
Təxminən 1959-cu ildə lələm böyük oğlu Seyfullaya ev tikmək istəyir. Ev yeri üçün Məmmədyarov adına kolxozun sədri İmanqulu Rzayevə müraciət edir. Qanuna görə ev tikintisi üçün yeri kənd soveti, yəni yerli hökuməti verməlidir. Ancaq hökumətin adı hökumət idi, kənddə havadan başqa hər şeyin ixtiyarı kolxoz sədrində, yəni İmanqulu Rzayevdə idi. Zənnimcə, Cahangirlə İmanqulunun heç vaxt arası olmayıb. Yəqin ki, bir-birlərini görəndə heç salamlaşmırdılar da. Soyuqluqdan çox ədavətə yaxın olan bu münasibət bəlkə də kollektivləşmə ilə bağlıdır. Kənddə kolxoz yaradılanda o vaxtlar özünün əkini, atları və hətta xırda ticarəti olan lələm bu hoqqaya girməkdən imtina eləmiş, cavabında sovet orqanları onu qolçomaq çıxarıb hər şeyini almışdılar. Özünü tutulub sürgün edilməkdən bəstəkar Arif Məlikovun atası qurtarıb – təfərrüatını bilmirəm, ancaq Bakıda hansı vəzifədəsə olan salyanlı Cahangir Məlikovun lələmi qurtardığını uşaq vaxtı eşitmişəm. Lələm hətta Bakıda bir neçə ay gizlənib də.
Mən müəllim işləyəndə İmanqulu Rzayevin qardaşı Əliqulu kişi məktəbin qarovulçusu idi. Əliqulu kişi də qardaşı kimi kollektivləşmənin benefisiarı olmuşdu – qardaşı sədr, özü briqadir, ambardar… Yəni lələm uduzmuş, bunlar udmuşdular. Əliqulu dayı tez-tez müəllimlər otağına gəlib keçmişdən, o cümlədən kolxoz qurmaqlarından danışardı. Bir dəfə mənə baxıb dedi: “Sənin dədən acığından atlarını bizim kolxoza vermədi, aparıb verdi Musalı kolxozuna…”
Deməli, sonralar əhalisi dağılıb ləğv olunmuş Musalıda da kolxoz var imiş və lələm acığını atları öz kəndindəki kolxoza yox, ordakı kolxoza verməklə çıxıb… Yəni ona elə gəlirmiş ki, acığını çıxıb… Acıq çıxmaq nədir, atalarını yandırıb…
Tragikomediya…
Əliqulu kişi, yarım əsr keçsə də, bu qisası lələmə bağışlaya bilmirdi – atlar elə bil onun tövləsindən getmişdi…
Və ən maraqlısı odur ki, Əliqulu kişi sonralar lələmlə quda olmuşdu, ancaq aralarında mehribanlıq yaranmamışdı.
Lələm sovet hakimiyyəti tərəfindən qarət edilib lütlənəndən sonra bu qırmızı rejimdən uzaq olmaq üçün keçələt kolazını götürmüşdü. Yəni özü özünə hökumət idi. Nə partiyaya girmiş, nə cibində “allasız” bileti gəzdirmişdi. Kolxozu, yəni ictimai mülkiyyəti yeyib-dağıdanlara, sərvət sahibi olanlara həsəd aparmırdı, sovet hökumətinin əleyhinə də danışmırdı. Ancaq bir dəfə oğruları nəzərdə tutaraq belə dediyini özüm eşitmişəm: “Şura hökuməti belə adamların hökumətidir…”
Araları olmasa da, lələm İmanqulu Rzayevə müraciət etməli olur. Lələm Seyfullanın evi üçün torpağı öz evinə yaxın yerdə isətyir. Sədr vermir. Lələm deyirdi ki, Cabbar kişinin yurdunda, çəpərdən qıraqdakı armudun altında söhbət ediblər. “Dedim ki, İmanqulu, mən öləcəm (əvvəl özümü dedim), sən də öləcəksən, bax, bu yerlərin hamısında öy tikiləcək”.
İmanqulu kişi yəüin nə öləcəyinə, nə də o vaxtlar pambıq əkilən yerdə sonralar evlərin salınacağına inanmışdı. Qəti rədd cavabı alan lələm yenə acığa düşüb qərara gəlmişdi ki, Seyfulla üçün evi Kürün sağ sahilində, o vaxtlar rəsmən Kimsomol adlanan kənddə tiksin. Və tezliklə material alıb tikintiyə başlamışdı. Barı qurtarana yaxın, necə deyərlər, sitüasiya radikal şəkildə dəyişmişdi. Yuxarının qərarı ilə Məmmədyarov adına kolxoz ləğv olunmuş, kolxoza daxil olan kəndlər Qaraqaşlı südçülük sovxozuna verilmiş, ən başlıcası isə İmanqulu Rzayev vəzifəsini itirmişdi!
