
«Hər çiçəyin öz ətri,
hər gülün öz rəngi var»
Çiçəklə gülün fərqini bilən var?
“Hər insan öz ömrünə
dost seçir, həmdəm seçir.
Dostla həmdəmin fərqi nədir? “Hər insan” ömrünə əvvəl hansını seçir? Dostu ya həmdəmi?
“Mənimsə ürəyimdən
qəmli bir nisgil keçir”
“Qəmli nisgil”? Şən nisgil də olur?
“Göydə bulud dolaşır”
Aha! Bulud dolaşır! Bu, elə-belə deyil! Bulud göydə niyə dolaşsın?
“axşam düşür, yel əsir”
Mən deyəndir. Elə-belə deyilmiş. Axşam düşəcəkmiş…
“Yollarına baxıram,
nə gələn var, nə gedən.
Qəlbimdəki intizar
nədir, düşünürəm mən.”
Şair hansı yolda durub? Doğma kəndi Kürqaraqaşlıda durubsa, onun yollarında həmişə gələn-gedən olur. Əgər Bakıdadırsa… Özünüz Bakının yollarını görmüsünüz…
“Qəlbimdəki intizar nədir” sualı yersiz deyilmi? Özü demədimi ki, cananı gəlib çıxmır?
“Təklik üz verir mənə,
çıxıram otağımdan”
Aha! Yollara otağında baxırmış!
“Sevgililər küçədə
deyib-gülür mehriban…»
Bəs bayaqdan gəlib-gedən yox idi?
“Duyğular dalğa kimi
çırpınır bu sinəmdə”
Necə yəni “bu” sinəmdə? İnsanın ayrı sinəsi də olur?
“Yadıma sən düşürsən.”
Bəs bayaqdan yadında deyildi? Yola baxmırdın?
Şeir elə belə də bitir… Şeir deyəndə ki, nə şeir…
İkinci dünya müharibəsi zamanı SSRİ-də çörək talonlaırı olub. Əsasən şəhərlərdə. Ailənin hər üzvünə neçə qramsa çörəyin kağızı verilirmiş…
Bu mətnlər şeir deyil, çörək talonudur…
Mirzə Əlil
29. 07. 2024, Samara