«ŞAH DEDİ AĞLAYIRAM…» VƏ YA PREZİDENT ÜÇÜN PORTRET SİFARİŞİ

“Şah dedi ağlayıram, bəs ki, üzüm çirkindir,

İldə bir görsəm əgər ayinədə surətimi.

Ona ərz etdi vəziri: səni hər gün görürəm,
Nə qədər ağlayıram, indi düşün halətimi!”

Sabirin bu dördlüyündə şah deyir ki, ildə bir dəfə üzünü güzgüdə görsə, onu ağlamaq tutur. Vəziri deyir ki, mən səni hər gün görürəm, indi nə qədər ağladığımı özün təsəvvür elə…

Sabirin bu şeirindən bilmək olmur ki, şah anadangəlmə çirkin olub, yoxsa qocaldıqca eybəcərləşib. Şahın qoca olduğu ehtimalı ağlabatandır, çünki şahlıq ömürlük olur, eləsi uşaq vaxtında taxta oturur, ölənəcən və ya zorla devrilməyənəcən daha o taxtdan durmur. İnsan da, məlumdur ki, qocaldıqca eybəcərləşir. Yaxşısı budur ki, heç güzgüyə baxmayasan. Mən neçə ildir baxmıram. Axırıncı dəfə baxanda gödüm ki, güzgüdəki əksim mənim ağzımı əyir. Fikirləşdim ki, məni bəlkə qara basır. Həkimə getdim. Həkim məni başa saldı ki, ağız əyən əksim deyil, ağzım özü əyilib. Yəqin ki, qocalıqdan…

O vaxtdan adam içinə çıxmıram. Dost-tanış da məndən qaçır. Qabaqlar tez-tez Mirzə, gedək Volqa qırağında gəzə-gəzə söhbət edək” deyənləri çoxdan görmürəm.

Mən qocalıb eybəcərləşdiyimə çox da məyus deyiləm. Çünki cavanlıqda da elə baxımlı olmamışam. Yəni bir şey itirməmişəm. Ancaq cavanlıqda gözəl olub qocaldıqca eybəcərləşən insanlar da çoxdur. Məsələn, götürək elə bizim əlahəzrət prezidentimiz İlham Əliyevi. Cavanlıq şəkillərinə baxırsan – tavtalogiya olmasın – şəkil kimi oğlandır. Düzdür, Alen Delon kimi gözəl, Hemfri Boqart kimi impozant deyil, ancaq qəşəng oğlandır. İndi baxırsan, az qalırsan başına ikiəlli qapaz salasan. Yəni mən öz başımı nəzərdə tuturam. Yəni başına qapaz salıb demək istəyirsən ki, hanı o gözəllik, yəni Əliağa Vahid demişkən, hanı o hüsn, o camal. Hanı o şanə. Şanə  — yəni daraq. Zülf, yəni saç gedəndən sonra, əlbəttə, şanə də gedəcək… Vahid deyirdi: “Zülfün tökülmək adətidir, şanə neyləsin…”

İlham Əliyevin surətindəki neqativ dəyişikliklər məni, Səməd Vurğun demişkən, dərin fikirlərə qərq edir. Bu dəyişiklikləri təkcə qocalıqla izah etmək olmaz. Əlahəzrət o qədər də qoca deyil. Əsində heç qoca deyil. Yaxşı, deyək ki, qocalıqdandır. Bəs üzdəki simmetriyanın pozulmasını necə izah edəsən? Əlahəzrətin üzünün sağ tərəfi sol tərəfindən xeyli fərqlənir, elə bil ki, ayrı adamındır ya da əlahəzrət ordunda tennis topu tutub. Vallah, ağlamalıdır…

Bəlkə deyilənlər doğrudur? Bəlkə insanın yol verdiyi ədalətsizliklər, törətdiyi günahlar onun üzündə öz əksini tapır? Mən əlahəzrətin nə günahlar törətdiyini bilmirəm, ancaq üzündəki neqativ dəyişiklikləri görəndə bilirsən ki, törədib.

Azərbaycanda “Dorian Qrey” romanını oxumayan tapılmaz. Rəssam Bazil Holvard Dorian Qreyin portretini yaratmışdı və, ayıb olmasın, əxlaqsız həyat sürən Dorianın pütün pozğunluqları onun öz üzündə yox, portretdə əksini tapırdı. İndi deyirəm ki, Azərbaycanda Bazil Holvard kimi bir rəssam ola, əlahəzrət prezidentimizin elə bir portretini yarada. Və əlahəzrət bu ölkəyə və onun əhalisinə nə zülmlər eləsə, nəticəsi onun üzündə yox, şəklində əks olunsun…

Bilmirəm, belə bir rəssam tapılarmı. Ancaq bu barədə ciddi düşünmək lazımdır. Çünki əlahəzrət şahdan fərqli olaraq, özünü güzgüdə ildə bir dəfə yox, gündə yüz dəfə görür. Əlahəzrət səhərdən axşamacan özünü ekranda da görür. Və surətini görəndə… Yox, əlahəzrət o məcnunlardan, yəni Sabir təsvir edən şahlardan deyil. Əlahəzrət surətini görəndə ağlamır. Əlahəzrət surətini görəndə ağladır, mələdir. Əlahəzrət istəyir ki, ölkədə düz-əməlli adam qalmasın, hamının ağzı-burnu əyilsin, hamının əqidəsi də əyilib korlansın… Baxır, məsələn, Tofiq Yaqubluya, görür Tofiq Yaqublu ağzı-burnu yerində, qəddi düppədüz, cin vurur beyninə…

Mən də olsam, cinlənərəm…

Gündə ən azı beş ya altı dəfə dua eləyirəm ki, bizim əlahəzrətə gələnlər Makrona gəlsin. Emmanueli deyirəm. Ancaq gəlmir. Baxıram Emmanuelə, görürəm ağız-burun yerində, özü də konfet kimidir. Yanıb-tökülürəm…

Sözümün sonunda əlahəzrət prezidentə təklifimi bildirmək istəyirəm. Ya o Bazil Holvard kimi rəssam tapıb sehrli portret çəkdirsin, ya da insanlara elədiyi zülmü dayandırsın, türmələrin qapısını açıb günahsız insanları buraxsın, özü də qabaqlarındda diz çöküb üzrxahlıq eləsin. Əminəm ki, elə həmin dəqiqə əlahəzrət on səkkiz yaşlı gözəl bir gəncə çevriləcək…

Mirzə ƏLİL

21. 02. 2025, Samara