Архив | 29.01.2025

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 30. YORULMAZ ATALAR VƏ «ALLAH VERƏN» UŞAQLAR…

1966-cı ildə mən 6-cıda oxuyanda sinifdə altı nəfər idik. Surralılar Əfsusə və Gülsabah, dağılmaqda olan Musalıdan Məmmədəli, Ərəbqardaşbəylidən mən, Alkişi, Xırdaxanım. 7-ci sinifə olduq səkkiz nəfər – iki il sininfdə qalmış Samura  və üç il qalmış Anaxanım. O vaxtlar şagirdlərin bir neçə il sininfdə saxlanılması mümkün idi, ancaq ibtidai sinif həcmində də bilikləri olmayan, yetkinlik həddinə çatmış, təsərrüfat işlərinə, evdarlığa, peşə mənimsəməyə qabıliyyətli iri qızların xırda uşaqlara qatılıb aylarla illərlə gün yubatmağı o vaxtkı təhsil sisteminin az olmayan absurd cəhətlərindən biri idi.

Səkkinci sinifdə olduq 9 nəfər – mənim dəqiq bilmədiyim səbəb ‘görə Dövlətalı kişi oğlu Şakiri o vaxtacan oxuduğu Salyan internatından çıxarıb kəndə gətirdi. 1968-ci ildə səkkizillik məktəbi 9 nəfərlə bitirdik. Yadımdadır ki, 1965-ci ildə məktəbin cəmi beş məzunu olmuşdu, onlardan da biri Musalıdan idi – Yarı kişinin oğlu Ədalət. Yeri gəlmişkən, anası rus olan Ədaləti məktəbdə çox incidirdilər. Onun məktəbin narlığında “urus, urus!” deyərək qovulmağı gözümün qabağındadır. Üzü dəhşətdən əyilmiş Ədalət “ay mama” qışqıraraq qaçırdı. Onu incidənlər yoldaşları yox, məktəbin böyründə, mağazanın qabağında veyillənən illənmiş kənd subayları idilər…

Musalı uşaqları əvvəllər həmişə Cəngən məktəbinə gedirdilər. Bəlkə də günlərin bir günü Cəngən məktəbinə qədər məsafəni bizə qədər olan yolla ölçüb (məsələn, uzun illər bizim mağazada işləmiş Tağının metri ilə…) görmüşdülər ki, Ərəbqardaşbayıli məktəbi daha yaxındır. Musalılıar bizə 1963-64-cü dərs ilində qoşuldular. Tağının qızı Mahirə üçünci sinfi mənimlə oxuyub. Tağı tezliklə Cəngənə köçdü, uşaqlar da məktəbdən çıxdılar. 8-ciyə qədər mənimlə oxumuş Məmmədəli “fənəryandıran” Hacıbabanın oğlu idi. O vaxt Kürdə gəmiçilik vardı, gəmilər üçün təhlikəli olan dayazlıqlara mayaklar qoyulmuşdu, onların içində neft lampası vardı, hər axşamçağı “fənəryandıralar” kolazla onlara aid olan məsafədə mayakları yandırır, səhərlər söndürürdülər. Sovet müəllimin atası Mustafa və Gülsüm xalanın qardaşı Sarı mayak yandırmaqdan qayıdarkən bizim evlərin qabağında boğulmuşdular…

Yarı müharibə veteranı idi, arvadı Sonanı (rus adı yəqin ki, Sofiya, Sonya idi) Rusiyadan gətirmişdi. Yarı kişi özü də ağ adam idi, Ədalət isə sarışınlığı, burnunun (kurnosıy) forması ilə azərbaycanlıdan çox rusa oxşayırdı. Bir adamla işi yox idi. Ona qarşı olan vəhşiliyin səbəbi bir deyil. Əlbəttə, ilk növbədə cahilliyi, nadanlığı demək lazımdır. İsa öz Tanrısından belə adamların bağışlanmasını xahişini edir: “Onlar nə elədiklərini bilmirlər…”.

Sonrakı bir neçə il ərzində Musalı tamam boşaldı. Hacıbaba Salyanstroya (Kürkənd) köçdü. Yarı kişi sonuncu qalanlardan idi. Nəvəsi Yeganə də bizim məktəbdə oxuyurdu…

Mən 1972-ci ildə müəllimliyə başlayarkən götürdüyüm birinci sinifdə uşaqların sayı 25 ya 27 idi. 1974-cü ildə gələn birinci sinifdə də uşaqların sayı 25-ə qədər idi.

Yəni az vaxtda, bir neçə il ərzində kənddə uşaqların sayı üç-dörd dəfə çoxalmışdı.

