Əgər qarışdırmıramsa, elə dəfn günü, bəlkə də lap dəfn zamanı, zərərçəkən tərəfin mövqeyini keçmiş kolxoz sədri, Bağda xalanın yaxın qohumu İmanqulu Rzayev qarşı tərəfin adamlarına və hökumət nümayəndələrinə elan eləmişdi: Bu, bədbəxt hadisədir, biz Qardaşdan şikayətçi deyilik. Bu mövqeyin Bağda xala ilə necə, nə dərəcədə razılaıdırıldığını deyə bilmirəm. İşin yola qoyulmasında Bağda xalanın bacısı oğlu Bəybalanın da yaxından iştirak etdiyi deyilirdi.
Qardaşın ağsaqqalı, lələmin dili ilə desəm, Qəfər oğlu Səttar idi. Lələm onu belə çağırardı, çünki kənddə bir Səttar da olmuşdu…
Qardaşın milisdə neçə gün ya neçə saat saxlandığını yadımda deyil. Tezliklə bu işə xitam verildi – hansı hüquqi əsaslarla və təsnifatla, deyə bilmərəm.
Qardaşın Əkbəri qəsdən öldürmədiyi şübhəsizdir. Onlar həm yaxın qohum, həm də yaxşı yoldaş idilər. Aralarında heç bir ədavət ola bilməzdi. Əkbərin ölümü bədbəxt hadisə idi, ancaq bu hadisənin detalları da hüquqi cəhətdən çox vacibdir. Deyirdilər ki, guya Qardaş un kisələrinin üstündə yatıbmış, Əkbər qaranlıq dəhlizə girib zarafatla onu qorxutmaq istəyəndə, ayılıb əlindəki silahın tətiyini çəkib. Qardaş yuxulu ikən Əkbərin ona yaxınlaşıb tüfəngini əlindən çəkdiyini də deyirdilər. Guya bu anda Qardaş onu un oğrusu bilib atəş açmışdı…
Məgər keşikçinin növbə vaxtı yatmağı vəzifə təlimatının pozulması deyil? Deməli, Qardaş insan ölümü ilə nəticələnən səhlənkarlığa yol vermişdi. Bu, ağır cinayət deyil. Ancaq cinayətdir. Cinayət işi isə, Qardaşın dərhal azad buraxıldığını nəzərə alsaq, qaldırılmadı. İşi, çoxdan sədrlikdən çıxmış, ancaq rayonda əlaqələrini saxlayan İmanqulu Rzayev həll eləmişdi.
Güllə Əkbərin buduna dəymiş, onu qan aparmışdı. Vaxtında qan dayandırılsaydı, Əkbərin həyatına təhlükə yox idi. Danışırdılar ki, Əkbəri yaralayandan sonra Qardaş başılovlu bir neçə adamın qapısına gedib onları köməyə çağırmışdı. O adamlar qorxub boyun qaçırmışdılar. Onların adları da çəkilirdi… Qardaşa qoşulub getməyə yalnız Səttar kişi razı olmuşdu. O, hadisə yerinə çatanda Əkbər artıq keçinmişdi…
Mən məsələnin bu tərəfini ona görə xüsusi qeyd edirəm ki, bir müddət sonra İmanqulunun öz tayfası, arvadlı-kişili, Qardaşa qarşı çox yöndəmsiz bir kampaniyaya başladılar. Bu kampaniya illərlə davam elədi və Bağda xala və oğlanları üçün, xüsusən Şiralı və Qardaşın doğma bacısı olan arvadı Rübabə üçün işgəncəyə çevrildi…
Bu hadisədən sonra uzun illər ərzində Qardaş kəndin içində görünmədi. İşlədiyi yerə, məsələn, Babazanlıya, Şirvan yolu ilə gedib-gəlirdi. Evinin kəndin yuxarı tərəfinin qırağında olmağı da onu gözəgörünməz yaşamağını asanlaşdırırdı…
Dəqiq deyə bilmərəm, Əkbərin ölümündən lap az, bəlkə bir həftə sonra Qardaşın anası Qunça xala öldü. Deyirdilər ürəyi partlayıb. Bəlkə bu ötkəm, məğrur arvadı oğlunun tutula biləcəyindən qorxmağı yox, Əkbərin anası, qardaşları qarşısında çəkdiyi xəcalət və Rübabənin taleyi üçün nigaranlıq öldürdü: oğlu qızının qaynını öldürmüşdü. Bir uşaq anası olan gəlin qızının həyatının məşəqqətə dönəcəyini Qunça arvad yaxşı başa düşərdi..
