HƏQİQƏTDƏN XATİRƏ

İYUL 2023

Hərdən-hərdən yuxuda görürəm ki, Azərbaycandayam, Salyanda məni dostum Cəfər söhbətə tutub, günün gedən vaxtı taksi ilə gəlib qalmışam Kürün qırağında – İdris kolazı çoxdan qıfıllayyıb gedib evinə. Kolaz bağlanan qayalıqdakı suvuran maşının damdaşının yanında durub gah mənə, gah qarşı sahilə baxan kişini tanıyıram. Toranda üzünü yaxşı görməsəm də, mənə məzəmmətlə baxdığına şübhəm yoxdur. Hamının Hağiyət dediyi Həqiqət kişinin Salyandan kəndə taksi ilə gələnlərdən zəhləsi gedir, belə adamları qudurğan sayır. Salyandan vaxtsız qayıdıb Kürün qırağında əsir-yesir olanlar da Həqiqət kişinin gözünün düşmənidir, çünki ağlı başında olan adam vaxtında gələr ki, sonra gedib kolazçı İdrisin qapısında durub ağlaşma qurmasın… Bu dayanış çox çəksəydi, mən yəqin yuxuda xəcalətdən ölərdim. Ancaq birdən Həqiqət kişinin səsini eşidirdim: “Məllim, darıxma, Yolçu yarım saata gələcək tora baxmağa, səni də atar o taya…”

Kolazçı Abbasın oğlu kolazçı İdrisi uşaqlıqdan Yolçu çağırırlar…

Fövqəladə boyu, iriliyi, gücü, səsi ilə məşhir olan Heydəralı kişinin oğlu Həqiqət bizim kəndçimizdi, yəni Salyan rayonunun Şirvan Əərəbqardaşbəyli kəndindən idi. Cavanlıqdan Kürün sağ sahilinə, o vaxtlar Komsomol adlanan Ərəbqardaşbəyliyə köçmüşdü. Uzun müddət Bala Surra kəndindəki su maşınının mexaniki olmuşdu. Sonralar, bəlkə yetmişinci illlərdə Komsomolda (Ərəbqardaşbəylidə) təzə su maşını qurulanda Həqiqəti təcrübəli işçisi kimi Bala Surradan götürüb təzə maşına mexanik qoymuşdular. Təzə maşın isə iki Ərəbqardaşbəylinin arasında keçələt olan yerdə, qayann üstündə qurulmuşdu. Mexanik təzə olduğu kimi, qurğunun üstündəki tikili də, içindəki avadanlıq da təzə idi. Köhnə olan əvvəlki maşından irs qalan fəhlələr idilər ki, onların hər biri haqqında ayrıca danışmağa dəyər. Yay-qış, su maşını işləməyən vaxtlarda da maşında növbə çəkən, əsas işləri hansı hissələri isə yağlamaq olan bu kişilərin hər biri son dərəcə koloritli idi. “Kişilər” demək düz çıxmır, çünki, məsələn, Həqiqət kişi arvadını da fəhlə yazdırmışdı, yerinə özü növbə çəkirdi…

Təzə su maşını qurulandan bizim kəndimizin, xüsusən hər gün ya tez-tez Salyana gedib-gəlməli olan adamların həyatı radikal şəkildə dəyişdi. Kolaz qarşı sahilə yaxınlaşdıqca kolazdakı adamlar ağappaq əhənglənmiş tikilinin yanında düppədüz durub onlara baxan, irilikdə atası Heydəralı kişidən az geri qalan Həqiqəti görürdülər. Və hər biri təxminən bilirdi ki, indi Həqiqət kişi onların haqqında nə fikirləşir. Və hamıya məlum idi ki, Həqiqət kişi öz keçmiş kəndçiləri haqqında yaxşı fikirdə deyil. Həqəqət kişi gəlib-gedənləri qayada qazılmş pilləkənləri düşəndə ya qalxanda, kolaza minəndə ya kolazdan çıxanda zəhmli baxışları ilə süzürdü və onun gözlərinə baxan hər kəs bilərdi ki, ya işə, ya alverə, toya ya da yasa gedən bu adamların qiyməti bu gözlərdə çox aşağıdır. Mən Həqiqət kişinin gözlərinə baxmışdım və öz qiymətimi də çox aşağı görmüşdüm, hərçənd o mənə “məllim” deyirdi və lələmdən hörmətlə danışırdı… Mənə elə gəlir ki, Həqiqət kişi təkcə kolazla o taydan bu taya, bu taydan otaya keçənlərə yox, hərəkətdə olan bütün insanlara baxır, onların niyə yaşadığını başa düşə bilmirdi. Hətta ağlıma gəlir ki, Həqiqət kişiyə hökumət tərəfindən bir az dəstək olsaydı, yəni səlahiyyət veriılsəydi, kolaz hələ Kürün ortasında olanda onu topa tutar, adamları cəhənnəmə vasil edərdi…

