«Sən getdin, elə bil dünya boşaldı
Yaz da köçüb getdi, yeri boş qaldı…»
Yadnızda saxlayın: yazın yeri boş qalıb!
Elə arxasınca: “Bahar ürəyimi sənsiz qış aldı”
Sual: yazın yeri boş qalıb ya yerini qış alıb?
Əlbəttə, “boş qaldı” “boşaldı”ya qafiyə üçündür. Yəni müəllif basməmmədi eləyib malını sırıyır oxucuya. Ya da xanəndəyə. Baba Mirzəyev bir ağlaşma quracaq ki, gəl görəsən…
İndi akademik Bəxtiyar müəllimin Azərbaycan dilini necə bildiyi barədə.
“Bahar ürəyimi sənsiz qış aldı”
“Bahar ürəy”i necə başa düşmək olar? Çevirək azərbaycancaya: “Yaz ürəyimi” qış aldı? Necədir? Cəfəngiyyatdır? Əlbəttə!Azərbaycan akademiki farsca “bahar” deyib yenə oxucunu hərifləmirmi?
Yaxşı, deyək ki, şair ürəyini yaza bənzədir.Bunu da yadda saxlayaq.
Eşqimi aparıb sən getdin demək,
Eşqsiz bir könül nəyimə gərək?
Mən ömründə ən azı bir dəfə sevdiyi insandan ayrılmış hər kəsə müraciət edirəm: əgər sevgili üz döndərib gedirsə, ürəkdən sevgini də aparırmı? Əgər belə olsaydı, sevgi faciələri olardımı? Yox! Bəxtiyar Vahabzadə eşqdən elə yazır ki, guya sevdiyi qız ya qadın cehizini götürüb gedib. Yükləyib taksiyə ya da KAMAZ-a, gedib. Şairin də “könlü” qalıb eşqsiz…
Müsürmanlar! Mən sizi ayıq başla dediklərimə fikir verməyə çağırıram!
“…demək getdin”…
Elə bil polis protokoludur. Cehizini, olan-qalanımı yığışdırıb gedib… Qızıl-gümüşü…
“Soyuq daşa döndü o gündən ürək”
Şeirdə bənzətmələr üzvi şəkildə bağlanmalıdır. Yuxarıda ürək yaz fəslinə bənzədilmişdi. İndi ürək “soyuq daşa dönür”. Yuxarıda ürəyi qış almışdı. Belə çıxır ki, qış daşa dönür?
«Həmişə ayrıyıq, gecə-gündüzük»
Necə yəni “həmişə”? Yəni xanım getməmişdən qabaq da?
“Birimiz təpəyik, birimiz düzük”.
Mən, mümkün olsaydı, akademik şairdən xahiş edərdim ki, konkretləşdirsin: təpə kimdir, düz kimdir? Akademik özü düppədüz idi, əqidəsini demirəm, qamətini deyirəm. Yəqin xanımı təpəyə bənzədir, yəqin ətli-canlı imiş…
«Üstünün qaşıyla tanınar üzük,
Əgər üzük yoxsa, qaşı neylərəm?»
Bir şey başa düşdünüz? Xanım eşqi cehiz kimi götürüb gedib. Üzüyə bənzədilən nədir? Üzüyün qaşına bənzədilən bəs nədir?
«Niyə yaşayıram, mən niyə sənsiz?»
Biz nə bilək?
«Nə yerə baxaram, nə göyə sənsiz»
Bəs hara baxarsan?
«Mən ki, kor olmuşam hər şeyə sənsiz»
Aha! Kor olub!
«Kor gözün üstündə qaşı neylərəm?»
Müsürmannar! Bundan cəfəng, antiestetik, antipoetik misranı ancaq Səməd Vurğun ya Rəsul Rza yaza bilərdi. Baxın: aşiq kor olub. Deyir “qaşı neynərəm”. Təsəvvür edin ki, sevgilisi getmiş aşiq, məsələn Vahabzadə özü, dəlləyə gedib qaşlarını qırxdırır… Nəzərə alın ki, bu heyvərə misranı gözlərinin işığını həqiqətən itirmiş insanlar da eşidir ya oxuyurlar! Bu, adamdolamaq olsayd, dərdyarı idi. Bu, basməmmədilikdir. Akademik xalq şairi qafiyə xatirinə nə gəldi, soxuşdurur. Bilir ki, sonra Baba Mirzəyev milləti mələdəndə heç kim onun nə yazdığının fərqinə varmayacaq…
07. 04. 2025, Samara
