MƏMMƏD ARAZIN GÜLMƏLİ ŞEİRLƏRİ. NAR KOLUNA BƏNZƏYƏN AZƏRİ QIZI…

Məmməd Araz şeirlərinin çoxunun altında yazılma tarixləri və yerləri göstərilib. Məlum olur ki, mərhum şair ilin yarısını Azərbaycanın və SSRİ-nin ən yaxşı kurortlarında və sanatoriyalarında keçirirmiş. Dönə-dönə Pitsundada, Brejnevin iqaməthgahının yerləşdiyi məşhur Abxaziya kurortunda dincəlib və yəqin ki, Heydət Əliyevin “əziz Leonid İliç” dediyi, hər görüşəndə, Dədə Qorqud demişkən, üç öpüb bir dişlədiyi Baş katiblə qonşuluqda yaşayıb. Məmməd Araz parisləri də çox gəzib, indi gəzməsin… Üstəlik bir şeirində deyir ki, ona bir yaxşı mükafat vermətyiblər. Rəhmətliyin oğlu, daha nə verəcəkdilər?

“Azəri qızı” şeiri 1968-ci ildə Yalta ilə Bakı arasında yazılıb. Məndə Məmməd Arazın Yaltada rus ya xoxol qızları ilə eşqbazlıq eləyib kurort romanı yaşadığına əsaslı şübhələr var. O bəlkə bu kurort macərasının doğurduğu günah hissindən təmizlənmək üçün “azəri qızı”na şeir yazır. Və şeiri başlayan kimi kələfin ucunu itirir.

“Mənim qara şanım, mənim ağ duzum”.

Qara şanı – başa düşdük. Bəs niyə ağ duz? Duzun qarası olur? Bozunu görmüşəm, qarasını yox.

Sonra:

 “Mənim nar ağacım — azəri qızı.”

Yadınızdadırsa, Xan Şuşinski bir erotik mahnı oxuyurdu:

“Qoynunda var bir cüt bar,

Biri heyva, biri nar…”

Bizim erotikamız da cəfəng erotikadır: eyni olmalı iki şey (türkün məsəli) niyə müxtəlif meyvələrə oxşadılır? Qızın patalogiyası var?

Bu, ayrı məsələdir. Məmməd Araz bütöv qızı bütöv nar ağacına bənzədir. Məmməd Araz kəndlidir, narı gözüylə görüb, bilir ki, nar ağacdan çox koldur. Və qız kola bənzyirsə, deməli, yumşaq desək, eybəcərdir.

Belə deyil?

 “Qaldı uzaqlarda Naxçıvan, Bakı; 

Sən indi uyuyur, indi yatırsan.”

Yatmaq elə uyunaq deyil? Niyə iki dəfə?

“Sən mənə o qədim nağıllardakı”
“O qədim” – hansı qədim? O – artıqdır, misranı dildurmaq üçün soxuşdurulub.

 “Uzaq işıqları xatırladırsan.”

“Uzaq işıqlar” hansı nağıllardadır?

“Sanıram səyyaham, yorğunam, acam”

Əlbəttə, səyyahsan, ilin yarısını gəzirsən. Ac niyə olursan? Yaltada xirtdəyəcən yedirirdilər… 

“Sən necə yaxınsan, necə uzaqsan.”

Dağıstanlı demişkən, opredelis: yaxındır ya uzaq?

“Nə qədər dərədə, düzdə yol azsam”

Səməd Vurğun kimi girdi dərəyə. Dağdan düşməmiş dərəyə girirlər…

“Bilirəm, itməyə qoymayacaqsan…”

Yol azmaq – itməkdir?

“Məcnun səhralara düşər yollarım,”

“Məcnun” burda sifət yerindədir. Ancaq “Məcnun səhra”nın nə olduğunu bilən var?

“Dönər ilğımlara Leyli bulaqlar.”

Leyli də sifətdir. Ancaq “Leyli bulaq” nə olan şeydir?

Birdən anası yadına düşür. Deyirlır ki, kurortda ana hər adamın yadına düşmür. Bilmirəm, olmamışam.

“Dünya durulaşır ana səsindən, 

Eh, neçə illərdir onsuzam, gülüm.”

Belə çıxır ki, dünya adətən qatı olur…

Sonrakı beytə baxın, diqqətli olsanız, şairin Azəbaycan ədəbi dilini yaxşı bildiyinə şübhəniz olacaq.

“Planet gözlərin cazibəsində

 Yaşayan bir parça ulduzam, gülüm.”

Bir parça ulduz olar? Bunu Məmməd Araz Molla Nəsrəddin lətifəsindən öyrənib? Molla deyirdi ki, təzə ay çıxanda, köhnəni doğrayıb ulduz qayırırlar. Əgər ayı doğrayırlarsa, onda parça ulduz olar…

 “Qaya duruşumu küsü fırtınan 

Bəzən çilikləyib quma döndərər.”

Məmməd Arazın duruşu qaya duruşudur! Necə təvazölü insan olub! Azəri qızının küsüsü fırtınadır və bu fırtına qayanı, yəni Məmməd Arazın duruşunu “muma döndərər”.

Sona nə gələcək? Əlbəttə, “muma döndərər”!

 “Vəfan sərtliyimi salar atından, 

Eşqin qəzəbimi muma döndərər.”

Sonuncu bəndin izahına psixiatrların, linqvistlərin, tarixçilərin birgə konsiliumu lazımdır.

“Gör Azəri qızı düşündüm nəyi”

Aha! Nəyi düşünüb?

 “Sən kişi ömrünün dəyirman pəri”

  Yadınızdadırsa, bu azəri qızı şeirin əvvəlində qara şanı, ağ duz və nar kolu idi.

Son beytdə Məmməd Araz Azərbaycan dilinin qrammatikasını yaradanların anasını söyüb.

“Koroğlu Misrinin Nigar dəstəyi”

Azəri qızı indi dəstək oldu. Nəyin dəstəyi? Misrinin? Bəlkə misri qılıncın?

 “Nəbi Aynalının Həcər səngəri…”

Məmməd Araz demək istəyib “Nəbinin aynalı tüvəngi”. Misraya sığışdıra bilməyib, basməmmədi eləyib. Burda “Aynalı” Nəbinin soyadı kimi səslənir…

Azərbaycan dilinin qrammatikasını yaradanlar son misranı oxusaydılar, dünyaya gəldiklərinə peşman olardılar…

Mirzə ƏLİL

26. 07. 2024, Samara