ƏVƏZ ZEYNALLI EYNULLANIN TAPŞIRIĞI İLƏ TÜRMƏDƏ ZULUS DİLİNİ ÖYRƏNİR…

Jurnalist Qənimət Zahid Fransanın televiziya kanallarından birinə müsahibə verib. Bu müsahini jurnalist və jurnalistttutduran Eynulla Fətullayev görüb və, Məşədi İbad demişkən, halı çox pərişan olub. Əlbəttə, ona görə yox ki, Qənimət Zahid Azərbaycan hökumətinin azad fikirli insanlara necə divan tutduğundan danışıb. Əsla yox. Eynulla Fətullayev yaxşı bilir ki, hökumətin törətdiyi qanunsuzluqları dünya ictimaiyyətinə çatdırmaq jurnaistin müqəddəs borcudur. Özü də bir vaxt rejimin cinayətlərini dünya ictimaiyyətinə çatdırıb. Təəssüf ki, sonra şeytan Eynullanı azdırdı və özü də başladı cinayət törətməyə. Böyük cinayət yox, xırda-mırda cinayət, məsələn, adam tutdurmaq. Buna heç cinayət deməyə adamın dili gəlmir. Azərbaycanda bu işlə məşğul olmayanı gərək gündüz çıraqla axtarasan…

Yəni Eynulla Fransada Qənimətin Azərbaycan rejimini ifşa etdiyinə qətiyyən pərişan ola bilməz. Bəs onu pərişan edən nədir?

Qənimətin fransız dilini bilməməyi!

Təsəvvür edurəm ki, Eynulla Qınumətin fransız dilində müsahibə verdiyini görəndə başına əl atıb ki, saçını yolsun. Başında tük tapmayıb və iki əlli qapaz salıb…

Bəli, Qənimət Eynullanı çox pərişan edib. Demək olar ki, atasına od vurub, anasını ağladıb…

Burda mənim yadıma… Yox, “Leyli-Məcnun” əhvalatı yox, Qoqolun “Evlənmə” komediyası düşür. Aqafyaya elçi düşmüş altı kişidən biri, Onuçkin, yanındakılardan soruşur: qız fransızca bilirmi. Məsələ, burasındadır ki, Onuçkin özü fransızca bilmir. Deyir ki, heyvan atası günahkardı , əgər həftədə çox yox, bir dəfə onu yaxşı kötəkləsəydi, fransızca öyrənərdi…

Deməli, Onuçkin fransızca bilmir, ancaq gələcək arvadının fransızca bilməyini vacib sayır.

İndi sual: Qənimətin fransızca bilməməyi Eynullanı niyə belə pərişan edir? Onunla, yumşaq deyim, qohum olmaq istəyir?

Qənimət fransızcanı harda öyrənəydi? Şamaxı məktəbində? Peşə məktəbi səviyyəsində olan universitetdə? Türmədə?

Yeri gəlmişkən, Qəniməti kim tutdurmuşdu? Bilirik ki, Əvəz Zeynallını Eynulla tutdurub. Bəlkə elə Qəniməti də dama o basdırıb? Üstəlik tapşırıq verib ki, türmədə beş il ərzində gərək fransızca öyrənəsən.

Rus-sovet komediyası “Джентльмены удачи» də Yevgeni İvanoviç banditlərə əmr edir: ingilis dilini öyrənəcəksiniz! Banditlərdən biri soruşur: ingilis dili nəyimizə lazımdır? Yevgeni İvanoviç deyir: “Səfirliyə basqın edəcəyik!”

Bəlkə də Qənimət də soruşub ki, fransız dili onun nəyinə lazımdır? Eynulla da deyib ki, türmədən çıxsan, bilərsən…

Qənimət isə türmədə havalanıb, özünü Düma-ata ya da Əvəz Zeynallı bilərək başlayıb roman yazmağa — fransız dilini hardan öyrənər…

Bu, Eynullanı çox pərişan edir…

Onu da demək lazımdır ki, Qənimət damda yatanda Eynulla pərişan olmurdu, ailəsindən, doğmalarından ayrı düşəndə peşman olmurdu, atasının dəfninə buraxılmayanda pərişan olmurdu. Qənimətin fransız dili bilməməyi onu pərişan edir… Qənimətin vətənindən didərgin salınmağı Eynullanı qətiyyən pərişan eləmir, halbuki azadfikirli azərbaycanlıların rejimə girov çevrilməyində ya didərgin düşməyində Eynullanın da rolu az deyil…

Km bilir, bəlkə Əvəz Zeynallının hökmününü gizli hissəsi də var və bu hissə Eynullanın təklifi ilə hökmə əlavə edilib. Bu hissənin tələbinə görə Əvəz Zeynallı türmədə olduğu müddətdə zulus dilini mükəmməl öyrənməlidir. Əvəz Zeynallı soruşub ki, zulus dili mənim nəyimə lazımdır. Deyiblər ki, türmədən çıxandan sonra səni zuluslara konsul göndərəcəyik…

Bunu oxuyanda elə təsəvvür yarana bilər ki, mənim Qənimət Zahidə böyük məhəbbətim var. Əsla! Heç kiçik məhəbbətim də yoxdur. Onun yazısını oxuyanda ya nitqini eşidəndə təzyiqim qalxır. İddialı və buna görə də dolaşıq cümlələrini başa düşmək üçün gərək başın üstündə mil dyanasan ki, mən də bunu bacarmıram.

Ancaq mənim şəxsi münasibətim – mənim şəxsi münasibətimdir. Azərbaycan əhalisinin yüz faizi də Qəniməti sevməsə, bu, rejimin ona qarşı törətdiyi cinayətkar repressiyaları doğrultmaz. Mənimlə Qənimətin arasında estetika durur. Rejim üçünsə Qənimət siyasi düşməndir. Rejim üçün estetika problem deyil, çünki onun estetikası Əli Əsədov, Siyavuş Novruzov səviyyəsindədir…

Arzu edək ki, gələn müsahibəni Qənimət fransızlara fransız dilində versin və Eynullanı pərişanlıqdan qirtarsın.

Yəqin Əvəz Zeynallı da beş-altı ilə zulus dilini öyrənər. Öyrənən kimi işindən çıxıb buraxacaqlar. Ve gedəcək suluslara konsul….

Mirzə ƏLİL

14. 03. 2020, Samara