Hava qaralmağa başlayandan “aşıqçılar”, yəni musiqiçilər terlərini tutub başlayırdılar. Yemək yeri toyxanadan ayrı idi, buna görə adamlar toyxanaya tədricən doluşurdular. Başı xeyli yarım olan bir kasa bozbaşı yeyib yüz qram araq içəndən sonra toyxanaya girirdilər. İlkaxşamdan toyxanada çoxlu uşaq olurdu, böyüklər gəldikcə sərxeyir onları durğuzub aşağı başa keçirirdi. Toy gur olanda uşaqlara yer qalmırdı və onlar çıxıb qıraqdan baxırdılar. Xeyli adam yığışandan sonra bəy sağdışla solduşun arasında toyxanaya girir və musiqi sədaları altında gedib yuxarı başdakı yerini tuturdu. Aşıq isə hələ yox idi. Aşıq dincəlirdi. Toy sahibinin evində şərait olmayanda aşığı qonşuda yerləşdiridilər. Yadımdadır ki, Abasqulunun toyu olanda Pənahıın toyxanaya gəlişini səbrsizliklə gözləyənlər deyirdilər ki, aşıq İbadın evində qonaqlıqdadır…
Saat ona yaxın əvvəlcə bir nəfər aşığın sazını toyxanaya gətirirdi. Saz görünən kimi “aşıqçılar” tuş çalırdılar. Saz gələndən sonra intizar daha da artırdı. (Maraqlı burasıdır ki, Salyan aşıqları içində Bəylərdən başqa saz çala bilən yox idi. Qalanları ancaq dınqıldadırlar. Ancaq bir evdə belə musiqi alətinin olmadığı kəndin adamı çalmaqla dınqıldatmağı necə ayıra bilərdi?) Nəhayət, elan eləyidilər ki, “aşıq gəlir!” Aşıq bir neçə adamın əhatəsində qaranlıqdan sıyrılıb toyxanaya girirdi. Aşıqçılar ayaqğa qalxıb “tuş” çalırdılar. Toyxanadakıların da bir hissəsi dururdu – indi “həcilər” yas məclisinə girəndə durduqları kimi…
Aşıq toyxanaya girən kimi oxumurdu. Toya gələnlər sərxeyir vasitəsilə hava çaldırıb oynayırdılar. Mənim yadıma gələndən bizim toylarda həmişə Ərəstun sərxeyrlik edirdi və gənc vaxtlarından toy idarəçiliyində böyük ustalıq və səriştə göstərirdi. Onun toyu idarə etməsini maestro Noyazinin dirijorluğu ilə müqayisə etmək olardı. Maestro Nyazi kimi Ərəstunun da əlində çubuq olurdu və bu çubuğun qabağında heç kim xaric çalmırdı, yəni artıq-əskik hərəkət eləmirdi, eləyən toyxanadan çıxarılırdı…
Nəhayət, aşıq sazını götürüb balabançıların müşayiəti ilə toyxanın ortasına çıxır, “nağıl” ya dastan danışırdı. Bəzən aşıq xanəndəsi ilə deyişirdi. Aşıq Ramizlə Cəbrayılın deyişməyi yadımdadır. Binlar bir-birinə hərbə-zorba gəlməliydilər. Aşıq Ramiz nə deyirdisə, Cəbrayıl ona belə cavab verirdi: “Cəbrayılam, çaylar kimi çağlaram, Sən öl, Ramiz, səni bu stolbaya bağlaram”…
“Stolba” — əslində rusca “stolb”dur. Toyxananın ortasında, düz aşıqçıların stolunun qabağında toyxananın üstünü saxlayan dirək olurdu. Bu dirək çox vacib dirək. Xanəndənin qabağında durub ona “ana ürəyi”ni oxutduran adam əgər qanuni yüz qaramdan əlavə özü gətirdiyi bir şüşə arağı da içmişdisə, dalını dirəyə verirdi, çünki həm “Ana ürəyi”ni yaratdığı həyəcandan, həm də yarım litrdən çox araq beyninin dərin qatlarına nüfiz etdiyindən yıxıla bilərdi…
