
Mənə xəbər verdilər ki, Mərhum Məmmədhəsənin nəvəsi, qızı Dürnisənin Yusif adlı oğlu özünü öldürüb. Çox məyus oldum…
Mənim yaşım çoxdur, ona görə Məmmədhəsənin gənc vaxtlarını xatırlayıram. Məmmədhəsən yaxşı feldşer idi, Ərəbqardaşbəyli ilə Bala Surra arasında hər cür havada əvvəllər piyada, sonralar motosikllə çapır, evləri qapı-qapı gəzir, gecə də dalınca gələndə dinməzcə durub xəstə üstünə gedirdi. Orta təhsilli feldşer olan Məmmədhəsənə kənddə “doxdur” deyirdilər, o vaxtlar o, “doxdur” adına layiq idi.
Sonralar, təəssüf ki, Məmmədhəsəni mağaza xarab elədi…
Dürnisəni – Dürnisə müəllimi — yəqin ki, şagird olduğu vaxtlar görənəm. Mərifətli qız idi, çalışqan idi.
Hər dəfə hər hansı gəncin intihar etdiyini eşidəndə, onun ata-anasını düşünürəm. Balasını itirmiş ata-ana üçün həyat kökündən dəyişir, yeyib-içdiyi zəhrmara dönür. Mənim kiçik qardaşım Salman səkkiz yaşına çatmamış qəfil xəstəlikdən öləndən sonra məməm yasdan çıxmırdı, xasiyyəti də çox dəyişdi…
Təbiətən intihara meylli insanlar var. Nəzarətsiz qalanda özlərinə çox hallarda ölümlə nəticələnən ağır xəsarət yetirirlər. Bu, patologiyadır, psixikanın pozulmasıdır. Bəs sağlam adamlar özlərini niyə öldürürlər?
Mütəxəssislər yaşla əlaqəli böhranların yeniyetmələrdə 12-14 yaş arasında, kişilərdə 20-30 yaş arasında olduğunu qeyd edirlər. 60 yaşdan sonra belə böhranlar hər iki cinsin nümayəndələrində ola bilər.
İntihar sövq edən əsas səbəblərdən biri depressiya sayılır. Depressiya halında nə ümid var, nə istək. Yaşamaq mənasız görünür.
Narkotik keflənmə halında intihar edənlər çoxdur. Doza qəbul etmiş narkoman üçün varlıqla yoxluq arasında fərq itir, ölüm narkotik keflənmə halında olan insan üçün heçlik deyil, nirvananın daha bir qatıdır…
Bəs sağlam, ağlı başında olan adam özünü niyə öldürür?
Mən Dürnisə müəlimin əziz balasının ölümü ilə bağlı heç bir spekulyasiya eləmək fikrində deyiləm, çünki hadisənin təfərrüatı barədə heç bir məlumatım yoxdur. Mən, yeri gəlmişkən, Azərbaycanda epidemiyaya çevrilmiş intihar halları haqqında öz fikrimi demək istəyirəm.
Məlum olduğu kimi, cinayət məcəlləsində “intihar həddinə çatdırma” kimi maddə var. Yəni insana o qədər fiziki və mənəvi işgəncə verilir ki, çıxış yolu görməyib özünə qəsd edir. İnsanı intihar həddinə öz ailəsində də çatdıra bilərlər – qayınana gəlini, gəlin qayınananı, ər – arvadı, valideynlər övladı. Belə cinayətlərin çoxu ört-basdır edilir, guya ailə şərəfini qorumaq üçün intiharın əsl səbəbi gizlədilir.
Çoxumuza məlumdur ki, hər ailə mehribanlıq hökm sürən isti ocaq deyil, əksinə zülm ocağıdır. Hər ailəyə isə nəzarətçi qoymaq olmaz ki, ata-ana uşaqlarıyla insan kimi rəftar eləsin. Ancaq intiharın profilaktikası vacibdir. Daim, intensiv, ardıcıl şəkildə uşaqlara aşılanmalıdır ki, həyat möcüzə sayıla biləcək nemətdir və biz bu nemətin üstündə elə əsməliyik ki, sanki qıraqlarına qədər dolu camı daşlı-çınqıllı yolla aparırıq. İntihar isə insanın ata biləcəyi ən uğursuz, ən mənasız addımdır.
Ailə zülm ocağıdırsa, onu tərk eləmək lazımdır.
Ordudan tez-tez əsgərlərin intihar xəbərləri gəlir. Əgər komandir, gizir, əsgərə işgəncə verir, alçaldırsa, əlində avtomat olan əsgər niyə o zalımı yox, özünü öldürsün?
