ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 5. QANLI SURRA TOYU, ƏZİZAĞA VƏ SALAH QARDAŞLARI

İYUL 2023

Bizim Kür aparan evimiz Yusif kişinin yurdundan təxminən yüz metr qaqabda, suya ən yaxın ev idi.  Çəpərimizin qabağından Surra yolu keçirdi – indi Kürün yatağının nə qədər dəyişdiyini təsəvvür edə bilərsiniz. Kür yavaş-yavaş yola yaxınlaşdı, çəpərə dirəndi, çəpər getdi, bağı yeməyə başladı… Kişi xeyli dalda, Hüseynbala kişinin yurdunun qabağında, İmanqulu ilə Ərəstunun evlərinin günbatan tərəfində ev tikməyə başladı. 1963-cü ilin payızında köçdük. Köhnə yurdu isə Kür qarış-qarış yeyir və dayanmaq bilmirdi. Sonra evi də apardı…

Yusif kişini heç vaxt görməmişəm.o, çoxdan ailədən getmişdi və Salyanda başqa arvadla yaşayırdı. Kəndə, mən bilən, ayaq basmırdı. Ailəni Xanımsoltan xala idarə edirdi. Onlarla bağlı ilk xatirəm qızı Asiyənin gəlin getməyidir.Asiyə özü yadımda deyil. Ancaq gəlin getmə mərasimi qəribəliyinə görə xatırlayıram – gəlini elə evin qabağındakı suvata yan almış kiçik gəmiyə mindirib Aşağı Surraya aparıdılar.

Xanımsoltan xalagilin həyətində həmişə çox qorxulu it olardı, itlər dəyişə də, “Pələng” adı irs kimi keçirdi. Həyət uzunu məftil basdırılmış, itin zənciri bu məftilə keçirilmişdi. Və Pələng uzaqdan, lap bizim evin qabağından Surra tərəfə gedənin hənirini eşitcək həyət boyu o baş-bu başa qaçıb özünü yırtırdı. Zəncirini qıran vaxtları da olmuşdu. Səhv etmirəmsə, sonuncu “Pələng” Rahiləyə hüum edib ağır xəsarət yetirmişdi. Xeyli keçəndən sonra Pələngi tüfənglə   elə həyətdəcə vurub öldürdülər. Gülbahar bir müdddət quranla qonşuları gəzib and içdirirdi ki, Pələngi vurub-vurmadığını desin. Bizim Süleymanın da yanına gəlmişdi və Süleyman bərk acıqanmışdı. Süleyman isə acıqlananda bərk acıqlanırdı…

Sonralar məlum oldu ki, Pələngi Ağalar vurdurub. Yəni bacısının qisasını alıb. Kimə vurdurduğu da bilindi. Sərrast gecə atıcısı Gülbahargil batan adam deyildu, ona görə üstünü vurmadılar…

Mən, pələnglərdən qorxsam da, Zəkulla ilə hərdən onların həyətinə gedirdim. Onların qrammofonu var idi. Yəni kinolardan gördüyümüz qrammofonlardan. Gülbahar onun dəstəyini xeyli fırladır, sonra isə valı qoyurdu. Vallarda nə oxunduğu yadımda deyil…

Xanımsoltan xalaqaraqabaq, hətta zəhmli arvad idi, deyib-gülən deyildi, həmişə ciddi, amiranə tonla danışırdı. Tez-tez “axıllı, ol”, “otur yeründə” deməyi var idi. Xanımsoltan xalanın böyük oğlu Kazım böyük və varlı Oktyabr kolxoz sədri idi. O da özünü sədr anası kimi, yəni ağır və hətta sərt aparırdı. Yəqin Yusif kişi sədr anasının yanında olmaqdansa sədrin özünün yanında olmağı üstün tutmuşdu – o, Salyanda oğlu ilə qonşuluqda yaşayırdı…  Xanımsoltan xalanın bizə gəlib-getməyi yadımda deyil. Məməm daldakı ikinci qonşumuz Səkinə xala ilə yaxın idi. Məməm onun qızı yerində olsa da, çox mehriban idilər. Səkinə xala məzəli danışar, gözləri yaşaranacan gülərdi. Əşrəf kişini görsəm də, nə üzünü, nə səsini xatırlayıram. Bizim onlarla qonşu olduğumuz vaxtlar kənddə Əşrəf kişi ilə Səkinə xalanın ailəsini zəlzələ kimi sarsıtmış və xeyli adamım taleyini kəskin dəyişmiş iki hadisə baş verib.

Ya 1959-cu, ya da 1960-cı ildə, çox güman ki, 1959-da Bala Surranın bir toyunda yəqin ki, bu iki kəndin tarixində ən ağır dava düşüb. Bəyin adı, səhv etmirəmsə, Ağarəzi (yəqin ki, Ağarza) olub. Əlbəttə, mən bu davanı gözümlə görməmişəm, o vaxt məni uzağı altı-yeddi yaşım olub. Ancaq bu davanın söhbəti bir neçə il danışılıb. Xüsusən ilk vaxtlar, mən danışılanları gözümün qabağına gətirdikcə qorxudan əsirdim…

Dava surralılarla ərəqardaşbəylilər arasında düşmüşdü. Əslində “düşmüşdü” demək olmaz. Gözlənilmədən, qabaqcadan hazırlanmayan dava haqqında “düşdü” deyərlər. Surra toyundakı dava isə qabaqcadan hazırlanmışdı.İki kəndin cavanları arasındakı ədavətin səbəbi barədə üstüörtülü söhbətlər eşitmişəm, ancaq indi yadımda deyil…