Aşıq oynayırdı da. Əynində bolşevik komissarının paltarı, əlində çala bilmədiyi saz, ayağında bahalı uzunboğaz general çəkməsi – dala-qabağa gedir, guya oynayırdı…
Biz isə teatr, tamaşa, musiqi tamarzısı idik. Ac adama yavan quru çörək də dadlı gəlir… Biz nə görmüşdük, nə eşitmişdik ki…Tamaşa tələbatı isə insanın təbii xassəsidir. Hələ iki min il əvvəl Roma şairi və yazıçısı Yuvenal deyib ki, xalqa çörək və tamaşa lazımıdır…
Toyxananın aşağı başında, girəcəkdə bir stol qoyulurdu. O stol bəzənmirdi, üstünə örtük də atılmırdı. Onun arxasında kəndin qocaları otururdular. Müxtəlif illərdə o fəxri yerdə Alışır və Qəfər qardaşlarını, Əliağa kişini, Saleh kişini, Əbilhəsən və Əlihəsən kişini görmüşəm. Lələm də hərdən oturardı. Çalğıya, ümumiyyətlə, musiqiyə, elə həvəs göstərməzdi. Ancaq evdə hərdən-hərdən mərsiyələri avazla oxuyanda gözünün yaşı axardı…
Qənbərin toyuna Aşıq Bəylər gəlmişdi. Toya hansı xanəndənin ya aşığın gələcəyini an azı bir həftə, bəzən bir ay qabaq kənddə bilirdilər. Ərəbqardaşbəyli əhalisi, Bala Surra qarışıq, çox narazı qalmışdı. Adamlarımız avropalılar kimi şüurlu, siyasi cəhətdən fəal olsaydılar, Alışır kişinin evinin qabağında etiraz nümayiş keçirərdilər, başlarının üstündə “Rədd olsun Aşıq Bəylər!” yazılmış banerlər də tutardılar. Ancaq bizim xalq qıpıq və hətta başıqapazlı olduğundan narazılığı qalmışdı içində. Təkcə balasurralı Fazil Aşq Bəylərə qarşı kampaniya aparır, hətta təhqirli ifadələr işlədirdi…
Aşıq Bəyləri kim seçmişdi? Bəlkə Məlahət özü? Əgər belədirsə, Məlahətin gözəl musiqi zövqü varmış. Qənbərin toyu yadımda deyil, bəlkə Əlibayramlıda olmuşam. Ancaq bir neçə il sonra Aşıq Bəylərin necə gözəl müğənni və musiqiçi olduğu mənə çatdı. Onun “Şirvan şikəstəsini” ürəkdn sevdim və indi də sevirəm. Aşıq Bəylərin “Şiran şikəstəsi”, Alim Qasımovu çıxmaqla, bu gözəl meodiyanın ən yaxşı ifasıdır. Alim Qasımov da, fikrimcə, Bəylərin ifasından xeyli bəhrələnib, o da bizim yerlimiz kimi Tufarqanlı Abbasın sözlərini oxuyur…
1976-cı ya 77-ci ildə Salyanın sonralar Əlieyv kompleksinə yer eləmək üçün sökülmüş mədəniyyət evində mədəniyyət gənc aşıqların respublika müsabiqəsi keçirilirdiə Azərbaycanın çox yerindən gənc və yeniyetmə sazçalanlar gəlmişdilər. Fasilə zamanı onlardan bir neçəsinin Aşıq Bəylərin başına yığışdığını gördüm. Onlar aşıqla ustad kimi danışırdılar. Aşıq gənclərin xahişilə birinin sazını alıb qəşəng çaldı da. Aşıq Bəylər belə aşıq bəylər idi…
(ardı var)
18. 01. 2025, Samara
əvvəli burda:
ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 24. TOYLAR: BABAKİŞİNİN TOYU, «ULDUZLU TOYLAR»…
