ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 12. ƏKBƏR (III)

MƏN 1 YANVAR 2025

Çoxu o vaxtkı yaşlarına görə gəlin adlandırıla biləcək qadınlar Qardaş və onun ailə üzvləri ilə lap ötəri təmasda olan, lap təsadüfən görüşüb salamlaşan hər kəs haqqında məlumatı dərhal Bağda xalaya çatdırır, o insanlar qara siyahıya düşürdülər. İmanqululardan olan kişilərin də birliyi yaranmışdı, bunlar toy ya yas məclislərinə bir yerdə gəlir, Qardaşın özü və ya ona yaxın adamlar oturan tərəfə çoxmənalı şəkildə baxaraq öz aralarında guya tezliklə həyata keçiriləcək vacib əməliyyatı müzakirə edirdilər.

Heç birinin Qardaşa yaxın getməyə cəsarəti çatmırdı…

Maraqlıdır ki, Əkbərin doğma qardaşı bu dəstədə deyildi. Yavər tayfaçılıqdan uzaq, vicdanlı adam idi. Qardaşının dərdini ləyaqətlə çəkirdi…

Və bu da maraqlıdır ki, imanqululuların dəstəsində mərhum Şirinbala da vardı. Qardaşın doğma qaynı…Heç bir peşə təhsili olmayan, ancaq həmişə hardasa kassir işləyən, pulu, maşını olan Şirinbala güclü arxaya ehtiyac duyur və imanqululuları belə arxa sayırdı.

Mərhum Şirinbalanı xüsusi xatırlatmağımın səbəbi var. Bu, bir az aşağıda bilinəcək.

Əkbərin ölümü icma bağları onsuz da zəif olan kənddə çoxlu çatlar yaratdı. Bir neçə il ərzində toy və yas mərasimləri qarşıdurma meydanına, kin nümayişinə çevrilir. İmanqululularda tayfa rəhbərinin sədr olduğu vaxtdan özlərini kənddə hamıdan üstün göstərmək, boyun-boğazlarından, qulaqlarından asılan qızılla həsəd yaratmaq tələbata çevrilmişdi. İmanqulu Rzayev kolxozdan qazandığı pulları uşaqlarının təhsilinə də qoya bilərdi. Yaxşı təhsil insanı mədəni olmaqdan əlavə, onu təvazölü, başıaşağı elər. İmanqulu Rzayev kolxozun gəlirini qızıla çevirməyi üstün tutmuşdu. Nadan adam isə qızıllananda o qızılı qox, qızıl onu idarə edir… İdarə eləməkdən çox dingildədir, oynadır…

Mən niyə imanqululular, onların Qardaşla çox yöndəmsiz, karikatur ədavəti barədə ətraflı danışıram? Onlara qarşı mənim şəxsi antipatiyam yoxdur. Maraqlı bir şey deyim: mən 2015-ci ildə sonuncu dəfə Azərbaycandan gələndə Bakı aeroprtuna məni şəhərdən İmanqulu Rzayevin nəticəsi Amil gətirib. Gecə məmə görə yuxusuz qaldı. Ona bir daha minnətdarlığımı bildirirəm… O vaxt, Əkbərin ölümündən sonra isə imanqululuların “qisas”, “ədavət” oyunlarından bizim ailəmiz çox ziyan çəkib.

Qardaşım Süleyman 1963-cü il dekabrın birində əsgər gedib, 1966-cı ilin dekabrında, yəni Əkbər öldüeüləndən üç il sonra qayıdıb. Bir neçə ay işsiz gəzəndən sonra Babazanlıda yerləşən bir idarədə yük maşını götürdü. Və işə girən kimi də Süleyman imanqululuarın qara siyahısına düşdü: demə Qardaş da o idardə işləyirmiş…

Süleymanın işə düzəldiyi idarə Azərbaycanın müxtəlif rayonlarında yerləşən balıqböyütmə müəssisələrinə xidmət edirdi. Ona görə Süleyman çox vaxt maşınıyla ezamiyyətdə olurdu, məsələn, indi Göygöl adlanan Xanlarda. Ezamiyyət bir ay da çəkə bilirdi. Yəni Qardaşla hərdənbir görüşsə də, yaxın yoldaşlıq eləyə bilməzdi. Əsgərlikdən qabaq da Süleymanın Qardaşla yoldaşlığı olmamışdı, çünki aralarında xeyli yaş fərqi var idi. İdarə gəldiyi vaxtlar yəqin ki, Qardaşla görüşürmüş, onunla çay da içrimiş. Niyə görüşməyəydi? Qardaş ona neyləmişdi? Niyə indi Qardaşı qatil sayanlar dörd il bundan qabaq onu tutdurmurdular? Süleymanı gözləyirdilər ki, gəlib qisas alsın? Ya Süleyman əsgərlikdən gələn kimi imanqulululara qoşulub uzaqdan-uzağa Qardaşa göz ağartmalıydı?

