Yenə köç, yenə də qələbəlikdir:
Əldə sarıqları, düyünçələri,
Fələstin ərəbi qayıdır geri,
Xaraba qoyulan ölkəyə gedir.
+
Göydə yəhudinin pilotsuzaları,
Bombalar partlayan yer uzaq deyil.
Ayrı səs eşitmir ərəb elə bil,
Qəzzanın “gəl” deyən səsindən ayrı.
+
Gedir yetim uşaq, gedir dul arvad,
Gedir hər kəsini itirən qoca.
Gedir gün uzunu, dayanmaz gecə,
Ay, il ömürlüdür ötən hər saat.
+
Arxa xarabadır, virandır qabaq,
Hələ çox ölü var basdırılmayan,
Dayanmır yəhudi, hələ axır qan,
Qalmır fələstinili yolundan ancaq.
+
Gedib yaşayacaq açıq havada,
Yağış da islatsa, külək də döysə.
Hay verir yurdundan ucalan səsə,
Sabah ölərsə də yeni davada.
+
Parisdə, Londonda, Stokholmda,
Yaşamaq imkanı olan da gedir,
Görüb gözəl həyat, şərait nədir,
Ürəyi yurdunu istəyir amma…
Bəs niyə mən durub köç eləmirəm? –
Mənim də Qəzzam var, adı ayrıdır.
Bəlkə qurğuşun var qulaqlarımda,
Qoymur çağıranı eşidə biləm?
+
Hərçənd var deyirəm – varmı o ölkə?
Varmı cəsarəti zənciri qıra,
Öz dili, öz səsi varmı çağıra?
Ya mən itirmişəm vətəni bəlkə?…
28. 01. 2025, Samara
