ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 13. ZÜLEYXA XALA VƏ ƏLİHƏSƏN KİŞİ

Rus yazıçısı İvan  Turgenevin “Atalar və oğullar” romanıın son sətirləri “bütün qəbiristanlıqlar kimi hüznlü görkəmi olan” kənd qəbiristanını təsvir edir: ağac xaçlar çürüyür, daş plitələr yerindən oynayıb, sanki onları aşağıdan kimsə dəbərdir… Başqa qəbirlərdən səliqəliliyi ilə fərqlənən, dəmir çəpərə salınmış, hər iki tərəfindən körpə küknarlar əkilmiş qəbir romanın qəhrəmanı, valideynlərinin yeganə oğlu Yevgeni Bazarovundur.  Tez-tez yaxın kənddən bu qəbrin üstünə mərhumun tamam qocalıb əfəlləmiş ata-anası gəlir. “Onlar bir-birinə söykənərək ağırlaşmış yerişlə çəpərə yaxınlaşır, diz üstə çökür, uzun-uzadı və acı-acı ağlayır, uzun-uzadı  və diqqətlə altında oğulları yatan lal daşa baxırlar…” (sətri tərcümə mənimdir –X.X.)

Görkəmli rus rəssamı İlya Repin bu romana illüstrasiyalar çəkib. Qəbiristan səhnəsi həm romanda, həm Repinin təsvirində mənə Züleyxa xala ilə Əlihəsən kişini, yeganə oğulları Umudvarı xatırladır…

Züleyxa xala ilə Əlihəəsn kişi kimi bir-birinə oxşayan ər-arvad tək-tük olardı. Başqa oxşarlıqları qalsın, onlar ikisi də eyni bucaq altında əyilmiş, az qala ikiqat olmuşduıar. Elə bil ki, bu iki adamın həyatı qabaqcadan yazılmış vahid kompüter proqramı ilə keçirdi.

Əlbəttə, mən onların əyilmiş vaxtlarnı görmüşəm. Şübhəsiz ki, onların da cavanlığı, şux, dik yeriyən vaxtları olnuşdu. Bir neçə uşaq dünyaya gətirmişdilər. Ancaq qızları da, yeganə oğulları da bəlkə də irsi olan xəstəlikdən çox yaşamadılar…

Dostoyevskinin “İdiot” romanında knyaz Mışkin alman rəssamı  Hans Holbaynın 1521-22-ci illərdə yaratdığı “Ölmüş İsa tabutda” əsərinin surətini reproduksiyasını Roqojinin evində görəndə şəklin əslinə Bazel muzeyində baxdığını xatırlayaraq həyəcanla deyir: “Bu şəkildən kimsə inamını itirə də bilər!”

Züleyxa xala ilə Əlihəsən kişinin həyatını düşünəndə mömin adamın – mən mömin deyiləm – inamı itməsə də, sarsıla bilər. Doğrudanmı bu acı taleyi onlara hər şeyə qadir Yaradan təyin edib? Özlərinin ikiqat əyilməyi, balalarının sağalmaz xəstəlikdən gözlərinin qabağnda əriyib getməkləri Yaradanın əmridir? Əgər belədirsə, onun nəyi “rəhim və rəhman”dır?

Məktəbə gedəndə, müəllim işləyən vaxtlar, hərdən qabağıma çıxırdılar. Kişi qabaqda, arvad bir az dalda, hər ikisinin əlində ağac. Kişiyə salam verəndə cavab verib-vermədiyini bilmək olmurdu. Züleyxa xala mehriban adam idi. “Bala, nə təhərsən? Raziyə bacım nə təhərdi?” – deyə məməmi soruşardı. Əlihəsən kişi birdən dayanar, ağacına söykənib qırx beş dərəcə bucaq altında dönər, elə köndələn ya da yola paralel duraraq acıqlı deyərdi: “Gəl görəy ey… Bacım nətəərdi… cicim nətəərdi…”

Yeganə oğullarına Umudvar adı qoymuşdular. Adın özündən uşağın gələcəyindən arxayınlığın olmadığı bilinir… Umid bu gün var, sabah yoxdur…

1982-ci ildə, mən Moskvada oxuyan vaxt məməm Salyan xəstəxanasında yatıb. Umudvar onunla bir mərtəbədə yatırmış. Deyirdi ki, dəhlizdə gəzir, əl radiosunu oxudurmuş. Həkim məzəmmət eləyib ki, ağır xəstələr var, narahat eləyirsən…

Yaxşı oğlan idi Umudvar. Sakit, başıaşağı. Bir neçə dəfə Salyandan gələndə yol yoldaşı olmuşduq. Plastik kütlə zavodunda işləyirdi. Öz dediyinə görə, işindən razı idi…

O məndən iki sinif aşağı oxuyub. Özündən ikçiklər öləndə, məyusluqdan əlavə, xəcalətə oxşayan hiss də keçirirsən. Elə bil ki, kimisə cəbhədə vermisən qabağa, özün çəkilmisən daldaya..

Gec-tez hamımız öləcəyik…

Umudvar öləndə kənddə idim. Dəfnində, deyəsən İlhamla bir yerdə, iştirak elədim. Basdırılandan sonra həyətlərinə gedib təzə qurulmuş çadırda oturduq. Çadırın girəcəyində sağ tərəfdən yekə samovar qoyulmuşdu. Rəhmətlik Adil odun yığıb samovarı odlayırdı. Əlihəsən kişi də elə samovarın dalında oturmuşdu. Mən ona tərəf oğrun-oğrun baxırdım. Yeganə oğlunu itirmiş atanın dərdi çox böyük olmalı, bu dərdin üzündki, gözlərindəki ifadəsi baxanı sarsıtmalıydı… Belə oğrun baxanda birdən Əlihəsən kişi yerindən qalxdı, otuz-qırx ilin əyriliyi elə bil yalan imiş, kişi düppədüz durub əlindəki ağacı Adilə yelləyərək qışqırdı: “O odunlara dəymə, o odunlara dəymə! Bu yandan götür!”

Adilin götürdüyü taxta-tuxta əsl samovar odunu idi. Əlihəsən kişi isə təndir odununu göstərirdi. Adil o deyəni elədi… Adilin arvadı, Əlihəsən kişinin qardaşı qızı Atlas olsaydı, yasa-zada baxmazdı, əmisinin abrını alardı… Atlasın öz atası Almirzə impozant kişi idi, düppədüz, cavan və şux qalmışdı… Təzə arvadı da var idi…

Əlihəsən kişi samovar odununu haçana saxlayırdı, bilmədim.

Ancaq başa düşdüm ki, kişini qayğılandıran oğlunun ölümündən çox həyət-bacadır, mal-heyvandır, odun-ocaqdır.

Bu bəlkə də yaxşıdır. Dünya malına məhəbbətimiz dərdimizi yüngülləşdirməsə də, dərddən yayındırır. Kimsə bu işdə Tanrı rəhmi axtarar və görər…

Kimsə də inamını itirər..

04. 01. 2024, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 12. ƏKBƏR (III)