
“Rubens qadını” ifadəsi niderland (flamand) rəssamı Piter Paul Rubensin adı ilə bağlıdır. Onun portlərindəki qadınlar iri, ətli-canlı, dolu bədənlidirlər ki, bu da on yeddinci əsrdə mövcud olmuş qadın gözəlliyyi idealı ilə uyuşurdu. Belə qadınlar həm də doğuşa, analığa, məhsuldarlığa qabilliyi təcəssüm etdirirdilər.
Mən, əlbəttə, uşaqlıqda nə Rubensi tanıyırdım, nə də №rubens qadın”ının kim ya nə olduğunu bilirdim. Ancaq çox sonralar rəngkarlıqla az-çox maraqlananda və muzeylərdə olanda yadıma Mədinə düşürdü. Onu gözümün qabağına gətirəndə görürdüm ki, kəndimizdə əsl “Rubens qadını” yaşayırmış…
Mədinə mərhum Qasımağanın bacısı, Gülsüm xalanın qızı idi. Mən onu kənddə kənddə təxminən 1964-65-ci illərdə görmüşəm. Lap əvvəllər, az yaşım olanda adını eşitmişdim, hərdən ondan danışırdılar, bəlkə Gülsüm xala bizə gələndə məməmlə danışırmış. O vaxt eşitdiklərimdən başa düşdüyüm budur ki, Mədinə qız vaxtı Əmirxan adlı kiməsə ərə getmişdi. Əmirxan kim idi – bilmirəm. Səhv edə bilərəm, deyəsən, Əmirxan ölmüşdü. Bir müddət dul yaşayandan sonra Mədinə bir salyanlıya getmişdi, ancaq bu nikah uzun sürməmişdi. Mədinə boşanıb gəlmişdi kəndə. Mədinənin ata yurdunda, yəni həyətlərində iki ev var idi. Birini, yəqin ki, haçansa atalarından qalan komanın yerində, ailəsi ilə Ələtdə yaşayan qardaşı Qasımağa tikmişdi. İkigöz, aynabəndli ev idi ki, uzun illər sonra orda Böyükkişi yaşadı. Gülsüm xala o evdə yaşamaqdan qətiyyətlə imtina elədiyinə görə oğlu ona təkgöz alçaq ev tikmişdi ki, Gülsüm xala həmişə orda qalardı və böyük evə ayaq basmazdı. Mədinə boşanıb gələndən sonra böyük evdə olurdu, anası onunla küsülü qonşu kimi dolanırdı.
Mədinəni o vaxtlar az qala hər gün görürdüm. Onun bir sürü qazı var idi. Qazlar gah cüyürdə itir, gah da Kürün o biri tayına keçirdilər. Mədinə də əlində çubuq həndəvəri gəzib qazları çağırır, səs-səmir gəlməyəndə quşların həmişə suya girdikləri yerə, keçələt suvatına gəlirdi. Mən də saat üçlə dörd arasında termosda lələmə çay aparırdım. Uzun illər ərzində kişinin çayı hər gün beləcə gedirdi və çay aparmaq vəzifəsi tədricən böyüklərdən kiçiklərə keçirdi. Kişi niyə çayını naharını yeyib gedəndə özü aparmırdı – mənə qaranlıqdır…Hə, mən çay aparanda Mədinəni görürdüm. Bəzən suvatda durub lələmlə söhbət edirdi. Nə danışdıqları yadımda deyil. Deyəsən, kişiylə zarafatlaşırdı – Mədinə zarafatcıl xanım idi. Deməliyəm ki, qulağı, qardaşı Qasımağanın qulağı kimi, bir az ağır eşidirdi. Lələmdə də bu problem var idi. Ona görə bir-birlərini necə başa düşdükləri mənim üçün xeyli təəccüblüdür. Mədinə çox işıqlı insan idi, dava-şava ilə işi yox idi, onunla ünsiyyət hətta mənim lələm kimi sərt, kəmhövsələ adamı yumşaldırdı…
O vaxtlar kənddə dörd ya beş evdə televizor olardı. Onlardan biri də Mədinədə idi. Qulağı ağır eşitsə də, Mədinə musiqini çox sevirdi. Yəqin səxavətli ürək sahibi olduğundan bu sevgini, musiqidən aldığı ləzzəti başqalarıyla bölüşmək istəyirdi. O illərdə televiziya ilə həftədə bir dəfə Azərbaycan xalq musiqisindən ibarət konsert verilirdi. Yazı yox idi, bütün verilişlər canlı idi. Rübabə, Sara, Zeynəb, İslam, Arif kimi müğənnilər ansamblların birinin müşayiəti ilə iyirmi-iyirmi beş dəqiqəlik konsertdə oxuyurdular. Konsertin olacağını bütün kənd qabaqcadan bilirdi və hər kəs özünə yer axtarırdı ki, gedib baxa bilsin. Mədinə öz tamaşaçılarını özü yığırdı. Konsertə bir bir neçə gün qalmış adaşına – Dünya xalanın qızı Mədinəyə, Şükufəyə, mənim bacım Ağənnəyə xəbərdarlıq edir, hər gün də yadlarıinna salırdı: “Qızlar, gözləyirəm ha…”
Mən televizora qonşularımız Ərəstun və Məmmədhüseyn qardaşlarının evində baxırdım, ancaq bacım Ağənnə ilə bir neçə dəfə Mədinəgildə də olmuşam. Təşkil elədiyi məclisdən Mədinənin necə xoşbəxt göründüyünün şahidiyəm. Hərdən kamançaçı qızı göstərib deyirdi? “Qızlar, o qızı yanında oturan kamançaçı oğlan istəyir…”
Mədinə bunu hardan blirdi – mənim üçün sirrdir. Bəlkə bu fantaziyalar Mədinənin özünə də, başqalarına da sevmək, sevilmək arzusundan yaranırdı. Mədinə kimi gözəl arvad niyə də sevilməyəydi?
