
1985-ci ilin sentyabrında Salyanın Kürqaraqaşlı orta məktəbində, istirahət gününü çıxsaq, yeddi gün işləyəndən sonra başa düşdüm ki, mən daha Azərbaycanda qala bilmərəm. Pambığa görə yolları bağlamışdılar. Piyada Salyana gedib maarif şöbəsinədə çıxmaq ərizəsi verdim. Müdir Yusif Əliyev buna elə sevindi ki, onu ətli dodaqları ilə həbəşə oxşadan qara üzü də neft lampasının hisli şüşəsi kimi işıqlandı. Çünki mənə mərhum Sovet müəllimin vasitəçiliyi ilə “havayı” (!) verilmiş 10 saat dərsi elə həmin gün satacaqdı…
Qalırdı təzəcə düşdüyüm pasport qeydiyyatından çıxmaq. Səhəri gün Neftçalaya getdim. Ordan “getmə vərəqi” alıb kənd sovetində möhürlətdirmək lazım idi. Pasport xidmətinin rəisi mənə dedi ki, biz sənə getmə vərəqi verə bilmərik, çünki sərəncam var ki, Azərbaycandan Rusiyaya adam getməsin…
1985-ci il. Bilməyənlərin yadına salıram ki, Azərbaycan ayrı ölkə deyildi, SSRİ-nin tərkib hissəsi idi, Azərbaycandan Rusiyaya getmək Şaamaxıdan Qubaya getmək kimi bir şey idi. İndi bu rəis məni buraxmır…
Əlbəttə, bu şarlatanın fikri məndən pul almaq idi. Mən isə heç yol pulunu düzəltməmişdim…
Çıxıb polis idarəsinin həyətində gəzişirdim. Birdən uşaqlığında nənəsi Bəyim xalanın (Ağ Bəyim) dilliylə hamının “Ağıllı” çağırdığı Ələkbər qabağıma çıxdı. Polisdə işləyən Ələkbər ora niyə gəldiyimi öyrənib dedi ki, müəllim, darıxma, bir az gözlə, mən o vərəq işini düzəldərəm.
Çox gözləmədim. Ələkbər qayıdıb getmə vərəqini mənə verib dedi: Müəllim, bu vərəqi rəis verəndə quş qoyur. Quşu kənd soveti görəndə bilir ki, rəis pulu alıb. Mən Qəzənfərin quşunu özüm qoymuşam, elə biləcək pul verilib. Apar möhürlətdir…
Yəni pasport rəisi ilə kənd sovetini sədri belə “quşlaşırlarmış”…
Fikirləşirdim ki, yəqin möhürü Qəzənfər özündə gəzdirər və möhürü elə evində vurar. Bir gün sonra səhər tezdən gedib Qəzənfərin evinə çatanda gördüm ki, çəpərin dalında saxladığı maşının yanında dayanıb. Dedim getmə vərəqinə möhür vurulmalıdır. Vərəqə baxıb dedi ki, gələrsən idarəyə.
Bu ərəfədə iki gün dalbadal güclü yağış yağmış, torpaq yollar hardasa dərin çala-çuxura, hardasa əsl xəndəyə dönmüşdü. Qəzənfərin idarəsi isə Qaraqaşlı kəndindədir. Mən ora necə gedib çıxaram?
Dinmədim. Düşdüm yola. Rəhmətlik Qardaşın evinin yanına çatanda Qəzənfər maşınla yanımdan palçıq sıçradaraq keçdi…
Qırx il əvvəl Ərəbqardaşbəylidən Qaraqaşlıya qədər olan yolların yağışan sonra nə hala düşdüyünü yaşlılar yaxşı bilirlər. Palçıq mənim əfəlləmiş yay ayaqqabılarımın içinə dolurdu, şalvarım dizlərinəcən bulanmışdı.
Qəzənfər bu əziyyəti mənə niyə verirdi?
