
Kamal hayküyçü, deyingən olsa da, nəinki kiçik qardaşları və yeganə bacısı, hətta anası Tükəzban xala da onun hörmətini saxlayırdılar. O, yeniyetmə yaşlarından atasıyla bərabər və bəlkə ondan da artıq özünü oda-közə vurmuş, ailəni müharibə vaxtı və müharibədən sonrakı aclıq illərində dolandırmışdı. Mənim yadıma gələn vaxtlarda 1960-cı ildə sovxoza çevrilmiş kolxoz maşınını sürürdü. QAZ 51 markalı taxta kuzovlu yük maşını indi də gözümün qabağındadır. Nömrəsi 28-56 АЗД. Onun əkizi olan ikinci maşını Adil Rzayev sürürdü. Nömrəsi 43-78 idi. Mən hələ aşağı siniflərdə oxuyanda hərdən başqa qonşu uşaqlarla birlikdə Kamal dayının maşınının kuzovuna dırmaşırdım. Qızı Xuraman kabinədə otururdu. Bir az toz iyi qarışmış xoş benzin iyi vura-vura məktəbəcən getmək xoşbəxtlik idi…
Kamal dayının öz maşını da var idi. Yəqin ki, bizim kənddə şəxsi avtomobili ilk dəfə o alıb. Birinci maşını, səhv etmirəmsə, Moskviç 403 idi, sonra 407 almışdı. Yaxşı sürücü idi. Yalnız bir dəfə — Bakı yolunda — ağır qəzaya düşmüşdü, ancaq bu, yaşının yetmişi keçən vaxtında olmuşdu.
Kamal dayı ailəsi üçün canını qoymağa hazır idi və qoyurdu da. Ailə — geniş mənada. Yəni qardaşlarının da, bacısının da ailəsini o özünkü sayırdı. Bunun, təəssüf ki, mənfi tərəfi də var idi. O, yaxınlarının hər işinə qarışırdı — bu can qoymağa hazırlığın qarşısında gərək onun bir sözü iki olmayaydı. Qardaşları da, bacısı da, Kamal dayının fədakarlığı müqabilində onun bəzən hampazorluğa çevrilən şıltaqlığına dözürdülər. Onunla ayaq-ayağa verən, onun tiranlığına itaət etməyən yeganə adam yəqin ki, arvadı Zərxanım idi.
Qəfər oğlu Səttarın qızı itaət eləsin? Heç vaxt! Ölərdi, ancaq dilini deyərdi.
Zərxanım bacıdan haçan Kamal dayını soruşan, qarğış eləyərdi: “Allah onu öldürsün!…”
Zərxanım vaxtaşırı Kürdən keçib Cəngəndə yaşayan qızıgilə gedərdi. Gedəndə ya qayıdanbaş hökmən məməmə dəyməliydi. “Ay, Xeyrulla, qayıdıb gəlmədün də… Məmün də qaldı burda tək, “- mənə deyərdi…
Uzun illər davalı, küsülü yaşayıb küsülü də öldülər. Gərgin onillərin ağır zəhmətlərindən yaxşı güzəran üçün vacib olan hər şey yaranmışdı: ev-eşik, avtomobil, mal-heyvan, təsərrüfat. Ancaq bu zəhmətlər xoşbəxtlik gətirmədi. Xoşbəxtlik, ailə səadəti üçün də zəhmət çəkilməlidir, ancaq bu zəhmətin təbiəti ayrıdır, bu zəhmət insanın ilk növbədə öz içərisini nizama salmağa yönəlməlidir, başqasını sındırmağa, itaətə gətirməyə yox…
Kamal dayıda, mənim müşahidəmə görə, anasında, qardaşlarında görmədiyim bir cəhət vardı: o, yüngül fitnəkarlığa, təhrikçiliyə meylli idi. Köçəndən çox sonra bir dəfə kənddə olarkən atüstü lələmə dəyməyə gəldiyi vaxt kişini necə öz öladlarına, yəni bizə qarşı qaldırdığının şahidiyəm…
Öz ailəsində günü qara olan bu insan elə bil başqa ailələrdəki qalmaqallarda təsəlli tapırdı. “Sən öləsən, qırıllar bir-birrərin”, — deyərək qəhqəhə çəkərdi…
Çox qəribədir: ömrü boyu min cür çətinlikləri dəf etmiş, min cür işi həll etmiş, yoluna qoymuş bu adam niyə bir gün vaxt ayırıb arvadını boşamırdı? Axı boşandıqları dəqiqədən, nəhayət, insan kimi yaşaya bilər, günləri qara, yedikləri haram olmazdı! Xoşbəxtlik istəmirsən? Bu da xoşbəxtliyin düsturu!
Kamal dayıya belə xoşbəxtlik lazım deyildi. Ona müharibəni udmaq lazım idi. O, qələbə arzulayırdı. Ailə müharibəsindən isə qalib çıxan olmur.
