Архив | 08.04.2025

GƏDƏBİYYAT: NƏBİ XƏZRİ. «KÜLƏK»

“Yenə payız gəldi qonaqlar kimi…”

Payız, məlum olduğu kimi, hər il gəlir. Bəs “yenə” nəyə işarədir? Yəni ayrı cür gələ də bilir, qonaqlar kimi də? Payızın “qonaqlar kimi” gəlməyini necə başa düşmək olar? Yəni qonaqlar gələndə yasa batırıq? Bəlkə qonaq yaxşı qonaqdır, özü də pay-parça ilə gəlib?

1-ci misra, şübhəsiz, cəfəngdir. BİZ ONU FRANSA PARLAMENTİNİN QƏTNAMƏSİ KİMİ QƏTİYYƏTLƏ RƏDD EDİRİK!

“Soldu məhəbbətim yarpaqlar kimi”.

Payız gələndə məhəbbət niyə solurmuş? İnsan pişik deyil ki,  eşqi martdan marda coşub başına vursun.

“Ürək pıçıldayır dodaqlar kimi”.

Dodaqların pıçıldamağı – gerçək nitqdir, piçiltı da olsa, eşidiləndir. Ürəyin “pıçıltısını” yalnız ürək sahibi eşidər. Ona görə müqayisə eybəcər və absurddur. Gözünün qabağına ağzı, dodaqları olan ürək mulyajı gəlir…

“Külək, niyə belə əsirsən, külək?
Niyə ümidimi kəsirsən, külək?”

Yəni bunu ürək pıçıldayır. “Məhəbbət «yarpaqlar kimi” solubsa, buna külək neyləsin?

2-ci bənd.

“Sevgilim görüşə çağırmış məni”

Yadınızdan çıxmayıbsa, şairin məhəbbəri birinci bənddə solmuşdu. İndi sevgilisi onu görüşə çağırır…Çətin məsələdir….

“Mən necə unudum olub-keçəni?”

Aha! Nə isə “olub-keçib”? Mən Azərbaycanın ali və ədalətli məhkəməsinə müraciət edirəm: nə olub-keçib?

Protokola salaq: 1. Nəbinin məhəbbəti solub. 2. sevgilisi onu görüşə çağırıb.

“O deyir astaca: “Sevmirəm səni…”

Aha! Deyir sevmirəm! Bəs nə desin? Məhəbbəti solmuş kişiyə qız nə deməlidir?Elə oğlanın məhəbbəti hər payız gələndə solacaqsa, o nə kişidir…

3-cü bənd.

“O, ürək ağrıtdı, ürək incitdi”.

Kim ağrıtdı? Və ya nə ağrıtdı? Payız? Külək? Sevgili?
“Bir eşqin sevimli nəğməsi bitdi.”

1-ci bənddə demişdi ki, məhəbbəti solub. Solan məhəbbətdə nə nəğmə?

Bir şey başa düşdünüz? Burda kim kimi atır? Niyə atır?

Bəlkə payız gələndə müəllifdə avitaminoz olurmuş və bu səbəbdən solurmuş, halsızlaşırmış. Halsız kişiyə də elə hər qadın “sevmirəm” deyər. Flora Kərimova demişkən, əcəb eləyər…

Əlbəttə, bu, şeir deyil, şokoladlı konfet kağızına bükülmüş gildir. Millət də ağzını marçldada-marçıldada udur…

X. X.

08. 04. 2025, Samara