Ramiz Rövşən gəncliyində “Qara, qara qarışqalar” misrası ilə başlayan şeir yazıb. Yeganə ləyaqəti sosializm realizminin tələblərinə, partiya və hökumətin ədəbiyyat sahəsindəki ideoloji təlimatına uyğunluğu olan cəfəngiyatın fonunda bu şeir qulağa xoş gəlir, ürəyə də yapışırdı. Hərçənd elə bu şeirdə gələcəkdə yazı manerasına çevrilmiş təkrarçılığın əlamətləri görünürdü:
“Qulağım batdı, tutuldu…”
Batdı ya tutuldu?
Və ya: “Toplaşdınız, top oldunuz…”
Bunun eybi yoxdur. Bəla burasındadır ki, Bakıya rayonlardan gəlib redaksiya qapılarında sülənən onlarla, yüzlərlə gənc əslində ədəiyyata daha əvvəl İsa İsmayılzadınin, Ələkbər Salahzadənin gətirdiyi bu yazı formasını, bu intonasiyanı yamsılamağa başladılar və… onsuz da qurd-quşla dolu olan Azərbaycan poeziyasını qarışqa basdı…
Başqalarının Ramiz Rövəni yamsılamağını qoyaq bir yana. Sonralar və indiyəcən Ramiz Rövşın iyirmi-iyirmi beş yaşındakı özünü yamsılayır və təkrarlayır.
Deməli, “Qarışqalar”ın uğurundan ruhlanan Ramiz Rövşən bəlkə də qarışqa mövzusunda silsilə şeir yazmaq istəyir və müşahidə üçün qarışqa topası axtarır. Qarışqa topası da ən çox harda olur? Bəli, kötükdə. Bakıda da kötük nə qədər desən. Bakıda ağaclar boya-başa çatmamış baltalanır… Hə, Ramiz Rövşən qarışqalı bir kötüyə xeyli baxıb bu qərara gəlir ki, onun qarışqalı şeir artıq var, yaxşısı budur ki, hələlik şeiri kötüyə yazsa yaxşıdır. Və yazır.
“Başı kəsik gözəl kötük”
Kötüyün bəlkə də gözəli olur, Samarada bəzən zərurətə görə ağac kəsiləndə kötüyünü sənətkarlar müxtəlif fiqurlara çevirirlər. Ancaq adi kötüksə, onda nə gözəllik?
Bir məsələ də var: “Başı kəsik kötük” – bu, nonsens, yəni mənasızlıq deyilmi? Baş ağacda olar. Kötükdə nə baş? Belə deyil?
“bu dağı sənə kim çəkdi?
Baltanı sənə kim vurdu”
Müraciət kötüyə yox, ağaca edilməlidir. Kötükdə ağacı canlandırıb onunla danışmaq – xalq şairi və bir neçə hədiyyə mənzilin laureatı bu məsələni həll edə bilməyib.
İndi baxın:
“bıçağı sənə kim çəkdi?”
Ağacı bıçaqla kəsirlər? Ağacın nazik budağını bıçaqla kəsmək olar. Ancaq yekə ağacı bıçaqla necə kəsərsən? Bilirsiniz Ramiz Rövşən niyə bıçaq qapır? Yuxarıdakı “bu dağı”ya qafiyə üçün. Nə vecinədir, kim onu məhkəməyə verəcək?
“İpək-ipək yarpaqların
Küləklərlə talandımı?”
Kötüyün “ipək-ipək yarpaqları”?
“Bilək-bilək budaqların
ocaqlarda qalandımı?”
Budaq qola bənzədilə bilər və bənzədilir də, budağa qol deyilir də. Bəs niyə xalq şairi “bilək-bilək” deyir? Yuxarıdakı “ipək-ipəyə” qafiyədir, ona görə!
Sonra şeirində ölçü dəyişilir.
“Küsdünmü taleyin acılığından?”
Şair bunu kötükdən soruşur, çünki kötüyə müraciət edir.
“Zalımlar keçmədi qocalığından”
Yəni zalımlar kötüyün (?) qocalığına rəhm eləməyib başını (kötüyün!) kəsiblər…
Bu şeirdən filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası yazan iddia edəcək ki, kötük – simvoldur, kötük əslində cəmiyyətin etinasızlığından, qəddarlığından başını itirmiş, atılmış qocadır. Yəni bir dissertasiyalıq demaqoqiya qondarıb “doktor”, professor olacaq, onun zəhmtkeş soydaşı alın təri ilə çörək qazananda o, dezodarant iyi verə-verə dissertasiyasındakı cəfəngiyatı tələbələrə danışacaq…
“Gözəl kötük, sızıldama, göynəmə,
Nə baltalar, nə bıçaqlar qalacaq.”
Yenı dedi bıçaq…
“Ucalıqdan yıxılsan da, qəm yemə,
Sən yıxılan ucalıqlar qalacaq.”
Kötük hardan yıxılıb? Kötük ağacın başıdır ki, yıxıla?
Sonra xalq şairi, prezident təqaüdçüsü və çoxsaylı mənzillər laureatı Ramiz Rövşən Con Lennanın gitarısın alır sinəsiə, “İmagine” oxuyur.
Dünyanın küləyi keçər,
Qarı yağışı keçər.
Qatar-qatar quşu keçər,
daş atarlar, daşı keçər
Körpə ağaclar yekələr,
Yekələr, qalxar, dikələr
sən yıxalan ucalığa…
Şeirin axırını elə bil Məmməd Araz yazıb.
“Yenə canın sağ olsun,
Bu dünyada
Sən yıxılan ucalıqlar qalacaq…”
Şeir uzundur, oxuyub axırına çıxınca elə üzülürsən, elə qeyzlənirsən ki, bir kötük axtarırsan ki, başını çırpasan…
X.X.
19. 04. 2025, Samara
