
1963-cü ildə biz lələmin iki il ərzində tikdirdiyi evə köçdük. Kəndin yolu evin dalından keçirdi, indi Adillə bizim aramzdakı yolun üstündə, yəni İmanqulu Rzayevin ağ daşdan tikdirdiyi üçgöz evlə bizim evin arasında Ərəstunun ikigöz, aynabəndli evi idi. Bizdən dalda, səhm etmirəmsə, İsgəndərin yurdunun qalıqları və yiyəsiz nar ağacları var idi. Hələ Kür aparan evimizdə yaşayanda o yolla məktəbə gedərkən Hüseynbala kişinin qoyunları o narlığın həndəvərinə çıxardığını görərdim. Kişi, Ərəstun və Məmmədhüseyndən fərqli olaraq, nəinki uca deyildi, hətta orta boylu Kamal da dədəsindən hündür olardı. Bəlkə də qocalıb əfəllədiyinə, əyildiyinə görə Hüseynbala kişi mənim gözümə alçaqboy görünürmüş… Kişi həmişə deyinər, arvada, gəlinlərə acıqlanardı…
Dağılmış yurdla Hüseynbala kişinin üçgöz evinin arasındakı geniş yer mal yatağı idi, indi ora Xammədin həyətidir. Məktəbə gedəndə bir neçə dəfə Kamal dayının mal ciyəsini əlinə dolayıb arvadı Zərxanımı qovduğunu görmüşəm…
Biz hələ Kürün qırağında olan vaxtlar Tükəzban xala axşamlar bizə oturmağa gələrdi. “Oturmağa getmək” o zaman adamların asudə vaxtarının bəlkə də ən vacib hissəsi idi. Kəndə işıq 1961-ci ildə çəkilib, batareylarla işləyən radio çox az adamda var idi, mənim lələm yaşda, ondan da xeyli cavan olanların çoxu, kitab oxumaq qalsın, adlarını da yaza bilməzdilər. Kənddə heç vaxt klub olmayıb, yay aylarında hərdənbir kino gətirir, mağazanın böyrünə ekran asıb hind fikmləri göstərərdilər. Kənd adamlarının bütün mədəni-maarif tələbləri “oturmağa getməklə” ödənilirdi. İşıqsız kəndin göz-gözü görməyən yollarla, heç vaxt bağlanmayan, həmişə qəfil atılıb dişini yumşaq bir yerə batırmağa hazır olan itlər mırıldayan həyətlərin yanından qorxa-qorxa keçməklə adamlar bəzən kəndin bu başından o başına bir-iki saatlıq söhbət üçün gedirdilər. “Oturmağa getməyin” konkret səbəbləri də ola bilərdi: toya hazırlıq, yasdan sonra cümə axşamları, xəstəyə dəymək, əsgər ötürmək, əsgərlikdən gələn olanda gözaydınlığı vermək… Amma Tükəzban xalanın ya Bəyim xalanın (Ağ Bəyim) bizə gəlməyi lələmə ağsaqqal və Quran oxuyan kişi kimi hörmətlərindən idi. Tükəzban xala lələmə “əmioğlu” deyirdi. Məməm danışırdı ki, bir dəfə söhbətin gedişində kişi Tükəzban xalanın hansı sözündənsə hirsləib özündən çıxıb, arvad qorxudan elə çaşıb ki, onu sakitləşdirməyə çalışarkən “əmioğlu” əvəzinə “əmigəlni” deyirmiş…
Lələmlə Tükəzban xalanın qan qohumluğu olub-olmadığını bilmirəm, bəlkə Hüseynbala kişi ilə qohumluğumuz ola, ancaq Tükəzban xala bizi çox istəyirdi, biz də onu çox istəyirdik…
Tükəzban xalagillə qonşu olandan sonra gün ərzində evə də olmasa, hökmən həyətə gəlib məməmlə dərdləşirdi. Söhbət çox idi. Evdə iki gəlin – Zərxanım və böyük Səmayə (Sənubər) vardı, Kamal dəlisov adam idi, nə isə gözünə istədiyi kimi görünməyəndə dava salır, Zərxanımı əzişdirirdi. Kamal dayı hərdən – bir neçə dəfə olmuşdu – Ərəstunun arvadını da döyürdü. Ərəstunun böyük qardaşına fövqəladə hörməti vardı, onun təhqiramiz hərəkətinə dözürdü. Səmayə (Sənubər) də dözürdü. Kamal onun həm qaynı, həm də doğma əmisi oğlu idi. Həm də dözməyib neyləyəcəkdi?
Biz təzə köçən vaxtlar Məmmədhüseyn Kubada əsgərlikdə idi. SSRİ-nin rəhbəri Xruşşovun qudurğan hərəkətləri nəticəsində Amerika ilə Sovet İttifaqı arasında sonralar “Qəraib böhranı” adlanan münaqişə yaranmışdı. Xruşşov Kubada nüvə silahı yerləşdirmiş, “azadlıq adası”na canlı qüvvə göndərmişdi. O vaxtacan Leninqradda (indi Peterburq) əsgəlik çəkən Məmmədhüseyn də okeanı aşaraq Kubaya gedib çıxmışdı…
Mən uşaq vaxtımdan başqa evə getməkdən çəkinirəm, kənddə ən çoxu dörd-beş evdə olmuşam. Ərəstunun evinə öz evimiz kimi gedib-gəlməyimə indi də təəccüblənirəm. Onu bilirəm ki, futbol üzrə SSRİ çempionatının 1965-ci ildəki oyunlarının nəticələrini cib dəftərinə yazmışdım, bu dəftəri uzun illər saxlayırdım. O vaxtlar televiziya ilə bütün transliysiyalar canlı idi, yazı yetmişinci illərin əvvəlində yarandı. Konsert, teatr tamaşaları veriləndə Ərəstungilin televizor qoyulmuş otağı qapı ağzınacan dolu olardı. Ağası müəllim, Gülağa, Məmmədhəsən, Yavər – həmişə gələnlərin adını çəkirəm, elə bil ki, mən qarışıq bunların Ərəstunun evinə çoxillik abonomenti vardı.