Həm də gərək nəzərə alaydı ki, Zərxanım Qəfər oğlu Səttarla Mələyin qızıdır…Zərxanım zədələnmişdi, çoxlu yaralar almışdı, ancaq sınmamışdı…
Tükəzban xala, oğlunun tam əksi olaraq, sülhsevər arvad idi…
Tükəzban xalanın ailəsi haqqında bildiyim odur ki, ziyalı qardaşı Əlirza 37 ya 38-ci ildə irtica qurbanı olmuşdu. Məmmədhüseyn deyirdi ki, Tükəzban xala o vaxt yeniyetmə olan Kamalla Gəncəyə gedib həbsdə olan qardaşı ilə görüşüb. Sonralar Əlirzadan xəbər olmayıb. Tükəzban xala elə ömrünün axırınacan qardaşını sağ bilir, canına and içirdi…
Kamalla Ərəstun dədə yurdundan çıxandan sonra Tükəzban xala kiçiyi Məmmədhüseynlə qaldı. Subaylığında da, ailə qurandan sonra da Məmmədhüseynin anası ilə ucadan danışdığını da görməmişdim. O, içdə baş verə biləcək konfliktlərin qabağını qətiyyətlə aldığı kimi, ailəyə aid olmayan söhbətləri də başlanğıcda kəsirdi: “Öz sözünüzü danışın…”
Ailə həyatı xoşbəxt ola bilərmi? Bu suala cavab verməli olan hər kəs gərək ailə xoşbəxtliyinin nə olduğunu özü üçün müəyyənləşdirə. Bəlkə də bu məsələyə istisna etmə yolu ilə yanaşmaq daha yaxşıdır. Yəni xoşbəxlyin nə olmadığını müəyyənləşdirməklə. Bu üsulu rəhbər tutsaq, demək olar ki, ailə xoşbəxtliyi “can” deyib “can” eşitmək deyil. Can deyib can eşitmək insanın çəkdiyi ağır zəhmətlər üçün mükafat olan anlardır. Ailə xoşbəxtliyi daha çox yola getməkdir. Bu, az deyil. Bu, müxtəlif cinsli, müxtəlif təbiətli, fərqli aillərd böyüyüb fərqli tərbiyə almış, fərqli yaşayış qaydalarına alışmış iki adamın bir-birinə hörmətli, səbrli münasibətidir. Yəqin ki, həm Ərəstun, həm Məmmədhüseyn haqqında demək olar ki, onlar yola gedirdilər. Onların xoşbəxt olduğunu da demək olar…
Ərəstun təhsil görməmişdi, uşaqlığı düşmüşdü müharibə illərinə, çox az oxumuşdu. Ancaq bu adamın həm qızıl əlləri vardı, həm də kəlləli idi. O, əsgərlik çəkməmişdi. Bir neçə ay yığmada olmuşdu. Salyandan Bakıya gedən yolun sağ tərəfindəki yüksəklikdə (salyanlılar ora dağ deyirlər) sovetin hərbi hissəsi yerləşirdi, bu, radiololkasiya stansiyası idi. Ərəstun üç-dörd aylıq əsgərliyini orda eləmişdi. Az vaxtda təhsil görməmiş bu adam radionu elə öyrənmişdi ki, kəndə işıq çəkiləndən və adamların çoxu radioqəbuledici alandan sonra o, kəndin radio ustasına çevrildi. O cihazların yaxşı çıxanı olurdu, illərlə işləyirdi, ancaq keyfiyyətsizləri çox idi. Qoruyucuları, xüsusən lampaları və adlarını bilmədiyim başqa detalları yanırdı. Gətirirdilər Ərəstunun yanına. Ərəstun qoyurdu radionu qabağına, sxemə baxa-baxa, yəni elə işin gedişində öyrənə-öyrənə radionun azarını tapıb düzəldirdi. Mən gecələr Ərəstunun yanında çox oturmuşam. Yox, öyrənmək üçün yox. Belə işlərə nə həvəsim, nə qabiliyyətim var. Mənim üçün Ərəstunla söhbət maraqlı idi. Söhbət Ərəstunun özü üçün də vacib idi: yuxusu qaçırdı…
Sonra adamlar yavaş-yavaş televizor da almağa. Ərəstun antenna qurur, xarab olan televizorları düzəldirdi.
Ərəstun məharətli dülgər idi. Hətta kolaz bağlayırdı…
Onun evini söküb, dala, Kür qırağına köçməyi bir yayın içində oldu. Yaşı on ildən də az olan evini söküb ailəni həyətdə tikdiyi aşxanaya yığdı və dalda ildırım sürəti ilə indiki evini tikdi.
Ərəstun gözəl bağ da salmışdı. İndi bizim evlə Adilin arasındakı yoldan keçən adam çətin təsəvvür edə bilər ki, burda sahibinin əliylə tikilmiş, qapı-pəncərələri bəzəkli ev, nadir meyvələri, üzümləri olan bağ var imiş…
09. 01. 2025, Samara
(ardı var)
əvvəli burda:
ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 16. TÜKƏZBAN XALA VƏ OĞULLARI (I)