ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 15. HEYDƏRALI KİŞİ

20230721_135628

1963-cü ildə, yayın axırında ya payızın əvvəlində, təzə evə köçdük. Yəqin elə o vaxtlar Heydəralı kişini ilk dəfə yaxından görmüşəm. Lələm ona muzdla çəpər çəkdirirdi. Heydəralı kişi çəpəri aliminium məftildən toxuyurdu. Aliminium kövrək şeydir, bu çəpər uzun yaşamadı…

Görəsən Ərəbqardaşbəylidə bu möhtəşəm kişini xatırladan nə qalıb? Oğlanları ona çox az oxşayırdı, nəvələri heç oxşamadılar. Bəlkə bu nadir insanın şəkilləri də qalmayıb…

O vaxt çox nağıl oxuyurdum, ona görə Heydəralı kişi mənə divlərin nağıllardakı təsvirindən yaranan surətini xatırladırdı. Sonra Heydəralı kişini daha çox Qaraca çobana bənzədirdim – onu da nə yekəlikdə ağaca bağlasaydın, bir nərə və bir təkanla ağacı kökündən çıxarıb toz qopara-qopara düzələrdi yola…

Heydəralı kişi işini dinməzcə görərdi. Birdən dayanır, ucadan, qalın, məxməri səslə gülər, bir ağız oxuyardı. Qonşumuz Pürüzə xala çəpərin başına gələndə kefi açılırdı. Söhbətləti tutrdu. Zarafatlaşırdılar.

Pürüzə xala fermada sağıcı idi, orda da olur, həftədə bir dəfə gəlib uşaqları Nisəxanımla Eldarın və özünün bir həftəlik çörəyini bişirirdi. Böyükkişi əsgərlikdə idi. Günortadan sonra yekə şalın arasına yığdığı çörəyini başına qoyub əlləri yanında düzəlirdi yola. Kənddə, mən bilən, əllərini yanına salıb başında yük aparan ayrı arvad yox idi. Bu, uşaq vaxtı adama o qədər maraqlı gəlirdi ki, istəyirdin düşəsən arvadın dalına. Yeddi-səkkiz təndir çörəyindən ibarət sarığın başda necə dəbərmədiyini müşahidə etmək idman yarışına baxmaq qədər maraqlı idi… Yolüsü Pürüzə xala mağazaya girib musalılı Tağıdan “ayın-oyun”, yəni qənd, çay və hökmən on-on beş qutu “Avrora” siqareti alıb düyünçəyə yığacaq, onu da çörək sarığına büküb yoluna davam edəcəkdi…

Fermanı heç vaxt yaxından görməmişdim. Uşaq vaxtı onu azad adamlar yaşayan Çənlibel kimi təsəvvür edirdim…

Pürüzə arvad çəpərə yaxın gələndə Heydəralı kişi cibindən tütək də çıxarıb çalırdı…

Heydəralı kişi günortadan sonra işini saxlayıb gedərdi. Bir dəfə axşam bizdə oturub lələmlə söhbət eləməyi yadımdadır. Oğlu Sərhabdan (yənin ki, Söhrab) danışırdı. Deyirdi Cahangir, Sərhabı gedib Moskvada yerin altında tapıb gətirdim…

Moskvada yerin altı haradır? Bəlkə Sərhab orda metroda işləyirmiş? Çox sonralar, müəllim işləyəndə, Sərhabı hərdən görürdüm, bir dəfə evə də gəlmişdi bizim radioya baxmağa. Ancaq Moskvanı soruşmaq yadıma düşmədi. Kiçik radionun adı “İney” idi. Baxıb başını buladı ki, bu sözün nə olduğunu bilmir. Dedim ki, “qırov”  deməkdir. Çox təəccüb elədi. Mən nə Rusiyada olmuşdum, nə əsgərlik çəkmişdim. Rusiyada yaşamış, dədəsinin dediyi kimi, hətta Moskvanın altına da girmiş adama mənim öz-öz özümə rusca öyrənməyim qəribə gəlirdi. Mənə elə gəlir ki, bu məsələ Sərhabı darıxdırdı da. Yəqin o vaxtacan ruscanı kamil bildiyinə arxayın imiş…

Heydəralı kişinin cavanlığı barədə heç nə bilmirəm. Mən məktəbdə oxuyan vaxtlar Musalı yaxınlığındakı su maşınından bizim cüyürə qədər gələn dərin suvarma arxını qazardı. Bu arxın çoxunu kənd qızları qazırdılar. Yeddiillik məktəbi qurtaran qızlar, bacım Ağənnə də olmaqla, Misir ehramlarını inşa edənlər kimi fövqəladə hünər göstərərək suvarma arxını elə dərinləşdirirdilər ki, yayda çimən azyaşlı uşaqlara boy vermirdi. Gün düşəndə arxın divarları uzaqdan şüşə kimi parıldayır, arx özü bobsley yarışları keçirilən trasa bənzəyirdi…

İlham deyirdi ki, arx təzə qazılanda onun içiylə qaça-qaça divarlarına tullanırmış…

Ekskavatoru əvəz edən bu qızlara sovxoz 30-40 manat pul verirdi. Qaraqaşlı südçülük sovxozunda on-on beş adamdan başqa hamı qəpik-quruşa işləyirdi. Bu sovxoz yaranandan quldur yuvası olub, dövlətin ayırdığını mənimsəyib, fəhlənin qazandığını yeyiblər. SSRİ-ni dağaıdan başqa səbədlər olmasayd da, Qaraqaşlı südçülük sovxozu onu gec-tez çökdürəcəkdi…

Sovxoz kişiləri kənddən qaçırmışdı. Qardaşım Seyfulla, Alıhüseyn Hüseynov, Şiralı Bədəlov kənd təsərrüfatı texnikumunu qartarmışdılar, ancaq hər biri ayrı işin dalınca getmişdi…

Heydəralı kişi sovxozda mövsümi işlər görürdü. Deyəsən, qızlardan başqa arx qazan kişi o idi. Onun da səliqəsinə söz ola bilməzdi. Belinin ağzı qılınc tiyəsi kimi parıldayırdı…

Heydəralı kişi bu bellə qəbir də qazırdı… Bəli, Heydəralı kişi qəbirqazan idi. Sonralar suvarma arxını texnika ilə qazırdılar. Ancaq qəbirqazma işində texnika insanı əvəz edə bilməz..

Xeyli sonra, rus yazıçısı Çexovun “Rotşildin skrpkası” hekayəsini oxuyanda əsərin qəhrəmanı Yakovla Heydəralı kişi arasında qəribə yaxınlıqlar görürdüm. Heydəralı kişi qəbirqazan idi, Yakov – tabutqayıran. Yakov yaxşı skripka çalırdı, Heydəralı kişinin də tütək çalmağı vardı. Çexov öz qəhəmanı haqqında yazır:  “… ondan uca və möhkəm adamlar heç yerdə yox idi”. Məgər bu, Heydəralı kişi haqqında deyil? Hekayəni oxuyanlar Yakovun arvadı ilə Heydəralı kişinin arvadı Qızana xala arasında da oxşarlıq görə bilərlər…

İndi Qızana xala haqqında. Qızana xaladan yadımda qalan odur ki, bu arvad evdə oturub havayı çörək yemirdi. Bu çəlimsiz, zahirən əfəl arvad illərlə səməni halvası bişirib Salyanda satırdı. Bilmirəm, indi səməni halvası bişirən var ya yox. Çox dadlı halva idi. Ancaq bu zəhmətkeş arvadı lələmin görən gözü yox idi. Çünki Qızana xala işlərini elə planlaşdırırdı ki, suvata düz saat on ikidə, yəni lələm kolazı kilidləyib namaza və nahara gedən vaxt gəlib çatırdı. Lələm deyinə-deyinə zənciri qaytarıb kolaza atır, Qızana xalaya danlaq vura-vura onu keçirirdi… Yəqin gecikdiyi namazı qılanda Allaha yalvarırmış ki, bu arvadın şərindən onu qurtarsın…

İki gün keçən kimi Qızana xala yenə halva dolu zənbiliylə saat on iki tamamda suvata gəlib çatırdı…

Heydəralı kişinin boyu 180 sm-dən çox olardı, çox yekə olsa da, köklüyü yox idi. Başqa ölkədə, başqa şərautdə belə adam şöhrətli atlet, qızıl medallı çempion, ən azından meydan pəhləvanı olardı. Kənddə ona “yekəqarın Heydəralı” da deyirdilər. Hərçənd onun qarnı yox idi. Heydəralı kişinin fiquru Mikeancelo yaradan heykəllər kimi monumental idi…

Onun bir oturuma otuz yumurta yeməyindən, başqa bu cür “qastronomik” hünərlərindən danışırdılar. Nə qədər düz olduğunu deyə bilmirəm. İştahı var idisə, qarnı aparırdısa, öz malını yeyirdisə, kimə nə dəxli var?

Maraqlı bir əhvalat olmuşdu. Bizim qonşu arvadlardan birinin yeniyetmə oğlu tez-tez evə girir, dəstərxandan çörək kəsib çıxırmış. Çörəyin də qıt vaxtı. Anası dözməyib qışqırır: “Bi nə çörək yemək oldu? Heydəralı olmusan?” Heydəralı kişi də bu vaxt çəpərin qabağından keçirmiş. Yoğun, məxməri, Xan Şuşinskinin “Qarabağ şikəstəsi” oxuduğu səslə deyib: “Dədənin çörəyini yemişəm?!”

Arvad vurub özünü ölülüyə…

07. 01. 2025, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 14. SÜNİYƏ (HÜSNİYYƏ) VƏ CƏFƏRAĞA