Çoxlu turist görürəm yaşadığım şəhərdə
Olduğum küçəni də var gəzib-dolananlar.
Önlərinə nə çıxsa, maraqla baxır onlar,
Gidə qulaq verirlər sanki nəfəs dərmədən.
+
Qədim divar önünə yaxın gəlib dururlar,
Öyrənirlər kərpici, hörgünü və suvağı.
Yazını oxuyurlar onlar şagird sayağı,
Qarşısına çıxanı telefona çəkən var.
+
Şəhərin adamları qaçmır nəzərlərindən,
Oğrun baxanı olur, bəzisi göz bərəldir,
Burdakılar tək adam görməyiblər elə bil,
Baxıb pıçıldaşırlar aralarında hərdən.
+
Axşam çağı gəzəndə həzz alırlar qürubdan —
Bizim şəhərdə yəqin günəş batır ayrı cür,
Ayın da əksi çayda daha gözəl görünür,
Görə bilmir bunları nədənsə yerli insan…
+
Gözucuyla olsa da, baxan olur mənə də,
Tarixi abidəyəm, yaşımı hesablasan.
Maraqla ya həsədlə bəlkə nabələd insan,
Baxır, yolu düşərsə, pəncərəmin önündən…
+
Qırx uzun ildən bəri yaşadığım şəhərdə.
Kaş mən özüm bircə gün dönüb turist olaydım,
Divarlara, tağlara, hörgüyə vurulaydım,
Duyğudan yaşaraydı gözlərim güngedərdə…
+
Özüm öz pəncərəmin işığına baxaydım,
Maraqla və həsədlə, dayanıb aralıda.
Elə gələydi, məni çağıran da var orda,
Ürəklə qapı açıb pilləkəni çıxaydım…
07. 06. 2025, Samara
