Altmış-yetmiş il bundan qabaq bəziləri kənd məktəbini qurtarancan heç Salyana da getməyən, klub, kino, teatr, sirk görməyən uşaqlar hər il səbrsizliklə Novruzu və toyları gözləyirdilər. Toylar adətən yay aylarında olurdu. Qalan bütün aylarda toy eləmək riskli iş idi. Bizim yerlərin havasına etibar yoxdur, toyun yaxın ərəfəsində ya elə toy günü başlayan leysan toyu müsibətə çevirirdi. Qabağa qaçaraq mərhum Babakişinin toyunu, əslində baş tutmamış toyundan deyim. İli yadımda deyil. Bəlkə də yazın axırı, ya da yayın əvvəli imiş. Məməmin yerlisi, arbatanlı gözəl Həziranla Babakişinin toyu günü elə leysan başladı ki, hamı ertədən mal-heyvanı dama salıb girdi evə. Leysan Əbilhəsənin həyətində yemək bişirilən yeri bataqlığa çevirmiş, qazanlar, teştlər yağış suyu ilə dolmuşdu. Boş toyxanada da dizəcən su. “Aşıqçılar” da boynu bükülü yığılıblar evin bir küncünə. Əbilhəsən kişi Borodino döyüşündə məğlubiyyətdən sonra Filidə generallarla müşavirə keçirən feldmarşal Kutuzov kimi öz yaxınları ilə müşavirə keçirərək qərarını elan edir: Toy ləğv olunur. Deyilənlərə görə, bunu eşidən Babakişi əyninə xeyli böyük bəy “qəssum”unda qapıya cumur ki, mən gedirəm bəy çıxmağa. Beş-altı adam onu süpürləyib qapıdan geri çəkir, Babakişi onlara təpik ata-ata, cırmaqlaya-cırmaqlaya qışqırır ki, yox, mən bəy çıxmalıyam, buraxın, dədəmi öldürəcəm…
Desəm ki, o leysan məni elə Babakişi qədər məyus eləmişdi, şişirtmiş olmaram. Çünki uşaqlıda kənd toylarını bəlkə bəydən də çox səbrsizliklə gözləyirdim: musiqiyə sevgimə görə. Kəndin lap yuxarı başından çalğı səsi gələn kimi ürəyim az qalırdı çırpınıb sinəmdən çıxa…
Mənim bacım Ağənnənin toyu 1975-ci il sentyabır 5-də olub. Axşamçağından başlayan külək get-gedə elə güclənirdi ki, toyxananı içərisindəki arvadlar qarışıq laxladırdı. Toyxananın büründüyü brezenti külək şişirdir, bütün bu həngamənin havaya qalxmaq təhlükəsi yaranırdı. Xeyli adam dayaq verməklə, ciyə bağlayıb çəkməklə toyxananı birtəhər saxlayırdı. Eyni vaxtda Cəngəndə də toy idi. Ya orann küləyi daha güclü olmuşdu, ya o toyxananı çəkənlər səhlənkarlıq eləmişdilər – külək toyxananı çərpələng kimi qaldıraraq aparıb atmışdı pambıq sahəsinə…
Uşaqlıqdan yadımda qalan ilk toy Seyfullanın toyu olmalıdır. Ancaq o toydan yadımda qalan həyət-bacada çoxlu qonaq, Salyandan gəlmiş ətirli arvadlardır. Çalğı yadımda deyil. Kim bilir, bəlkə də ertədən yatmışam. Belə şeylər çox olurdu. Uşaq bir ay toy gözləyir, günləri sayır, toy günü o qədər vurnuxur, mal-heyvan dalınca o qədər qaçır ki, toyun lap əvvəlində, salyanlı tumsatanlardan alıb cibinə tökdüyü tumu yarıyacan çırtlamamış toyxananın aşağı başında dalını taxtalara dirəyib yatırdı, ağzı da qalırdı açıq…
Seyfullanın toyundan sonralar danışılanlardan ən maraqlısı bu idi ki, lələm, Quran oxuyan adam olduğuna görə, araq verməyib. O vaxt pul yazdırıb yeməyə oturan hər kişiyə yüz qramlıq daş stəkanda araq verilirdi. Deyilənlərə görə, lələmin bu zalım hərəkətindən keflərinə soğan doğranmış bir neçə nəfər narlığa girib ucadan ögüyürmüş ki, kişi eşitsin. Lələm də qaranlıqda görmədiyi adamların ünvanına guya deyirmiş: “Ölün! Harda o zəhrmarı içdüz?!”…