Ərəstunun televizoru, səhv etmirəmsə, Rekord adlanırdı, ekranı kiçik noutbuklar boyda idi, ancaq heç birinin öz televizoru olmayan adamların gözləri heyrətdən, heyranlıqdan elə geniş açılırdı ki, ekrandakıların, necə deyərlər, kipriklərini saya bilərdilər…
“Leyli və Məcnun” operasının 600-cü tamaşasının transliyası yadımdadır. Ərəstunun evində basırıq yaranmışdı, obaşlılar da yığışıb gəlmişdilər…
Bunu nəzərə almaq lazımdır ki, Ərəstungilin körpə uşaqları vardı. Heç kimi Ərəstunla Səmayənin yerində təsəvvür eləmirəm, başqa hər kəs ağac qapıb gələnləri qovardı…
“Neftçi” komandası SSRİ çempionatının Bakıda keçirdiyi oyunları televiziya ilə göstərilirdi. Futbol olanda Kamal dayı da gəlirdi. Kamal dayının öz televizoru olmalıydı, ancaq lap əvvəl çıxanlardan, ekranı indiki samartfonlar boyda. Nə göstərildiyini bilmək üçün gərək baxanın güclü fantaziyası olaydı. Kamil müəllimin elə televizoru var idi. Ekranda baş verənləri özü Sima xalaya və uşaqlarına təsvir edir, “ədə diyan ey, özümüz görürük” deyən arvadına məhəl qoymurdu..
Kamal dayıya əsl azarkeş demək olmazdı, o, cümə seyidləri kimi, “Neftçi” “Ararat”la oynayandan oynayana azarkeş olurdu. Neftçi ilə Araratın oyunu Kamal dayı üçün erməni-müsürman davası idi. Yəni ortada namus-qeyrət məsələsi var. “Ayə vur, ayə qoyma, köpəyoğlu, hara vurursan…”
Neftçi uduzanda Kamal dayı elə bil şəxsən ermənilərə təslim aktını imzalayırdı. “Gənə bu götüpoxlu ermənilərə uduzdular, köpəy uşağı…”
Kamal dayınin nəzərində aftafa sivilizasiyanın ən böyük nailiyyəti idi və o bizə ermənilər qarşısında böyük üstünlük verirdi. Aftafalı millətin aftafasız millətə uduzmağı ona çox ağır gəlirdi…
Məlumat üçün deyim ki, “Neftçi”nin özündə də o vaxt xeyli erməni var idi. Kapitanımız da erməni Eduard Markarov idi. İnanmıram ki, onlar aftafa götürəydilər…
Kamal dayı özü idmanın daha populyar növü ilə — nərdlə məşğul olurdu və qardaşıgilə həm də nərd oynamağa gəlirdi. Ən çox Yavərlə oynayardı, çünki Yavərə uduzurdu, revanş götürmək cəhdləri yeni məğlubiyyətlərlə nəticələnirdi. Kamal dayı heç cür başa düşmürdü ki, oyunun hər sirrini bilə-bilə niyə bu uzundraza uduzur. Bir neçə tasdan sonra Yavər deyirdi ki, daha yorulub. Kamal dayı az qalırdı atılıb Yavərin boğazından yapışa, ancaq özünü saxlayırdı. “Gəl bir tas da oynayaq”. “Yox, maraqlı deyil. Yenə altında bir şey olsaydı…” Kamal dayı canlanırdı. “Gəl corabdan oynayaq”. Yavər bir az nəm-nüm eləyib razılaşırdı…
60-cı illərin əvvəllərində təzə corab, hətta ucuzu da, yaxşı priz sayıla bilərdi. Kasblıq idi, corablar dönə-dönə yamanırdı. Kişi pambıq corablarıın qiyməti 23-25 qəpik idi, bizim mağazalarda üstünə xeyli qoyurdular, 30-40, hətta əlli qəpiyə də satırdılar. Boş xonça qabları qaytarılanda bəzilərinin içinə corab qoyulurdu. Ucuz xonçanın qabına pambıq corab, bahalı xonçalarıın qabına isə o vaxt alverçilərin satdığı bəzəkli İran corabları. Pambıq corablar rezinsiz olurdu, bir az geyən kimi boğazı qırışıb ayaqqabının içinə girirdi… Ancaq xonça qabında belə corab da iri damaları olan burun dəsmalından yaxşı idi…
Oyun təzələnirdi. Gecədən xeyli keçdiyinə baxmayaraq Yavər formasını itirməmişdi və yenə bir mars iki oyunla corabı udurdu. Udan kimi durub deyirdi: “Gedək corabı ver”. Kamal dayı duruxurdu. “İndi hamı yatıb, səhər lap tezdən verərəm.” Yavər əl çəkmirdi. “Yatanı durğuzmaq olmur? Gedək, Zərxanımı çağır, versin corabı…”
Ərəstungildən çıxıb itələşə-itələşə Tükəzbanxalagilə sarı gedirdilər. Tükzbanxalagilin həyətindən səs-səmir gəlmirdi. Onların haçansa it saxlamaqları yadımda deyil…
08. 01. 2025, Samara
(ardı var)
əvvəli burda:
ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 15. HEYDƏRALI KİŞİ