Yox, o Vaqif deyən gözəldən deyildi: “Sinə meydan, zülf pərişan, bel nazik…” Mədinə Rubensin qadınlarının azərbaycanlı təcəssümü idi: uca boylu, ətli-canlı, ağ üzlü, saçlar sarışın-kürən, nazik qaşlar da o rəngdə…
Gülsüm xala heç vaxt yuxarı çıxıb televizora baxmazdı. “Dilvizir… Dilvizirim əssiydi… Dombalağ aşacağlar, mən də baxacam… Ay baxdım a…”
Mədinənin televizorunda “Əsli və Kərm” operasının canlı yayımına baxmışam. O vaxt da gözümdən yaş axıb, indi də Qulunun səsi yadıma düşəndə axır…
Bir dəfə Mədinəgildə olanda Qasımağanın böyük oğlu Böyükkişi də orda idi. O vaxt yəqin səkkinci ya doqquzuncu sinifdə oxuyardı. Heç kimi dindirib-danışdırmırdı. Bibisinin dəvətiylə televirora baxmağa gələnləri nifrətlə süzürdü. Mən Böyükküşini bir də çox sonra, bəlkə otuz-qırx il sonra, həbsdən çıxıb kənddə yaşayan vaxtlar gördüm. Bir dəfə Kamil müəllimin həyətində nə münasibətləsə yığışmışdılar, İham məni də çağırmışdı. Böyükkişi ara vermədən danışır, “SSRİ-ni dağıdanları” söyür, hamını, hər şeyi, pisləyir, əməlli-başlı öd püskürürdü. Mən nə barədəsə fikrimi demək istəyəndə elə qışqırıq saldı ki, səsi bəlkə də Kürün o tayında eşidilirdi… Ali təhsil almış bu adamın aqressiv cahilliyi, gerifikirliliyi, həmişə haqlı olduğuna əminliyi dəhşət doğururdu.
Mənə elə gəlir ki, Böyükkişinin əsl bədbəxtliyi öz əməlinə görə həyatının pozulmağından, türməyə düşməyindən yox, bir vaxt və elə indi də bəyənmədiyi, lağa qoyduğu və hətta nifrət elədiyi kənd adamlarının içində yaşamağından irəli gəlirdi. Uzun dustaqlıqdan sonra azadlığa çıxan, xoşbəxtlik üçün hər şeyi – azadlığı, ailəsi, gözəl uşaqıarı, evi, qazancı – olan bu adam, mənə elə gəlir ki, bir an belə özünü nəinki xoşbəxt, hətta rahat da hiss eləməmişdi…
Mərhum Qasımağa kişinin uşaqlarıyla çox sərt davrandığını deyirdilər. Bəzən ailə əsarətindən qurtulanlanlar sonradan özləri, ilk baxışdan qəribə görünsə də, ailə ya icma içində tirana çevrilirlər…
Böyükküşi orta məktəbdə yaxşı oxumuş, o vaxtlar yəqin ki, Azərbaycanın ən yaxşı ali məktəbi olan Neft və kimya institunu bitirib Qazaxstana mühəndis kimi təyinala getmiş, bir müddət öz ixtisası üzrə işləyəndən sonra milisə girib kapitan rütbəsinə qalxmış, orda da rüşvət ittihamı ilə tutulub, səhv etmirəmsə, on illik ağır cəza almışdı. Mənə elə gəlir ki, milisdədəki işi onda texniki ziyalılığı aşılamış, indi Azərbaycan polisinə irs kimi keçmiş milis milis zehniyyəti yaratmışdı. Bu nədir? Azad ya alternativ fikrə, rəyə qarşı dözümsüzlük, opponentin qarşısına arqumentlə yox, aqressiya ilə, təhdidlə çıxmaq. “Basaram, gedərsən…”
Deməliyəm ki, Böyükkişinin düzlüyü, haqq-hesab məsələsində ciddi intizamı, kənd icmasının xeyir-şərində fəal iştirakı barədə də eşitmişəm. Allah rəhmət eləsin!
Mədinə isə bir müddət sonra arzu elədiyi sevgiyə qovuşdu. Deyirdilər ki, Neftçaladan olan çox yaxşı bir adama gedib. Onların axşamlar televizorla konsertə baxmaqlarını təsəvvür edirəm. Mədinə kamançaçı qızı göstərib deyərmiş: bax bu qız, o başdan ikinci tarçalan oğlanı istəyir. Əri soruşarmış: Hardan bilirsən, ay Mədinə? Mədinə də deyərmiş: Ədə, necə hardan? Görmürsən bir-birlərinə necə baxırlar…?
X.X.
20-21. 12. 2024, Samara
əvvəli burda:
ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 2. DÖVLƏTALI KİŞİ VƏ NOĞUL XALA