Davanın özünüi isə müharibə səhnəsi kimi təsvir edirdilər. Odlu silah, mən bilən, işlədilməmişdi. Yəqin ki, hazırlıqlı gələn Ərəbqardaşbəyli cavanlarında bıçaq olub. Su qrafinini sındırıb sınığıyla da vururlarmış. Bəyə də xəsarət yetirib qarnını cırıblar. Qan su yerinə axırmış…

Davanın kim və necə yatırtdığını bilmirəm. Salyan milisinə, maşın və telefon olmayan vaxtlar, xəbər ancaq səhər çata bilərdi. Xəbər çatan kimi dava iştirakçılarını başlayıblar yığmağa. Səhv eləmirəmsə, kəndçilərimizdən Əlisahib, Əzizağa tutulmuşdular. Qonşumuz Əzizağanın həbsdə olduğunu eşitmişdim, müddətini bilmirəm. İmanqulu Rzayev Əkbəri cinayət məsuliyyətindən yayındırmaq  üçün onu əsgər göndərmişdi. Ümumiyyətlə, İmanqulu kişi Surra davasının Ərəqardaşbəyli cavanları üçün ağır nəticəsini yüngülləşdirmək üçün xeyli çalışmışdı, çünki əsas iştirakçılar yaxın qohumları idilər…

Əkbər dəniz donanmasına düşdü və o vaxtın qanununa görə dörd il xidmət elədi.1963-cü ildə tərxis olunub kəndə qayıtdı və bir neçə aydan sonra təsadüfən atılan güllə onu öldürdü…

Əzizağa bəstəboy, kiçik qabaritli olsa da, gəncliyində davakar və döyüşkən olduğunu deyridilər. Tullanıb kəllə vurmağını tərifləyirdi. Kiçik qardaşı Salahın necə döyüşkən olduğunu özüm kəndimizdəki toyların birində görmüşəm. O toyda qan tökülmədi, ancaq şanlı dava oldu, Salahla mənim qardaşım Süleyman ikilikdə, yalan olmasın, on adamı vurub yıxdılar. Ucaboy, uzun qollu Salah üzbəüz döyüşdəki məharəti, fövqəladə çevikliyi ilə Jan Pol Belmondonu xatırladırdı. Salahı tanıyanlar onun doğrudan da Belmondoya oxşadığını təsdiq edərlər…

Salahın döyüşçü kimi yetişməsində qonşusu və onunla təxminən bir yaşda olan Əlyarla mübarizəsinin böyük rolu olmuşdu. Əşrəf kişinin evi Heydərin, yəni Əlyarın atasının yurdu ilə çəpər-çəpərə idi. Salah da, Əlyar da müharibə dövrünün uşaqları idilər. Kənddə xeyli adam, xüsusən azyaşlı uşaqlar 1941-45-ci illərdə aclıqdan ölüblər. Kəpək, jmıx tapıb yeyənlər sağ qalıblar. Əlyarın uçaqlığı daha çətin olub, çünki az yaşından yetim qalıb. Alman filosofu Nitsşe deyib ki, səni öldürməyən hər şe səni daha güclü edir. Yetim Əlyarı öldürə bilməyən müharibə doğrudan da onu güclü elə eləmişdi, bu adamda enerji tükənməzdi. Təəssüf ki, bu enerjini istəkli qonşumuz Əlyar həmişə gərəkli işə sərf eləmirdi…

Deməli, Salah da, Əlyar da uşaqlıqda dələduz olublar, Nyu York kimi bir yerdə bunlar birləşib banda yaradar, gedib bank ya zərgər dükanı yarardılar. Salahla Əlyar isə hər gün qoyurmuşlar bir-birinin ənginə. Əlyar boyda Salahın yarısıycan olsa da, Salaha can vermirmiş. Məməm danışırdı ki, o Əlyarın p vaxtlar subay bacısı Əminə əlləşənləri ayırmağa çalışaraq ağlaya-ağlaya deyirmiş: “Ay yetim, gəl gedəy, Salah səni öldürəcəy…”

Salahın davakarlığı, Süleymanla birgə elədiyi dava istisna olmaqla, elə uşaqlığında qaldı. Xüsusən evlənəndən sonra hövsələli, təmkinli olmuşdu, yəni başını aşağı salıb pul qazanır, Salyanda yekə ev tikir və hətta kiçik biznes də yaradırdı. Arvadı Ceyran, arbatanlı qızı, məməmin yaxın qohumu idi və kənddə olduqları vaxt bizə tez-tez gəlirdi. Gözəl gəlin, həm də çox mehriban adam idi…

Elə o vaxtlar, ilini dəqiq deyə bilmərəm, 60-cı illərin lap əvvəlində Səknəxalagildə təsir gücünə görə bəlkə qanlı Surra toyuna bərabər hadisə baş verdi. Kamil müəllimin kiçik qardaşı, Əzizağanın qaynı, iki uşaqla dul qalmış taksi şoferi Ağalar Əşrəf kişinin kiçik qızı Əzizəni qaçırdı…

X.X.

24.12. 2024, Samara

(ardı var)

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 4. CAHANGİR VƏ İMANQULU