Sonuncu arzu nə? – Yuxuda ölmək…
Yox, bir arzu da var –qeybə çəkilmək!
Yatağın yerində, yoxsan özünsə,
İstin, hənirin var, itib izinsə.
Bütün bazalardan tez silinəsən,
Heç axtarışa da verilməyəsən.
Necə ki, yox idin doğulmamışdan,
Elə yox olasan öldüyün andan.
Yaxşın da, pisin də qalmaya yadda,
Adam yaşamayıb sanki sən adda!
Qismət olaydı kaş yuxuda ölmək,
İsa tək göyə yox, qeybə çəkilmək!
Nə kəfən, nə dəfn, nə xərc-xəcalət,
Nə qınaq, nə tənə, nə də ki, minnət.
Qoyun cəmdəyi tək nə ölüyuyan,
Fırlada, çevirə, gülüb-oynaya…
Nə xatirə qala, nə də bir nişan,
Necə ki, yox idin yaranmamışdan…
15. 03. 2025, Samara