Yeri, gəlmişkən, kəndin yaşlıları mərhum Qardaşın necə göz ağartdığını bilirlər…

Süleyman, Yavərdən yaşca yaşca kiçik olsa da, məktəb vaxtından onunla dost idi, əsgərlikdən qabaq az qala hər gün ya Süleyman Bağda xalagildə olardı, ya da Yavər bizdə. Bağda xala Süleymanı çox istəyərdi. İndi “Bağda püstə”, “Bağda əmiqızı” deyənlər onun “düşmənlə oturub-durduğunu” ona çatdəran kimi, Süleyman ürəkdən çıxarılıb qara siyahıya salındı.

Yavər bizdən ayağını kəsdi…

Bağda xala illərlə bizə gəlib-getmədi. Bağda xalagillə biz həmişə yaxın olmuşuq. Bizi həm də Salyanda yaxşı ad qoyub getmiş Şirinbala Süleymanovla ümumi qohumluq birləşdirirdi: Şirinbalanın atası mənim Qulu əmimdir, anası isə Bağdanın xalası Balaxanım olub…

Qardaşa uzadan da xırda daş atmağa da cəsarətləri çatmayan “qeyrət mücahidləri” Süleymanı cəzalandırmaq istədilər.

Süleymana qarşı kinin əsas səbəbi Qardaş deyildi, Qardaş əslində bəhanə idi. Süleyman heç bir dəstəyə qoşulmurdu, “tayfa”nı saymır, onun bayrağı altından keçmirdi. Tayfa isə “kim bizimlə deyilsə, bizim əleyhimizədir” prinsipi ilə yaşayır.

Mərhum Rasimin toyu yəqin 1968-ci ilin yayında olub. O vaxtlar iməciliklə bir həftəyə inşa edilən kənd toyxanalarını gərək öz gözünlə görəydin… Bu başından baxanda o başı dumanlı görünən toyxananın ortasında iyirmi üç yaşlı subay Süleyman oynayır. Birdən, səhv etmirəmsə, Malikin ya malikgilin özləri ilə Salyandan gətirdiyi ucaboy bir cavan oğlan yerindən atılır ortaya, dövrə vurub başlayır Süleymanın qabağında oynamağa. Süleyman oynamağına davam edir. Malikin qonağı ikinci dövrəni vurub Süeymanın qabağına çıxanda Süleymanın yumruğu onun çənəsini əzir…

Süleymanın yumruğu çox ağır idi. Əlibayramlı tərəfdə maşını sürüşüb balıqböyüdülən gölə düşmüşdü. Kran maşını qaldırıanda maşın çevrilmiş, Süleyman bağlı kabinədə suyun altında qalmışdı. Ölümdən yumruğu ilə maşının şüşəsini sındırmaqla qurtarmışdı…

Süleymanının yumruğu Malikin qonağının çənəsini əzən kimi “tayfa” durub Süleymanın üstünə töküldü. Eyni vaxtda Salah meydana atılıb Süleymanla birlikdə tayfanı qarşıladı…

İki nəfər, Süleymünla Salah, yeddi-səkkiz adamı döydü…

Elə gecə İmanqulu kişi, yəni davanı planlayan tərəfin ağsaqqalı, milis çağırmışdı. Səhərə yaxın gəlib Süleymanı da, Salahı da aparmışdılar…

İndi “aqqa” Şirinbalaya qayıdaq. Məməm durub damın tinində, əli qoynunda. Şirinbala Salyandan gəlir. Məməmin yanına çatanda salamsız-kalamsız deyir: “Hə, nə oldu, poxunuz düşdü bardağa?”

Şirinbala bilmirdi ki, Cahangir çoxdan Salahı da, Süleymanı da buraxdırıb. Kişinin qardaşı oğlu Şirinbala vaxtından qalma tanışlıqları çox idi. Kişinin pulu da var idi…

Bu rüsvayçılıqdan sonra tayfa elə bil ki, bir az özünü ələ aldı, guya Qardaşa qarşı apardıqları ədavət kampaniyasının nə qədər gülünc olduğunu qismən başa düşdülər…

Başa düşdükləri elə bu oldu… Malik, elə bilirəm ki, heç nə başa düşmədi. Qaşları daim dartılı olan bu adamda  dövlətin tikinti materiallarını satmaqla qazanıb dəstlə cibində gəzdirdiyi qırmızı onluqlar patoloji təkəbbürlülük, saymazlıq yaratmışdı…

Adilin nəyisə başa düşüb-düşmədiyini deyə bilmərəm. Mərhumun ayıq vaxtı az olurdu. Onu bilirəm ki, günlərin bir günü Adil qızını verdi Qardaşın oğluna.