Həqiqət kişi çox işlək adam idi, həm də özünün xarici görkəmiylə uyuşmayan çox incə estetik duyğuya malik idi. Fəza estetikası elə bil onun qanında idi. Rəhbərliyi altında təzə maşın işə başlayan kimi tikilinin ətrafını şumlaylb yonca əkdi, söyüd, qovaq qələmələri sancdı və tezliklə bu qələmələr böyüyüb kölgəliyə çevrildilər. Səhv etmirəmsə, Həqiqət kişi yeməli olan şeylər də əkmişdi. Ancaq kolaz gözləyən kəndçilərinin ona gördüyü abadlıq işləri ilə bağlı verdiyi ikibaşlı suallar, özlırini cavan söyüdlərin kölgəsinə verənlərin naqqallığı Həqiqət kişini cinləndirirdi və günlərin bir günü əkdiklərinin hamısını kökündən çıxarıb Kürə tökmüşdü…

Adətən bizim adamlar naxır qabağına çıxanda ya da Kür qırağında kolaz gözləyəndə siyasətdən danışırlar. Həqiqət kişi heç vaxt siyasətdən danışmırdı. Mənə elə gəlirdi ki, su maşınını fəhlələri ilə, avadanlığı ilə birlikdə Həqiqət kişi kiçik bir dövlət, özünü isə dövlət başçısı sayır və tamamilə məntiqi olaraq başqa dövlətin ya dövlətlərin işinə qarışmrdı. Siyasətdən danışan naqqallara zəhmlə baxır, hərdən özünü saxlaya bilməyib deyirdi: “Ağıllı olun, kümətin işinə qarışmayın, həzrət Abbas haqqı, qulaqlarna çatar, əlli-ayaqlı gedərsiniz!…”

Həqiqət kişi öz dövlətini dəmir yumruqla idarə edirdi. Su maşını qış aylarında dayanırdı. Ancaq fəhlələr növbələrini çəkirdilər. Və Həqiqət kişi vaxtaşırı gecə reydləri keçiirdi ki, növbədə olan fəhlə gecə birdən yatmasın. Bəzən saatlarla fəhlənin yanında,hətta üzbəüz otururdu ki, yatmadığına arxayın olsun. Qocaman əməkdar fəhlələrdən olan çolaq İsmayıl mənim dostum İlhama danışırmış ki, bir dəfə qışda mexaniklə bir neçə saat üzbəüz oturub. Birdən mürgüləyib gözlərini yumanda Həqiqət qışqırıb: “Elə niyə elədin?!”…

Azərbaycanda olarkən vaxtsız gəlib kolaz gözləyəndə Həqiqət kişi hərdən özü yaxın gəlib mənimlə söhbət eləyərdi. Nə gizlədim, mən bundan çox böyük qürür duyurdum. Bu mənim üçün Kaliqula da olmasa, ən azı Neronla danışmaq kimi bir şey idi. Bir dəfə Həqiqət kişi mənə ibrətli bir söhbət elədi. “Məllim, bizdə çox sarsaq adam var ki, özünü bilən kimi göstərir. Mən Surra maşınnı təhvil verəndə fəhləni aldım yanıma, başladım nə varsa göstərməyə ki, bu belədir, bu elədir. Başa salırdım ki, işlədə bilsinlər. Birdən bu qurumsaq qayıdıb mənə nə desə yaxşıdır? “Özümüz bilirk də…” Dedim, çox yaxşı, bilirsinizsə, mənim sözüm yoxdur. Məllim, o maşında bir şey var idi, onu yaxşıca burub çıxdım. Məllim, Həzrət Abbas haqqı, mən öyə gəlib çıxmamış Surra maşınında elə gurultu qopdu ki, elə bil bomba atdılar. Məllim, onu doqquz aya düzəltdilər, doqquz aya… Qurumsaq deyir özümüz bilirik, sən nə bilirsən, qoduq…”

Həqiqət kişi “doqquz ay”ı elə şiddətli təəffüz edirdi ki, elə bil doqquz işıq ili keçmişdi. Ancaq suvarma vaxtı xarab olan su maşını üçün doqquz ay elə doqquz işıq ilidir…

Həqiqət kişi dindar adama oxşamırdı, yəqin heç heç Həzrət Abbasın kim olduğunu bilmirdi, ancaq bu hərəkəti ilə əsl müsəlman olduğunu sübut eləmişdi. Müsəlmana, bildiyiniz ki, qisas buurulub…

Həqiqət kişi haqqında çox danışmaq olar. Ziddiyyətli, çox ziddiyyətli adam idi. Yəni şəxsiyyət idi. Maşını, etiraf etmək lazımdır, yaxşı işləyirdi… Ancaq bu xatirəni Həqiqət kişinin mənə elədiyi başqa bir söhbətlə bitirmək istəyirəm. Bir dəfə o mənə qız qaçlrmağından danışdı. Yənı gələcək arvadını öz razılığı ilə aparmışdı, ancaq kasıblıqdan toy eləməyə imkan olmadığına görə gərək qaçıraymış.

“Məllim, qızı sənin dədənin kolazında Kürlə keçirdim. Rəhmətlik Cahangir kişi kolazın açarını verdi qardaşın Seyfullaya, qızı qoyduq kolaza apardıq…”

Bunu danışanda Həqiqət kişin zeytun rəngli tüklü üzü işqılandı, hətta gözlərinin yaşardığını da desəm, yalan olmaz…

Ah, məhəbbət, nə gözəl şeysən, qəlbinə girdiyin hər kəsi mum kimi yumşaldırsan…

X.X.

11.12.2024, Samara