Uşaqlığından əvvəl kolxozda, sonralar sovxozda işləmiş, uzun illər briqadirlik eləmiş mərhum qonşumuz İbad Əhmədov ölümündən bir neçə il əvvəl mənə danışırdı ki, kənddə kolxozu İmanquluya görə ləğv elədilər. Guya İmanqulunu çıxarmaq istəyirlərmiş, bata bilmirlərmiş. Bu qayda ilə məsələni həll ediblər. Yəni başı kəpəkdən təmizləmək üçün, boynu vurublar…
Kolxoz ləğv edilən kimi lələm elə öz evimizdən bir az dalda ev tikməyə sovxoz rəhbərliyindən icazə alır. Və tikdiyi barını sökür, kolazla keçirir bu taya…
Yaxşı ki, lələm təkgöz ev tikridi… Ancaq yenə də daşınacaq yük az deyil – sök, daşı əlarabaları ilə Kürün qırağına, yüklə kolaza, bu tayda boşalt, daşı təzə yerə… Böyük şeylər Salyandan, Salyan körpüsündən keçməklə Şirvan yoluyla maşınla daşınıb. Yəni az qala ekvatora bərabər məsafə qət edilib…
Lələm ömrü boyu həyatını dönə-dönə sıfırdan da yox, minusdan başlayıb. Ona dağın yerini dəyişmək lazım olsaydı, elə bellə bütün torpağ-daşı qazıb kisələrə ya vedrələrə doldurub daşıyardı. Sovet hakimiyyəti, yəni özünü hakimiyyət kimi qələmə verən quldurlar onun həyatını dağıdandan sonra minusdan başlayıb hər şeyi təzədən qurmaq onun təbiətinin xassəsinə dönmüşdü. Ancaq tikdiyi, qurduğu ona sevinc, qəlb rahatlığı gətirmirdi…
Böyük alman folosofu Şopenhauer yazır ki, varlığın, yəni yaşamağın, olmağın daxili mənası yoxdur. Varlıq, olmaqlıq özlüyündə mənalı olsaydıq, insan heç nə eləmədən məyusluq, qüssə bilməzdi. Yəni yaşamağı özü kef olardı. Məna istəkdə, bu istəyin dalınca getməkdə, əlləşib-vuruşmaqdadır. Ancaq istədiyinə nail olan kimi insanı yenə məyusluq, qüssə bürüyür…
Lələmin məyusluğunun səbəbi həm də övladlarını, bəlkə Seyfulla istisna olmaqla, yarıtmaz görməyi idi…
Lələmin istədiyi, İmanqulu Rzayevin vermədiyi yerlərdə doğrudan da sonralar evlər tikildi. Lələm öldü, bəlkə də bir il sonra İmanqulu Rzayev də öldü. Myın 9-da. O vaxtlar 9 May Qələbə günü idi…
Kolxoz ləğv olunmamışdan bir az qabaq kənddə klubu olan idarə binası tikməyə başlamışdılar. Kolxoz ləğv olunan kimi yarımçıq binanı verdilər məktəbə. 1960-ci ilin payızında əvvəl yuxarı siniflər köçdü. Mən birinci sinifdə idim. Biz 1961-ci ilin yazında, dərs ilinin axırına yaxın köçdük. Məktəb yeddiillik idi. Buraxılış sinfi klub kimi tikilmiş hissədə yerləşmişdi. Ağənnə bacım da o sinifdə idi. Gedib hərdən qapıdan baxırdım. Qızların səhnəyə çıxıb oynadıqları gözümün qabağındadır. Mənsurə, Gülsabah, Sərmayə, Nəmidə…
Klub bizim kəndə qismət deyilmiş…
İmanqulu kişi sonralar Bala Surradan köçüb gəldi. Hərdə rastlaşardım. Bir neçə dəfə salam verdim, almadı. Sonralar yanından salamsız keçirdim. Mən təzə müəllim işləyən vaxtlar səhər tezdən yol qırağında, transformatorun yanında qoyun otarardı. Bir dəfə Səməd dayının evlərinin tarazını adlayanda məni daldan kiminsə çağırdığını eşitdim: “Müəllim, müəllim!” Dayanıb baxanda gördüm ki, İmanqulu kişi mənə sarı gəlir. Çox təəccüb elədim. Mənə çatan kimi soruşdu: “Məllim, papruzun var?” Mən o vaxt çəkirdim – hərdən filtrli bolqar siqareti, hərdən Avrora. Siqaret qutusunu çıxarıb ona uzatdım, İmanqulu kişi bir neçə gilə götürüb “sağ ol” dedi və qayıtdı qoyunlarının yanına…
Hamımız insanıq… Hamımız da öləcəyik, hərçənd ölən günəcən çox adam buna inanmır…
X.X.
22. 12. 2024, Samara