Süleymanla da barışmışdılar. Elə barışmışdılar ki, hətta bir avtobusda şərik işləyirdilər…

Qaynayıb-qardışdılar…

Zallım uşağı, bəs illərlə niyə aranı qızışdırırdınız, niyə hər gün Bağda xalanın ürəyini qana döndərirdiniz, niyə Şiralının ailə həyatını işgəncəyə döndərirdiniz? İndi bəs nə oldu? Bir vaxt Qardaşla salamlaşanları düşmən qovurdunuz, indi Qardaşla qol-boyunsunuz. Bəlkə yeni faktlar üzə çıxdı? Bəlkə Əkbəri ayrı adam öldürüb?

Ancaq dərində mən bu qohumluğa, qaynayıb-qarışmağa müsbət yanaşıram. Təhrikçilik, fitnəkarlıq, araqızışdırmaqlıq insanların naqisliyindən, nadanlığındandır. Yaxşı musiqidən, teatr tamaşalarından, kitablardan, idman yarışlarından, ağıl məhsulu və ağlın qidası olan söhbətlərdən, bir-birinə məhəbbətdən, qayğıdan zövq almalı insan şayiə yaymaqdan, düşmənçilik yaratmaqdan həzz alırsa, bu, fəlakətdir. İndikilərdə əvvəlkilərin qüsurları, xəstəlikləri yoxdursa ya da əvvəlkilərdəki qədər deyilsə, buna ancaq sevinmək olar…

Mən kəndə axırıncı gəlişimdə ya ondan əvvəlkində mərhum Qardaşın qıbirüstü abidəsini gördüm. Əziz Naib məndən inciyə bilər, ancaq fikrimdə olanı gizlətmirəm: bu abidə səhvdir. Belə möhtəşım abidələr o abidə altında yatan adam haqqında hərtərəfli xatırlamağa təhrik edir. Hərtərəfili. Bu, hansı Qardaşdır? Əkbəri öldürən?..

Yaxşı ki, şəklini tüfəngsiz yaradblar…

Bu abidəyə qatı qaranlıqda un kisələrinin arasında öz qanına bulaşmış əlləriylə divardan tutub dikəlmək istəyən, canının hövlündən papağını ağzına basaraq ölmüş Əkbərin gözüylə baxın…

Bu abidəyə Bağda xalanın gözləriylə baxın…

BAĞDA XALANIN XATİRƏSİNƏ

Sonralar Bağda xala əvvəlki Bağda xala oldu. Mən hər il Rusiyadan gələn kimi bir toyuğu qoltuğuna vurub bizə gələrdi. 1995-cı ildə mən kənddə məzuniyyətdə olanda yatırdı. Məməm tez-tez dəyirdi. Getməyimə az qalmış məməm də, Seyfulla da mənə dedilər ki, Bağda xala deyib “Xeyrulla gəlsin, görüm”. Axşam məməmlə getdik. Seyfulla da, Şiralı da orda idi. Bağda xala yerdən salınmış yatağında oturmuşdu. Müharibə dövrünü, kolxozu xatırlayır, ancaq ya gülməli əhvalatları seçir, ya da gülməli olmayanları da gülə-gülə danışırdı… Xahiş elədilər ki, müharibə vaxtı gözünün ağı-qarası olan qoçunun oğurlanmağından danışsın. Onu da gülə-gülə danışdı.. Heç xəstəyə oxşamırdı. Söhbətin bir yerində dayanıb üzünü mənə tutdu: “Ədə, sən də danış də…”

Gecədən xeyli keçmiş biz Bağda xala ilə görüşüb çıxdıq…

Səhər tezdən eşitdim ki, bizdən az sonra Bağda xala keçinib…

Kənddə bir vaxt ana abidəsi qoyulsa, onu Bağda xalanın surətində yaratmaq ədalətli olardı. Məməm oğlu Salamanı itirib, Səmayə Mehmanı, Züleyxa xala Umudvarı, Hüsniyyə Səxavəti… Kənddə oğul itirən analar çox olub. Ancaq Bağda xalanın yaşadığı müsibət qədim yunan faciələrinin miqyasındadır. Rusiyanın uzaq dənizlərində dörd illik xidmətdən qayıdan sağlam, gülərüz, gözəl, hər ananın fəxr elə biləcəyi oğul az sonra qəfil güllənin qurbanı olur, illərlə həkim ayağı dəyməyən, yolu, maşını, telefonu olmayan xaraba kənddə zəhrmara dönmüş un kisələrinin arasında yarasının ağrısından və yaşadığı dəhşətdən papağını ağzına basaraq ölür…

Bağda xala işıqlı adam idi, öldüyü gecə də üzünün işığı keçməmişdi. Ümid edirəm ki, bu işıq onun çoxsaylı nəvələrinin, nəticələrinin qəlbində yaşayacaq…

03.01. 2025, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ: ƏKBƏR (II)