Bizim məhkəmələri xatırladan nəsə var
Dəfn mərasimində — gəncsə, xüsusən, ölən.
İstərsə molla olsun, istərsə yasa gələn —
Ölüm səbəbkarını təmizə çıxarırlar.
+
Bir ağızdan deyirilər: “Yaradandır hər kəsi
Dünyaya gətirən də, aparan da dünyadan.
Başında bir tükü də itirə bilməz insan,
Bu işə Yaradanın olmasa iradəsi.
+
Bu gəncin ölümü də, Tanrıdandır, şübhəsiz,
Biz kimik bilək ancaq nədir bu işdə niyyət.
Nə gəlirsə Tanrıdan, ya dərsdir, ya da ibrət,
Həqir səcdə edərək şükr deməliyik biz.
+
Yaxşılığadır ancaq, Tanrıdan nə gəlirsə,
Bundan yaxşı dünyaya, bu gənc yəqin gedəcək,
Yaradanın hökmüdür, buna baş əyək gərək,
Səxavətdə o təkdir, min verir, bir alırsa…”
+
Üzümüzü tuturuq göylərə, əl açırıq,
Alqış pıçıldayırıq faciə törədənə.
Gözlənilən tək sona yetir məhkəmə yenə,
Hönkürən var, kimisə boğur isti hıçqırıq….
26. 06. 2025, Samara