60-cı illərin ortalarına qədər kəndin kişi toyları aşıqlı olurdu. Kənddə Aşıq Pənahı, Aşıq Bəyləri, bankəli Aşıq Ramizi görmüşəm. Bunların əslində adları aşıq idi. Aşıq söz qoşmalı, saz çalmalıdır. Salyan aşıqlarından söz qoşanı yox idi, bunların adından şeir yazırdılar. Aşıq Bəyləri çıxmaqla, saz da çala bilmirdilər, elə sinələri üstdə tutub dınqıldadırdılar. Geyimləri də bolşevik komissarlarını geyimindən fərqlənmirdi. Kim onları belə geyindirmişdi, bilmirəm. Bircə tapançaları çatışmırdı…
Tədricən toya tək xanəndə gətirməyə başladılar. Məmmədhüseyn Məmmədovun toyunda Nəriman Əliyev oxuyub – bu müğənninin radioda lent yazıları var idi. Salahın toyuna Şahmalı Kürdoğlunu gətirmişdilər. Ancaq Salahın toyunun ulduzu Şahmalı deyildi. Əsl uşduzlar gənc, ancaq sürətlə məşhurlaşan Aftandil İsrafilovla Vəli Qədimov idi. Bizim kənd toylarına gələnlərin içində ən məşhuru, əlbəttə, Rəmiş kimi tanınmış gitaraçı Rafiq Hüseynov olub. Sima xalanın qardaşları Rəmişlə dost idilər, onların dəvətiylə təzə-təzə adı bütün ölkəyə yayılan, ev maqnitafonuna yazılmış ifaları hər çayxanada səslənən, rentgen kağızından düzəldilən valları hər tində satılan bu virtuoz musiqiçi 1970-ci il avqistunda Gülağa Ağasıyevin toyuna gəlmişdi. Rəmişin ifaçı kimi zirvə dövrü elə vaxt olub…
Sonralar, çox sonralar Rəmiş Ehtiramla dostlaşmışdı, onu çox istəyirdi…
Gülağanın toyunda xanəndə Qaraxan Behbudov idi. Rəmiş kimi sənətkarın yanındakı az adamın yadında olar…
Aşıqlı toylar kasıbların teatrı idi…
Mən birinci sinifdə oxuyanda, yəqin ki, 1961-ci ilin yazının axırında kəndə kəndirbazlar gəlmişdilər. Məktəbin yuxarı sinifləri təzə məktəbə, yəni ləğv olunmuş kolxoz üçün tikilmiş idarə binasına köçmüşdülər. İbtidai siniflər köhnədə qalırdı. Sonralar yerində mağaza tikilmiş həmin məktəbin qabağnda bir-birindən xeyli aralı iki dirək basdırıb onları ciyə ilə birləşdirmişdilər. İki kəndirbaz əllərində balans payası ciyənin üstü ilə gəzirdi. Aşağıda zurna, təbil çalınırdı. Keçi maskası geymiş kloun mayallaq aşa-aşa çəmənliyə yığılmış adamlara yaxınlaşır, tamaşanın pulunu yığırdı –uşaqdan10, böyükdən 20 qəpik…
O vaxt yaşadığım xoşbəxt dəqiqələr sonralar həyatımda az olub…
İndi aşıqlı toylar haqqında.
Toyxanalar üç-dörd günə çəkilirdi.Çox dərin çonalar qazılır, teleqraf, elektirik dirəkləri boyda dirəklər basdırılır, sonra üstü, böyür-başı taxtalanır, sovxozda açıq havada qurudulan pambığı örtmək üçün istifadə olunan qalın brezentlə bürünür, yalnız girişi açıq qalırdı. Toyxananın başında bəy stolu qoyulurdu. Sağ əldə “aşıqçılar” otururdular – zurnaçı (balabançı), onun dəm tutanı, xanəndə qavalıyla, dümbəkçi. Toy yarı olanacan aşıq toyxanaya girmirdi, toyu xanəndə “aparırdı”. Bizim kəndin toylarına gələn aşıqların yanında bir neçə dəfə Cəbrayıl gəlib – mərhum Sovet müəllimin yeznəsi.
Çalanların stolunun böyründə manqal olurdu, bu manqalda dümbəkçi dümbəyini, xanəndə qavalını qızdırırdı. Nəmişlikdə bu alətlərin dəri hissəsi boşalır, çalmağa yaramır. Toyda qabaqcadan manqala baxan təyin olunurdu. Bu, çox fəxri vəzifə idi…
(ardı var)
17.01. 2025, Samara
əvvəli burda:
