
Kəndimizin arvadlarından danışanda gərək əvvəlcə çəpər qonşularımız Səkinə xalanı və Xanımsoltan xalanı yada salam. Onlar, əlbəttə, yadımdadır. Ancaq söhbəti Zabitə (hamı “Zapta” deyirdi) xaladan başlamaq istəyirəm.
Zabitə zala Gözəl kişinin arvadı idi. Mən bilən, kəndimizdə onlardan başqa uşaqsız ailə olmayıb. Zabitə xala, səhv etmirəmsə, Qarabucaq kəndindən idi.
Gözəl kişi mənim lələmlə dost sayılırdı, Zabitə xala da məməmlə çox mehriban idi, hərdənbir bizə gələrdi də. Yaxşı dərzilik bacaran Zabitə xala bir neçə il mənə və mənim böyük qardaşıma şalvar, köynək tikib. Məməm Salyandan parça alıb bizi Zabitə xalagilə göndərirdi. O, bizə corab və əlcək də toxuyub.
Gözəl dayı ilə Zabitə xala çiy kərpicdən tikilmiş ikigöz alçaq evdə olurdular. 1960-cı illərin əvvəllərinə qədər kənddə evlərin hamısı elə bu cür ya bundan da kasıb idi. Zabitə xalagilin evi çox təmiz olurdu, ev əşyalarından yadımda qalanı tikiş maşınıdır. Zabitə xala özü də özü tikdiyi tuman-köynəkləri geyinirdi. O, gətirdiyimiz ucuz parçanı alır, ölçümüzü götürürdü. Biz ona pul vermirdik, əksinə, ora hər dəfə yolumuz düşəndə həyətdən bir cücə tutub bizə bağışlayırdı.
Zabitə xalanın tikdiyi köynəklər yaxşı yadımdadır, elə bil indi də şkafda ya elə divarda asılıblar. Köyəyin sol döşündə hökmən cib olurdu. Bu, yaraşıq üçün idi. Altı-yeddi yaşında kənd uşağı döş cibinə nə qoya bilərdi? Heç nə. Şalvarın belinə və balaqlarına rezin slalınardı. Mən birinci sinfə belə rezinli şalvarda getmişəm…
Ərlə arvadın illər keçdikcə bir-birinə oxşamaqları barədə deyilənlərdə həqiqət çox azdır. Sadəcə biz ərlə arvada bir ailənin üzvləri, ən yaxın qohumlar kimi baxır və buna görə onlarda oxşarlıqlar axtarır və bu oxşarlıqları olmayanda da görürük. Yəni “gözəllik baxanın gözündədir” dediyimiz kimi “oxşarlıq baxanın gözündədir” də deyə bilərik. Ancaq Gözəl kişi ilə Zabitə xala doğrudan da bir-birlərinə çox oxşayırdılar. Hər ikisi çox astadan danışır və elə bil ki, gülüşləri sinələrində səslənirdi. Gözə dəyən fərqləri boyları idi. Bəstəboy bu arvad evin içində elə bil yerimir, quş kimi səkirdi. Mən onların dava-dalaşını təsəvvür eləmirəm. Dalaşmağa meylli adamlar çox vaxt evdə yad adam olanda dava salırlar. Yəqin tamaşaçısı olmayan dava ləzzət vermir…
Gözəl kişinin cavanlığı barədə məlumatım yoxdur. Axı kəndin keşməkeşli vaxtları olmuşdu: kollektivləşdirilmə, fərdi təsərrüfatların ləğvi, adamlarım məcburi kolxoza qatılmağı, bu kolxozda dərhal vəzifələr zəbt edib varlanan zirəklər, cibində partiya bileti olmasa da, “allahsız” bileti gəzdirənlər… Adamların bir-birini satmağı, sürgünə, həbsə göndərməyi… İkinci dünya müharibəsi… Qaçaqçılıq edən fərarilər… Nədənsə Gözəl kişini pis iş yiyəsi ola biləcəyini güman etmirəm…Pensiyaçı vaxtlarında məktəbdə bağban işləyərdi. Məktəbdə fəhləlik eləmiş başqa kişilərdən fərqli olaraq, heç vaxt qışqır-bağır salmazdı.
Gözəl kişi ilə Zabitə xalanın mehribanlığı bəlkə də uşaqsızlıqlarından idi. Bir vaxt Zabit xala qardaşı oğlu Müseyyibi gətirib yanında saxlamışdı. Boya-başa çatandan sonra evlənib Salyanda yaşayırdı.
Rus nağıllarında Gözəl kişi ilə Zabitə xala kimi cütlük haqqında deyilir ki, onlar birlikdə uzun və xoşbət ömür sürdülər və ikisi də bir gündə öldü. Gözəl kişi Zabitə xaladan xeyli əvvəl ölmüşdü. Bir müddətdən sonra Zabitə xala ata yurduna qayıtmış ya qayııtmağa məcbur olmuş, orda da vəfat etmişdi. Təəssüf ki, bu insanlara nə birgə oğul-uşaq böyütmək, nə də yanaşı qəbirlərdə yatmaq nəsib oldu…
X. X.
17-18.12. 2024, Samara
(ardı var)