1950-ci  və 1960-cı illərdə uşaqların sayının çox az olmasının əsas səbəblərindən biri 1941- 45-ci illərdəki müharibədir. Mən müəllim işləyəndə müharibədə həlak olmuş Ərəbqardaşbəyli və Bala Surra sakinlərinin siyahısı hazırlanmışdı. Yadımdadır ki, o siyahıda 33 nəfər var idi. Bunlardan hər birinin üç, beş, səkkiz və hətta on uşağı da ola bilərdi. Deməli, müharibədəki itkilər iki kiçik kənd üçün minus 100-150 uşaq demək idi. Fəallığını itirməmiş yaşlı nəsil olmasaydı, bəzi siniflər boş qalardı. Mən də, mənimlə eyni vaxtda oxumuş uşaqların xeyli hissəsi də qoca ataların uşaqları idik. Uşaqlıqları müharibə ərəfəsinə ya müharibə illərinə düşmüş cavan kişilərin uşaqları 60-cı illərin ortalarından şagird kontingentini doldurmağa başladılar. Ancaq bizim məktəb üçün rekord sayıla bilən 25-27 uşaq qismən yenə də “qoca ataların” hesabına idi. İki-üç ildən bir birinci sinfə Bala Surradan Ağadədənin, bizim kənddən Əbilhəsən kişinin, Qəfər oğlu Səttarın uşaqları olurdu. Qəfər Rüstəmovu da veteran atalardan saymaq olar.

Bolşevik və İkinci dünya müharibəsinin işdirakçısı (öz dediyinə görə, döyüş yolu «Urmaniyadan», yəni Rumıniyadan keçmişdi)  Ağadədə Rəhimovun ikinci arvaddan xeyli uşağı vardı. Ağadədə bəlkə koxoz qurulan zamanda çox fironluqlar da eləyib, ancaq mənim yadıma gələn vaxtlar  onu qarovulçu görmüşəm, qaravulçu isə 60-cı illərdə 40, uzağı 50 manat ala bilərdi. Yəni böyük ailə ehtiyac içində idi. Kolazdan keçəndə lələmlə dərdləşirdi. “Cahangir, issiyirəm uşağları aparıb tökəm iraykomun qabağına”. “İraykom” raykom idi, Azərbaycan Kommunist Partiyasının Salyan rayon komitəsi. Raykomun birinci katibi rayonun ağası idi. Lələm bəlkə də ciddi, bəlkə də, indiki slenqlə desək, Ağadədəini trollayaraq deyirdi: “Lap yaxşı, apar tök”.

Məmmədağanı, Tükəzbanı və onlardan kiçik daha beş-altı uşağı Salyanda raykomun qabağında təsəvvür edin…

İmanqulu Rzayevin axırıncı uşaqları onun öz nəvələrindən kiçik idi. Latınca belə ifadə var: ”Quod licet Iovi (Jovi), non licet bovi”. Yəni Yupiterin eləyə bildiyini öküz eləyə bilməz. İmanqulu Rzayevin on-on beş ailə saxlamağa imkanı var idi. Ağədədə isə ağına-bozuna baxmadan dünyay gətirdiyi uşaqları raykomun qabağına tökmək istəyirdi…

Əbilhəsən kişinin də ikinci arvadı Minəbəyimdən xeyli uşağı vardı. Minəbəyim xala məməmin kəndçisi, arbatanlı idi, məməmə “bacı” deyirdi. Mən bilən, çox cavan ölüb. Əbilhəsən kişidən yaşda xeyli kiçik olardı. İki ildən bir əriylə əl-ələ verib bizim o qədər də gözəl olmayan dünyamıza ağlı-qaralı gözəl uşaqlar gətirirdilər. Məndən bir sinif aşağıda oxumuş Sübü (yəqin ki, Sübhü) yaxşı yadımdadır, sıx qıvrım kürən saçlı qəşəng qız idi. Minəbəyim xalanın uşaqlarındn ən azı ikisi – Əşrəflə Məhəmməd —  şagirdim olub, yəqin ki, bir cəngənlinin qardaşım Seyfullaya dediyi kimi, məndən “çoxlu umuküsüləri” var…Minəbəyim xala zarafatcıl arvad idi, qardaşım Adıgözəllə zarafatları tuturdu. Adgözəl bir dəfə kolazda Minəbəyim xalasını gözdən keçirib görür ki, yenə ana olmağa hazırlaşır. Deyir: “Valla, utanmursuz ey… Nağədə doğmağ olar?” Minəbəyim xala deyir: “Ədə, hey, elənçiy danışma, Allahın acığı gələr. Uşağı Allah verir”. Adıgözəl dayanmır: “Uşağı Allah verirsə, Tamam xalaya nöş vermir?”

Doğrudan da əri Atamalı öləndən sonra Allah Tamam xalaya bir dəfə  də uşaq verməmişdi…

 

29. 01. 2025, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 29. TOYLAR. NİYƏ ARVADLAR YASDA OXUYURLAR, TOYDA YOX?