
Dəyişik salmıramsa, 1978-ci ilin yazında, bəlkə də bu, aprel ayında olub, Bakıdan Salyana qaıyldlrdım. (Mənə kənddən dedilər ki, dəyişik salmışam: hadisə 1980-ci ildə olub — X.X.) Yarıyacan boş avtobusda yolun çoxunu məni yuxu basırdı. Birdən qışqırığa ayılıb qabaqda oturan arvadların yolun soluna baxdıqlarını gördüm. Avtobus ya yavaşımış ya da bir anlığa dayanmışdı. Arvadın biri deyirdi: “O, Böyükkişinin maşınıdır”.
Dünəndən yağan yağış günortadan sonra da dayanmaq bilmirdi. Hava tutqun olsa da, asfalt yoldan aşğıda, on-on beş metr aralı bir-birindən təxminən əlli metrlik məsafədə iki yük maşını üz-üzə dayanmışdılar. Arvadların həyəcanlı danışığından başa düşmək olardı ki, qəza olub, kimsə ölüb. Ancaq maşınlarda zahirən qəza əlaməti yox idi. Elə bil ki, sürücülər avtomobilləri saxlayıb hardasa yaxında çay içirlər.
Qəza yerində heç kim görünmürdü.
Salyana çatan kimi elə avtovağzalda öyrəndim ki, kəndçimiz Səməd kişinin iki oğlunun maşınları Bakı yolunda üz-üzə gəlib toqquşub. Böyük qardaş Böyükkişi hadisə yerində ölmüşdü. Məhərrəm heç bir xəsarət almamışdı.
Ərəbqardaşbəylidə (keçmiş Komsomol) qəbiristanlığın yanında maşından düşəndə Böyükkişini basdırırdılar…
Yağış daayanmış, gün çıxmışdı…
Məhərrəm Səməd kişinin üçüncü oğludur. Bildiyimə görə, bir müddət kəndin yuxarı başında olan nənəsi ilə qalırdı. Bir dəfə qardaşım Süleymanla o arvadın həyətinə getmişəm. Yadımdadır ki, arvad elə bizim yanımızda Məhərrəmi nəyə görəsə tənbeh edir, Məhərrəm isə zarafata basırdı. Sonralar Süleyman danışardı ki, Məhərrəm nənəsini vaxtaşrı tovlayıb ondan pul çəkirmiş. Sürücülük oxuyanda deyirmiş müəllimlərə pul lazımdır, vəsiqəyə pul lazımdır. Sonra deyirmiş, maşın götürürəm, maşın götürəndən sonra maşının təkərləri partlayırmış, gah sükan sınırmış, deyirmiş maşını sağa-sola döndərə bilmirəm…
Əslində Məhərrəm heç vəsiqə də ala bilməmişdi…
Sonralar yəqin Məhərrəm üç il əsgər olub. Mən onu hardasa neft mədənində ya da qazmada işlədiyi vaxtlar görərdim. Lələmin yerində kolazda qalanda Məhərrəmi işə gedəndə ya işdən gələndə o tay-bu taya çox keçirmişəm. O vaxt mənim on üç-on dörd yaşım olardı. Məhərrəm kolazın ayaq tərəfində oturub mənimlə dərdləşir, həyatından, işindən çox giley-güzar eləyirdi və tezliklə çıxıb gedəcəyini deyirdi. Bir dəfə ona dedim: “Məhərrəm, bəs deyirdin gedəcəksən, bəs niyə getmədin?” Məhərrəm, deyəsən, mənim bu yersiz sualımdan incidi və hətta kövrəldi də: “Darıxma, qardaş, gedəcəm…”
Çox xəcalət çəkdim…
Az sonra Məhərrəm doğrudn da getdi. Onun Rusiyaya, ya Qazaxstanda yaşadığını dəqiq bilmirəm. Ancaq bilirəm ki, qışı soyuq olan yerdə olurmuş.
Qardaşım Adıgözəl Salyan kənd təsərrüfatı texnikumunda oxuyanda Məhərrəmin qardaşı Böyükağa Salyan tibb məktəbində oxuyurdu və qardaşımla ev tutub qalırdılar. Bu, təxminən 1963-67-ci illərdə olub. Böyükağa ilə qardaşım vaxtlarını yaxşı keçirirdilər. Böyükağanın qardaşı Böyükkişi və kürəkənləri, sonralar ciddi dindar olmuş Əfsər də tələbələ qoşulur, yeyib-içirlərmiş. Qardaşım bir dəfə kəndə gələndə Məhərrəmin Böyükağaya yazdığı məktubların bir neçəsini oğurlayıb gətirmişdi. Məməmgilə oxuyur, gülüşürdülər. Çünki Məhərrəmin hardansa, çox uzaq soyuq yerdən yazdığı məktublar gülməli idi. Xüsusən rus sözlərini bizim sözlərimizə qarışdırmağı. Məsələn, Məhərrəm yazırdı: “Siz indi orda isti yerdə oturmusunuz, yeyib-içirsiniz. A mən?” Gülməli olan “A mən” idi. “A” – bu cümlədə rusca “bəs” deməkdir. Yəni Məhərrəm demək istəyir ki, siz kefdəsiniz, bəs mən?..