Bağda xalanın dərdinin böyük olduğunu demək azdır. Əri müharibəyə gedəndən sonra öhdəsində dörd oğlan və qayınanası qalan Bağda xala fövqəladə hünər göstərib onları kəndlərimizdə minlərlə uşağın, böyüyün ölümünə səbəb olmuş quduz aclıqdan çıxarmış, sonralar oğlunun ikisi bədbəxt hadisənin qurbanı olmuşdu. Azyaşlı Ənvər Bağda xalanın gözü qabağında Kürdə boğulmuşdu. Deyilənə görə, Bağda xala suvatda yun yuyanda, xeyli oğlan uşağı çimirmiş. Birdən görürlər ki, dərinə getmiş Ənvər və Əliağanın kiçik oğlu Gülhüseyn (Qadil) batıb-çıxırlar. Bağda xalanın böyük oğlu Şiralı üzüb onlara çatmış, əlinə birinci keçəni, yəni Qadili çəkib dayaza gətirincə öz qardaşı boğulmuşdu…
Əkbər də belə…
Bağda xala böyük ürəkli arvad idi, ona üz vermiş qanlı faciənin ağrısını ləyəqətlə çəkər, hətta oğlunun qatili saydığı insanı bağışlaya da bilərdi. Ancaq yaxın qohumlarından olan “xeyirxahlar” hər gün onun başına yığışıb ürəyinin yarasını üzə gəlməyə qoymurdular. Bağda xalanı “Bağda əmiqızı”, “Bağda püstə” çağıran bu bir dəstə arvad yorulmadan, həvəsdən düşmədən onu mübarizəyə, qisasa təhrik edirdilər.
Bağda xala qisasını necə almalıydı?
Birinci növbədə oğlu Şiralıya arvadını, yəni Əkbərin qatilinin bacısını boşatdırmalı idi.
Şiralı arvadını boşamadı. Müəllimlik vaxtı mən Baharı, Gülnarı, Pərvanəni az-çox tanımışam. Daimi gərginlik, qapıdan qovulanda pəncərədən içəriyə yol tapan qeybətlər, şayiələr atmosferində necə səmimi, işıqlı, hiyləsiz, yalansız uşaqlar böyümüşdülər!
Qardaşının ya səhlənkarlıqdan ya da fatal təsadüfdən törətdiyinin bütün ağırlığını Rübabə çəkib: on illərlə öz yaxın adamları ilə, doğma bacıları ilə ünsiyyətdən mərhum olub, qulaqlarl hər gün Bağda xalanın onun qardaşına və hətta özünə də elədiyi qarğışları eşidib. Mənə elə gəlir ki, Rübabə Bağda xalanı bağışlayardı, bəlkə bağışlamışdı da, ancaq “Bağda əmiqızı”, “Bağda püstə” deyə-deyə fitnəkarlıq edənləri, ara qızışdıranları yox…
Bağda xalanın “xeyirxahları”nın hamısı, qəribə görünsə də, imanqululardan idi. Mən “imanqulular” sözünü neqativ mənada işlətmirəm. Bəlkə də bu ifadə onun sədrlik, amiranəlik dövründə, qılıncının dalı da, qabağı da kəsdiyi vaxtlar yaranmışdı. Mənə elə gəlir ki, onun nəslindən olanların özləri də “imanqulular” adlanmaqları ilə fəxr edirdilər…Onlar həm də Bağda xalanın yaxın qohumları idilər və indi özlərini ürəyi yanan kimi göstərib qisas tələb edirdilər. Maraqlıdır ki, Qardaş kəndin içində görünməsə də, evindən heç yerə getməmişdi, hər gün işə gedir, axşam qayıdırdı. Bağda xalanı yarasını eşən arvadların ərləri, qardaşları bir dəfə də olsun Qardaşa heç olmasa, uzaqdan xırdaca bir daş da tullamadılar…
Maraqlı hım də budur ki, İmanqulu kişi niyə bu arvadları yerində otutrtmurdu. Axı işi o bağlatdırmışdı, arada ədavət olmayacağına zamin durmuşdu! Və yaxşı da iş görmüşdü. İndi niyə öz övladları, başqa yaxınları gördüyü işi pozub onun nüfuzuna ziyan gətirirdilər? Qardaşı düşmən sayırdısa, niyə vaxtında tutdurmurdu?
Mənə elə gəlir ki, bəlkə də İmanqulu Rzayev Qardaşı tutdurardı — əgər Qəfər oğlu Səttar olmasaydı!
Qəfər oğlu Səttar Qardaşla qohum idi, ölüm işi yoluna qoyulanda Qardaşa o ağsaqqallıq edirdi. İmanqulu Qardaşı tutdursaydı, Qəfər oğlu Səttar bunun acığını hökmən çıxardı. Səttarın rayonda, hətta Bakıda əli çatan adamlar İmanqulunun adamlarından zəif deyildilər. Bəlkə də Qəfər oğlu Səttar acığını elə özü çıxardı. Bəlkə İmanqulu Rzayevin sədr olduğu vaxtlar ağ daşdan inşa etdiyi üçgöz ev indi yox, elə o vaxt yanardı. Bəlkə bundan da ciddi şeylər baş verərdi. İmanqulu Rzayevin Qəfər oğlu Səttara gücü çatmazdı…
02. 01. 2025, Samara
(ardı var)
əvvəli burda:
