dağıdır? Tar çalındnda millət yasa batmırmı?

Mizrabın tara dəyməyini (əslində mizrab tara yox, tarın siminə dəyir) Əliağa darağın saça dəyməyi ilə müqayisə edir:

“Türreyi-dilbərə hərdən necə ki şanə dəyər”

Vahid qadın saçından və saça dəyən şanədən, yəni daraqdan o qədər yazıb ki, onun gənclikdə qadın dəlləyi olduğunu güman edirəm…

Sonrakı beytlərdə Əliağa Vahid kommunist partiyasının tapşırığını yerinə yetirərək keçmişi pisləyir. Elə pisləyir ki, göz kəlləyə çıxır.

“Bizə bu elm haram olmuş idi keçmişdə,

Yəni şeytan işidir, rəxnəsi iymanə dəyər.”

Haçan musiqi bizə qadağan olunmuşdu? Hansı şahın ya hansı xanın vaxtında? Əgər musiqi haram sayılsaydı və qadağan olunsaydı, muğamlarımız, şikəstələrimiz, mahnılarımız necə yaranardı? Bəlkə onları bolşeviklər yaradıblar?

“Yaşasın qırmızı şöhrətli Sovet qanunu,

Bu səxavət neçə min Hatəmi-dövranə dəyər.

Qıldı hər yerdə bina musiqi məktəblərini,

Nəğmənin faidəsi indi hər insanə dəyər.”

Doğrudan da şura hökuməti çoxlu musiqi məktəbi açıb. Ancaq bir iş var. Üzeyir Hacıbəyov bolşeviklərdən on beş il qabaq opera yazıb. Ona musiqini kim öyrətəmişdi? Bəs Müslim Maqomayevə? “Leyli və Məcnun” operasına Əbdürrəhim bəy Haqverdiyev dirijorluq edib. O, musiqini çar hökumətinin açdığı Qori seminariyasında öyrənməmişdimi?

O ki qaldı faktların saxtalaşdırılmağına, hökumətin buyruğu ilə ağın qara kimi qələmə verilməyinə, bunu Vahid və onun kimilər, əlbəttə, bolşeviklərdən öyrənmişdilər… Bu gün onların saysız-hesabsız «yadigarı»  bu bu işi uğurla davam etdirir…

Bir mahnı vardı, Eynulla Cəbrayılov oxuyardı:

Muzd alaraq yalan-palan,
Yazmağı kimdən öyrəndin,
Ay öyrəndin, can öyrəndin…

Mirzə ƏLİL

22. 07. 2024, Samara