Mən Moskvadan qayıdandan sonra Azərbaycandan o qədər bezmişdim ki, Qəzənfər desəydi möhür Dirov dağının başındadır, mən iməkləyə-iməkləyə gedib Dirov dağının başına çıxardım. İnsanın azadlığı ona həyatı qədər əziz olmalıdır, azadlığı həyatdan ayırmaq olmaz, azad olmayan insanın həyatı itin günüdür. Sərhədləri bağlayanlar insanları boynu zəncirli itin gününə salırlar…
Mən Cəngənə çatanda daldan traktor səsi eşitdim. Yolun lap qırağına çəkilib dayandım. Traktor mənə çatıb dayandı. Hündür kabinədə oturmuş adam məni çağırdı: Müəllim, gəl otur.
Traktora dırmaşıb özümü saldım kabinəyə. Traktorçu İzzət idi, Lətif kişinin böyük oğlu. Həmişə minnətdarıqla xatırlayıram…
Qaraqaşlıda idarəyə gedib Qəzənfərin hüzurunda durdum. Qəzənfər üzümə baxmadan möhürü, deyəsən, elə cibindən çıxarıb getmə vərəqinə vurdu. Yəqin ki, möhür səhər məni evinin yanından piyada Qaraqaşlıya göndərəndə də cibində olub…
Rusiyada, elə Avropada da, bir vaxt katorqalı dustaqların ayaqlarını qandallayırdılar. Müddəti bitəndə dəmirçi o qandalları vurub qırırdı. Qəzənfər möhürünü vuranda elə bildim ki, ayaqlarımdakı qandallar qırılıb. Hara istəsəm, gedə bilərəm…
Sualımı təkrar edirəm: Qəzənfər o əziyyəti mənə niyə verirdi? Bəlkə vərəqdəki quşdan şübhəyə düşmüşdü?
Mən onun uşaqlarına dərs deməmişəm ki, məndən incikliyi olaydı. Kənddə yaşayanda heç ildə bir dəfə görməzdim. Bəs bu hampazorluq, qudurğanlıq göstərməyin səbəbi nədir?
Mən yaxşı bilirəm ki, mənim Qəzənfərdən yazdığım onun uşaqlarını incidər. Ata, kimliyindən asılı olmayaraq, uşaqları üçün əzizdir. Mən Qəzənfəri uşaqlarının gözündən salmaq istəmirəm. Mən ondan ata kimi yazmıram. Mən ondan məmur kimi yazıram. Kənd sovetinin sədri – seçkili orqanın rəhbəridir. Bundan əvvəl Qəzənfər uzun müddət ferma müdiri olmuşdu. Və Qaraqaşlıdan Qaralıya və hətta Bankəyə qədər olan bütün idarələr, müəssisələr, təsərrüfatlar kimi onun rəhbərlik elədiyi ferma da quldurxana idi. Və Qəzənfər bizim ərazidə ən tamahkar, an acgöz, üstəlik qudurğan və hampazor adamlardan biri və bəlkə də birincisi olub. Qızıl sovet manatına yaradılmış, xaricdən, ən azı Estoniyadan gətirilmiş cins mal-qarası olan fermanı başının quldur dəstəsiylə necə dağıtdığı, sata bilmədiyini kəsib-doğradığı məlumdur. Və düz əməlli yazıb-oxuya bilməyən, pulla Kirovabaddan diplom almış bu adam kəndin “hörmətli adamı” sayılır, məclislərdə yuxarı başa çəkilirdi…
Hə hər məclisdə yəqin günlərlə tər töküb əzbərlədiyi iki bənd “şeiri” gərək özünü Səməndər Rzayevə oxşadaraq deyəydi…
Kolxoz sədrləri, sovxoz direktorları, partkomlar, fabrik direktorları, şöbə müdirləri, baş aqronomlar, briqadirlər, qapançılar, mühasiblər, kassirlər – bunların içində saf adam olub? Bu adamların oğurlamaqdan, basıb-yeməkdən, yığmaqdan başqa fikirləri, niyyətləri olub? Yox! Elə buna görə bizim kəndlər artmır, gedən qayıtmır, qalanlar isə elə bil ki, gedə bilməyənlərdir…
