Архив | 03.04.2025

YEVGENİ BARATINSKİ. KƏND

Sevirəm həm kəndi, həm də yayı mən,

Palıd kölgə salır, danışır sular,

İncə çiçəklərin nə xoş ətri var!

Tapılar dünyada bunu sevməyən?

Dözərən, qoy yesin ağcaqanadlar;

Səhra sakiniyəm, niyə gizlədim,

Səhra sakitliyi qəlbim arzular,

Haçan ikiayaq ağcaqanadı –

Qonağı görərəm, halım pozular.

1828

ruscadan tərcümə

03. 04. 2025, Samara

+++++++++++++++

ЕВГЕНИЙ БАРАТЫНСКИЙ

ДЕРЕВНЯ

Люблю деревню я и лето:

И говор вод, и тень дубров,

И благовоние цветов;

Какой душе не мило это?

Быть так, прощаю комаров;

Но признаюсь – пустыни житель,

Покой пустынный в ней любя,

Комар двуногий, гость мучитель,

Нет, не прощаю я тебя!

UİSTAN ODENİN BİR ŞEİRİNİN İKİ TƏRCÜMƏSİ

Uistan Oden (1907-1973)

 

      MATƏM BLYUZU

                                        Stop all the clocks, cut off the telephone

Saxlayın saatları, telefonları kəsin,

Şirəli sümük atın itlərə ki, hürməsin.

Sussun pianinolar, asta təbil səsiylə
Çıxarın cənazəni, yığılsın yasa gələn.

 +

Haray salsın uçarlar göydə dövrə vuraraq,

Bu ölüm xəbərini yazsın ağ buludlara.

Taxsın ağ göyərçinlər boynuna qara ipək,

Polislər yola çıxsın qara əlcək geyərək.

 +

Şərqimdi, Qərbimdi o, Cənubum, Şimalımdı,

Zəhmət dolu günlərim, istirahət anımdı.

O mənə söz, nəğmədi, o, gündüzdü, o, axşam,

Mən əbədi bilirdim sevgini. Yanılmışam.

 +

Ulduzlar göz oxşamır, ulduzları söndürün,

Açıb-atın günəşi, ayı büküb endirin.

Qırın-tökün meşəni, qurudun okeanı,

Yaxşı nə var qabaqda? Daha ölüb inamım…

 

 

Ingiliscədən tərcümə: X.X.

               Sent. 2012, Samara

 

++++++++++++++++++++

 

HEDLİ ANDERSON ÜÇÜN İKİ NƏĞMƏ

 

I

Saatları saxlayın, telefonları kəsin,

İlikli sümük atın, itin kəsilsin səsi.

Sussun pianinolar, qoyun təbili dincə,

Cənazəni çıxarın, yığılsın idicilər.

 +

İniltiylə hərlənsin baş üstündə uçarlar,

Bu ölüm xəbərini aləmə çəkərək car.

Ağ məmur köynəyinə vurulsun qara düyün,

Qara əlcək geyinsin yol polisləri bu gün.

 +

Şimalımdı, Şərqimdi, Qərbimdi, Cənubumdu,

İşçi həftəmdi, həm də istirahət günümdü.

Gündüzümdü, gecəmdi, o – söhbətim, o – nəğməm,

“Sevgi ölməz!” deyirdim, yanılırmışam demə.

 +

Ulduzları neynirəm – işıqları üşüdür,

Ayı büküb bağlayın, söndürün günəşi də.

Qoy okean qurusun, qoy od düşsün meşəyə,

Bu dünyada ümid yox daha yaxşı bir şeyə.

 

ingiliscədən tərcümə

10.11. 2012. Samara