MƏNİM HEROSTRAT ŞÖHRƏTİM

Nə silah, nə qələmlə gələn şöhrəti, adı

Qazandım mən həyatda, can da atmadım elə.

Qaçılmaz finalına ömür çatanda indi,
Herostrat şöhrətindən bəlkə mənə də gələ.

 +

Herostrat kimi məbəd, əlbəttə, yandırmadım,

Elə hünərə məndə yox səviyyə və miqyas.
Bəşərin yaddaşında əbədiləşməz adım,
Tarix kitablarına gördüyüm iş yazılamz.

 +

Yox, yanan məbəd deyil, yandıran nə də mənəm.
Yanan öz mənzilimdir, səbəb – qısa qapanma.

Mənzil özü də bir növ məbəd olsa da hərçənd,
Məbədin statusu, adı ucadır amma.

 +

Öləndə soruşarlar: “Kim? Hansı? Evi yanan?”

Xidmətim yada gəlməz xatırlanmağa dəyən.

Deyərlər əfəl idi, bir işə yaramayan,

Özüm yandırdığımı bəlkə olacaq deyən…

 +

Kimsə xatırlayacaq mənə çəkdiyi xərci,
Dəftərində haqq-hesab, adım orda mənim də…

Unudulmaram azı beş-altı ay keçincə,

Herostrat şöhrətiylə fəxr edirəm indidən…

 

16. 02. 2025, Samara

QEYD:
Herostrat, Herostratus (q.yun. Ἡρόστρατος) — Qədim yunan şəhəri Efes (indiki Türkiyədədir, Selcuk adlanır) sakini. B.e.ə. 356-cı ildə Artemida məbədini yandırıb. Qədim yunan tarixçisi Feopompun hekayəsinə görə Herostratus etiraf edib ki, məbədi ona görə yandırıb ki, gələcək nəsillər onu xatırlasın.