Bu adamları oğurluqla sərvət yığmaq qane eləmir. Bu adamlar yağlandıqca, ağır zəhmətiylə onları varlandıran sıravi vətəndaşlara rəiyyət kimi baxır, onlardan itaət, təzim gözləyirlər. Əzmək, əziyyət vermək həzz mənbəyinə çevrilir. Normal tərbiyəli və təhsilli adamlar filarmoniyada, teatrda ya da radio və televiziya ilə musiqi dinləməklə, tamaşaya, idman yarışlarına baxmaqla həzz alırlar, bu adamlar isə onlara işə düşəni get-gələ salmaqla, dərisini soymaqla. Yəqin mənim dizəcən palçığa bata-bata getdiyimi maşınının pəncərəsindən görəndə Qəzənfər də kef çəkib…
Bu adamlar elə yaşayırlar ki, elə bil heç vaxt ölməyəcəklər…
Övladlar atalarını onların kim olduğundan asılı olmayaqraq sevməlidirlər. Ancaq ovladlar atalarının kim olduğunu bilməlidirlər.
Dəqiq deyə bilmərəm: bəlkə hələ məktəbə getmirdim, ya da təzə-təzə birinciyə gedirdim. Kür aparan evdə olurduq. Bir dəfə gecə yarısı ya da səhərə yaxın səsə ayılıb lələmin geyinib pul saydığını gördüm. Sonra ayırdığı pulla qırağa çıxdı. Məməmgilin danışığından bildim ki, Qəfər (o vaxtlar görməmişdim)”xarablaşıb”, Bakıya aparırlar, borc pul almağa gəliblər… Gələnin ya gələnlərin kim olduğunu bilmədim. Bəlkə də Alışır dayının oğlanları olardılar…
Ən azı daha bir dəfə Qəfər “xarablaşanda” lələmin yanına gəliblər, lələm pul verib…
Qəfər kişi, heç ibtidai təhsili olmasa da, sonradan sovxozun baş mexaniki işləyirdi, onu gəzdirmək üçün maşın ayrılmışdı. Kənd təsərrüfatı texnikumunun mexanika şöbəsində oxuyan qardaşım sovxoza təcrübə keçmək üçün göndəriləndə Qəfər kişi onu elə burunladı ki, Adıgözəl təcrübəni hardasa ayrı yerdə keçdi…
Mənim bu söhbətimdən, əgər təsadüfən gözlərinə dəysə, Qəzənfərin uşaqları inciməsinlər. Mən onların atasından yox, Xudayar bəyini yerinşini yerimək istəyən kəndçimizdən yazıram. Xudayar bəy Məmmədhəsən əminin dalınca belə deyirdi: “Mən o kəndin katdası deyiləm? O gün omaz ki, mənə işi düşməsin. Basaram palçığa, çıxaram üstünə, ayaqlaram…”
Sözümün conunda Bəyim xalanın (Ağ Bəyim) istəkli nəvəsi, uşaqlıqda kənddə nnnəsinin diliylə hamının “Ağıllı” çağırdığı Ələkbərə minnətdarlığımı bildirirəm. Onun rəisin otağından xəlvət götürdüyü, üstünə saxta “Qəzənfər quşu” qoyduğu getmə vərəqi olmasaydı, mənim sümüklərim Ərəbqardaşbəyli qəbiristanlığında çoxdan çürümüşdü…
Hamının, hər kəsin “getmə vərəqi” olmalıdır. Hər kəs istəyəndə gedə bilməlidir. Vətəni vətən edən onun qəriblik, mühacirlik, səyyahlıq alternatividir. Bağlı sərhədlərinin içinə pərçim olduğun ölkə vətən deyil, türmədir…
X.X.
27. 12. 2024, Samara
əvvəli burda:
ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 7. MƏLAHƏT VƏ QƏNBƏR