Архив | 11.07.2025

«GÜLMƏKDƏN ÖLƏSƏN — BU, PİSDİR MƏGƏR?…»

Son dəfə ürəkdən haçan gülmüşəm,

Demişəm: “gülməkdən ölərəm indi?”

Bir anda ovunub şirin irişən
Uşaq mən idimmi ya mən deyildim?

 +

Adamlar güldürə bilməyəndə də,
Kitab güldürürdü, kino həmçinin.

Xəlvəti gülürdün bəzən, içində,

Üzün də gülürdü bu zaman yəqin.

 +

Bizi uşaq vaxtı qınayardılar,
Çox əgər gülsəydik, ucadan həm də.

Guya gülməyin də qaydaları var,
Nə qayda – bilmirəm indiyə qədər…

 +

Hətta deyirdilər guya heç Allah
Bəyənməz, insan çox əgər gülərsə.

Gülməyin həmişə sonu ağlamaq

Olur – belə idi tərbiyə dərsi…

 +

Son dəfə gülməyim yadıma gəlmir,
Kitablar güldürmür, həmçinin kino.

Gülmədim, lətifə danışdı biri,

Yaxşı tanıyıram çünki mən onu…

 +

Gülüş nə xoş şeydir… güldürən ola,
Güləsən nəfəsdən düşənə qədər.

Tanrı cin atına minsə də belə.
Gülməkdən öləsən – bu, pisdir məgər?…

 

11. 07. 2025, Samara