ƏBU LƏHƏBİN APOLOGİYASI. 1. ETİQADANA SADİQ QALAN İNSAN MƏGƏR HÖRMƏTƏ LAYİQ DEYİL?

əbu ləhəb

Boynuma alım ki, İslama qədər azrbaycanlılarda hansı dinin olduğunu dəqiq bilmirəm. Əgər İran xalqlarından biriymişiksə, deməli zərdüşti olmuşuq. Yox, əgər bizim türk olduğumuzu və Cənubi Qafqazda min illərdən bəri yaşadığımızı iddia edən türkçülərə, turançılara və qalan hər cür demaqoqlara və hətta şarlatanlara inansaq, bizim dinimiz şamanizm olmalıydı və uzun saç-saqqal uzadaraq, boynumuzdan dənələri yekə pomidor və badımcan boyda olan muncuqlar asaraq və məcməyi boyda qavalları döyəcləyərək tanrıları ya əcdadların ruhunu çağırmaıyqlq. Elə deyil?

İnsanın günü qaradır, insan dünyaya niyə gəldiyini bilmir, bir gün öləcəyini, yəni ölümə məhkumluğunu bilə-bilə özünü oda-közə vurur, ancaq firavanlıqdan harınlaşan da, doyunca çörək yeyə bilməyən də günlərin bir günü qəssab əliylə sürüdən çəkilən heyvan kimi (bu, Şopenhauerin ifadəsidir –X.X.)  taleyi  onunkuyla eyni olan minlərin arasından çəkilib müvəqqəti və mənasını anlamadığı həyatından mərhum edilir…

İnsanın zülmü bağırdıla-bağırdıla başı kəsilən heyvanın zülmündən artıqdır, heyvan, çox güman ki, ölüm barədə düşünmür, öləcəyini bilmir, işgəncəni həyatının son dəqiqələrində görür, qalan vaxtlarda yeyir, yatır, cütləşir, bala dünyaya gətirir. İnsanı isə bütün həyatı boyu ölüm fikri təqib edir, kef çəkən insan öləcəyini düşünəndə məyus olur, günü əzab-əziyyətlə keçən insan isə öləri olduğunu düşünəndə həyatın da, çəkdiyi əziyyətlərin də mənasızlığından, fənalığından dəhşətə gəlir…

Tanrı – insanın öz doğuluşunda, həyatında, qaçılmaz ölümündə məna axtarışlarından yaranır. Bu, elmi izah deyil. Bu, fərziyyədir.

Məna axtarışına tam leqal şəkildə mənəvi axtarış da demək olar. Mənəvi axtarışlardan yaranan Tanrı ideyası müəyyən tarxi sitüasiyalarda ideologiyaya çevrilirək rəsmi institutlar yaradır, dövlət ideologiyası ilə müttəfiqlik statusunda fəaliyyət göstərir ya da dövlət ideologiyasını tamamilə əvəz edir.

Qayıdaq biz azərbaycanlıların islamdan əvəlki dini etiqadlarına. Biz atışpərəst də ola bilərdik, şamançı da olub məcməyi boyda qavalları döyəclərdik və ya ayrı bir din. Və günlərin bir günü əliqılınclı ərəb gəlib deyir ki, sənin dünün düz deyil, mən sənə düz din gətirmişəm. Bizim ulu babalarımız və ulu nənələrimiz neynəməliydilər? Məgər onlar müqavimət göstərməli deyildilər? Əsrlər və bəlkə min illər əvvəl yaranan, mənasız həyatı mənalı edən, çəkilən iztirablar səbr, dözüm yaradan, yaxşıya, rahatlığa, işığa ümid yaradan inancdan əliqılınclı görən kimi əl çəkən, qabağında diz çöküb ona deyiləni tutuquşu kimi təkrar edən insan hörmət doğura bilərmi?

Bizim babalarımız müqavimət göstəriblərmi? Biz müsəlman olmaqla nə qazanmışq? Həyatımızn iztirabları yüngülləşib? Müsəlmanlığı qəbul etməmiş qonşulardan çoxmu irəli getmişik? Hanı İranın İslama qədərki cəlalı?

Bu, ayrı məsələdir. Mən dədə-babasının, hətta ulu babalarının dini etiqadlarına sadiq qalmış, ona günlərin bir günündə zorla sırıdılan təlimdən imtina etmiş insana münasibətdən danışmaq istəyirəm.

Götürək, məsələn, Əbu Ləhəbi.

Əbu Ləhəbə biz niyə Ərəbistan yarımadasında 7-ci əsrdə meydana çıxan yeni dinin ardıcılları baxan kimi baxmalıyıq? Məhəmməd özünü yeni və sonuncu peyğəmbər elan edir və əvvəlcə yumşaq, əsasən verbal, sonra isə silahlı ekspansiya başlayır. Məhəmmədin atabir ögey əmisi Əbu Ləhəb öz dini etiqadına sadiq qalır və qardaşı oğlu ilə bacardığı qədər mübarizə aparır.

Məgər bu, hörmət doğurmamalıdır?

Əbu Ləhəbin ana nəslinin nümayəndələri İslama qədər dörd yüz ildən artıq Kəbənin qoruyucuları olublar.

Əbu Ləhəbin əsl adı Əbd al Üzzə olub, yəni ilahə əl Üzzənin qulu. Ancaq atası onu gözəlliyinə  və qırmızı yanaqlarının məlahətinə görə  Əbu Ləhəb – yəni Alov Atası adlandırır. (Mühəmməd ibn Saad).

Azərbaycan Vikipediyası bu adda “cəhənnəmlik” mənası görür. Vay məlumatı təkcə Azərbaycan Vikisindən alanların halına…

İslam mənbələrinin özündə Əbu Ləhəb Ədən əbası geyən uzun sıx saçlı gözəl kişi, səxavətli insan kimi təsvir edilir.

Əbu Ləhəbin arvadı Ümm Cəmil bint Hərb, Əbu Süfyanın bacısı idi. Bu arvaddan beş uşaqğı olub.

Məhəmməd Səfa dağına qalxıb ərəblərə onun peyğəmbərliyini qəbul etməyəcəkləri halda onları ağır cəza gözlədiyini elan edəndə guya Əbu Ləhəb ona deyir: “Görüm gününün qalanı qara olsun! Bizi elə buna görə yığmışdın?”

Əbu Ləhəbin qardaşı oğluna daş atdığını iddia edən rəvayətlər də var…

(ardı var)

X.X.

07. 11. 2024, Samara