Azərbaycanda depressiyaya uğramamq üçün polad sinirlər lazımdır. Bu kiçik ölkə böyük bir türməni ya da, dəbdəbəli toyların çalındığına baxmayaraq, böyük bir yasxananı xatırladır. İndi sərhədlər də bağlıyıblar ki, insanlar klaustrofobiya azarına tutulsunlar…
Futbol həvəskarları yaxşı bilirlər: həftənin dörd-beş günü Avropa ölkələrində milli çempionatların yarışları keçirilir. 50, 60, 70 hətta 90 minlik stadionlar dolu olur. İrili-xırdalı bütün şəhərlərdə opera tapmaşaları gedir, simfonik orkestlər çıxış edən filarmoniyalarda anşlaqdır. İndi bütün Avropa şəhərlərinin geniş küçələrində, meydanlarında milad yarmarkaları keçirilir. Adamlar keyfiyyətli, səmərəli işləyir, keyfiyyətli dincəlirlər. Qocalıb pensiyaya çıxanlar qollarını-qıçlarını uzadıb ölümü gözləmirlər, səyahət edirlər, cavanlıqda arzusunda olduqlaırı yerləri gəzirlər. Adamların söz demək, fikir ifadə etmək, siyasi fəaliyyət göstərmək azadlıqları, özlərini müstəqil məhkəmələrdə müdafiə etmək imkanları var. Azərbaycanda söz danışanı, söz yazanı şərləyib dama basır, türmədə çürüdürlər, kütləvi qorxu psixozu yaratmaq üçün millətin fəxri sayıla biləcək gənc jurnalist qızları zindana atan, əhalini dilsiz-ağızsız mal-heyvana çevirmək istəyən Əliyev Amerikaya, Fransaya hərbə-zorba gəlir. Sosial vəziyyətindən asılı olmayaraq hər hansı bir insan özünü Azərbaycanda azad hiss edə bilərmi? Yox, edə bilməz. Əgər edirsə, deməli o, narkotik keflənmə halındadır, reallıqla illüzor olanı bir-birindən ayıra bilmir…
Əgər intiharın əsas səbəblərindən biri depressiya sayılırsa, bu depressiyanı yaradıb bütün əhalini ona düçar edən Əliyev rejimidir. Ancaq bu rejimdən də qəddar rejimlər olub və adamlar çıxış yolunu intiharda yox, rejimlə mübarizədə görüblər. Zülm ailədən gəlirsə, o zülmə ailədə qarşı durmaq lazımdır, sənin intiharın zənin zülmkarına hədiyyədir.
Sirr deyil ki, bəzi gəncləri intihara aparan depressiyanın özünə uğursuz sevgi səbəb olur. Yeniyetmə, gənc sevgi uğursuzluğunu ağır yaşayır. Ancaq həyatın özündən yüksək olan heç bir duyğu yoxdur. Sevgi də, dərd də, ən müxtəlif başqa yaşantılar da həyatın təzahürüdür. Həyat varsa – yeni sevgilər, yeni münasibətlər yaranacaq. Valideynlər, hazırlıqlı psixoloqlar uşaqları rədd edilmə, cavabsızlıq nəticəsində yaran bilən böhrana hazırlamalıdırlar. Yəni hər hansı qız (oğlan) tərəfindən rədd edilmək, hətta atılmaq nə qədər ağrılı olsa da, faciə deyil, insan təbiəti dəyişkəndir, dəyişməyə, reabilitasiyaya qabildir və bu qabiliyyət bizim ən ağır yaralarımızı sağaldır, yeni münasibətlərə, sevgilərə qovuşdurur.
Bu yaxınlarda mənim 71 yaşım tamam oldu. Ölmək istyirəmmi? Yox. Bilirəm ki, yaşadığım hər gün ən sonuncu ola bilər. Ancaq təbii olacaq hadisəni özüm icra eləmək istəmirəm. Çünki həyatın əksi – heçlikdir. Axirətə inanmıran, cənnəti, cəhənnəmi heç bir sübutu olmayan fantaziya sayıram. İndi küçədə yumşaq qar yağır, şaxta üç-dörd dərəcədir, yəni çox xoş hava var, mən də qardaşoğlu Yusifin Bakıdan hədiyyə göndərdiyi noutbukda intihar əleyhinə fikirlərimi yazıram və hamını həyatı sevməyə çağırıram.
İyunun 5-dən 6-na keçən gecə mənim yaşadığım ev yandı. Nəyim vardısa odda və yanğınsöndürələrin vurduğu suda məhv oldu. Mən hər şeyimi itirib indi tamam dəyərdən düşmüş pensiya ilə qaldım. Binanın qarşı tərəfndəki səkidə durub üç-dörd saat ərzində yanğını müşahidə edərkən intihar barədə düşünürdümmü? Konkret intihar barədə düşünmürdüm, ancaq bundan sonra necə yaşayacağımı təsəvvür edə bilmirdim…
Səhərə yaxın zəngilanlı Şirvan Kərimov daha iki soydaşla yanğın yerinə gəldi, iki-üç saatdan sonra mənartıq hamamlanıb təzə paltar geymişdim…İndi bir neçə aydır ki, ev, o cümlədən mənim mənzilim Şirvan Kərimovun nəzarəti altında və dövlətin ciddi köməyi ilə yenidən yaradılır. Mənə yaxşı ev tutublar, mərkəzdə sakit həyəti olan qədim binadır. Altı ay ərzində iki kitablıq tərcümə eləmişəm və yazmışam…
Özünüzdən muğayat olun, bir-birinizi qoruyun, yəni qıraqlarına qədər dolu cam aparan adamın titrədiyini görəndə ona dəstək olun ki, camdakı cövhəri dağıtmasın…
Dürnisə müəllimə, faciə üz vermiş ailənin bütün üzvlərinə səbr diləyirəm.
X.X.
- 12. 2024, Samara