Özgə məktublarını oxumaq, əlbəttə, yaxşı deyil. Ancaq Adıgözəl oxuyardı. Mənim də məktublarımı açıb…
Bir dəfə, bəlkə də mən pedaqoji məktəbdə oxuyan vaxtlar, kəndə xəbər yayıldı ki, Məhərrəm gəlib. Hansı fəsil olduğu yadımda deyil. Ancaq soyuq idi. Tezliklə Məhərrəmin özünü də gördüm. O. yeddi-səkkiz zəvzəyi də dalına salıb bizə, lələmə dəyməyə gəldi. Bu vizitdə onu o zəvzəklərdən başqa Ağası müəllim də müşayiət edirdi. Süleyman da, onun sinif yoldaşı olmuş Ağası müəllim də Məhərrəmdən bir neçə yaş kiçik idi. Məhərrəm bir növ onların müəllimi, ustadı olmuş, uşaq yaşlarından onlara tütün çəkmək, kart oynamaq öyrətmişdi… Lələm oturmuşdu ocağın qırağında, Məhərrəmlə Ağası müəllim oturdular pəncərənin içində, zəvzəklərin də ayaq üstə duranı da var idi, yerdə bardaş qurub oturanı da. Hamının gözü Məhərrəmdə idi. Məhərrəmin geyimi kənd üçün qeyri-adi idi. Əynində Baloniya plaşı, başında Brejnev qoyan, rusların “Qoqol”, “pirojok” dediyi papaqdan var idi. Papaqla Baloniya plaşı tutuşmurdu, elə bil Məhərrəm bunları yolda ayrı-ayrı adamlardan çırpışdırmışdı. Lələm böyük maraqla Məhərrəmə baxır, onun olduğu yerdəki ucuzluqdan elədiyi söhbətə çox təəccüblənirdi. Məhərrəm əynindəki plaşı göstərərək deyirdi: “Cahangir dayı, bu plaşı görürsən? Neçəyə olsa yaxşıdır? Yeddi manata!”
Deməliyəm ki, o vaxt dəbə düşmüş, pullu gəclərin geydiyi Baloniya plaşını mağazalarda almaq olmazdı, əldə 80-100 manata satırdılar, çox vaxt da qəlp olurdu. Kişi bunları hardan biləydi. Sovet gələndən kolazda sırıqlı geyirdi.
Məhərrəm söhbətinə davam edirdi. “Cahangir dayı, orda çörək satırlar, ağappaq. Kilosu neçəyə olsa yaxşıdır? Üç qəpiyə!”
Lələm bolşeviklər gələndən kommunizm söhbətlərini çox eşitmişdi, yəni hər şeyin havayı olacağı quruluş haqqında məlumatı vardı, ancaq bu vədlərə inanmamışdı. Çünki ildən-ilə yemək, paltar nəinki havayı olmur, hətta bahalaşırdı da. İndi belə çıxır ki, hardasa bolşeviklər kommunizmə yaxınlaşıblar…
Məhərrəm şalvarını göstərib deyirdi: “Bu şalvarı görürsən? Üç manata almışam…”
Ağası müəllim Məhərrəmin yanında oturub başını çoxmənalı şəkildə yelləyirdi. Sonralar bir neçə il ərzində o, Məhərrəmin Cahangir kişi ilə söhbətindən məktəbdə gənc nəslin tərbiyəsi və təhsili zamanı çox geniş istifadə edirdi…
Bəlkə də bu şəbehi Məhərrəm lələmin kefini açmaq üçün çıxarırdı. Səməd kişi də, Arəstə xala da qaraqaqabaq adamlar olsalar da, uşaqlarının hamısı zarafatcıl, oyunbaz, hazırcavab idi.
Məhərrəm kəndə bir az qalandan sonra yenə yoxa çıxdı.
Uzun illər Məhərrəmdən xəbərim olmadı. Sonra deyirdilər ki, qardaşı Böyükkişi gedib onu yaşadığı yerdən, deyəsən, Qazaxstandan ailəsi ilə birgə gətirib, ona iş düzəldib, ev düzəldib. Bir vaxtlar nənənsinin başını yalançı şoferliyi ilə tovlayan Məhərrəmin indi doğrudan da vəsiqəsi vardı, Böyükkişinin köməyi ilə o da yük maşını götürüb işlədirdi….
Böyükkişi basdırılandan günün sabahı yasa getdim. Məhərrəmi çadırın ağzında oturan görəndə sevinən kimi oldum. Belə çıxırdı ki, onun bacı və qardaşları yaranmış faciəvi sitüasiyadan ləyaqətlə çıxmışdılar, yəni Məhərrəmin üztünə tökülüşməmişdilər ki, indi səni cırıq-cırıq elərik, sən, avarının biri, gəldin, kaş gəlməyəydin, bizim istəkli qardaşımızı, arxamızı, dayağımızı öldürdün… Yox, bunların heç biri olmamışdı. Məhərrəmi məclis sahibi kimi çadırın girəcəyində otuzdurmuşdular. Hamı yaxşı bilirdi ki, təsadüfən olan işdir. Məhərrəmin içində çəkdiyi ona bəs idi…
Mənim qardaşım Adıgözəl Salyanda oxuduğu vaxtlar Böyükağa, Böyükkişi və Əfsərlə birlikdə kinoya getməklərindən danışırdı. Yəni bu dördlük təkcə araq içmir, kart, domino, nərd oynamır, vaxtlarının bir hissəsini mədəniyyətə də həsr edirdi. Bir dəfə “Kosmos” kinoteatrnın elə böyründə olan yay klubunda bir filmə baxıblar. Film Böyükküşinin xoşuna gəlməyib, baxdıqca tüpürürümüş. Klubdan çıxanda tələbələrə deyib ki, bu şoğərib filmin adını yazın bir kağıza, cibimdə gəzdirim, birdən ayrı yerdə çaşıb yenə baxaram…
Böyükkişi özünü bəyənmədiyi filmdən qorumaq üçün üstündə onun adı yazılmış kağızı cibində gəzdirmək istəyirdi…Adını, vaxtını bilmədiyimiz, ancaq olacağı taleyimizə yazılmış hadisələrdən necə qorunasan?…
Məhərrəmi sonralar görmədim…
X.X.
28-29. 12. 2024, Samara
əvvəli burda: