Архив | 25.07.2025

ƏN ALİSİ DEYİLMİ TANRI SƏNƏTKARLARIN?…

Metodist kilsəsinin qabağındakı ləkdə

Çiçəklər əkilib – var sadəsi, mürəkkəbi.

Özünəməxsus nəsə görürsən hər çiçəkdə,

Biri təəccüblüdür, titrədir biri qəlbi.

 +

Bax, bu çiçək sadədir, gül açan deyil yəqin,
Tünd yaşıl yarpaqların rəsmi amma incədir.

Öz şəkli çəkilibdir üstündə hər yarpağın

Rəssam bu işə yalnız qızıl suyu işlədib…

 +

Yaşıla nə yaraşır, bu qızıl sarısı, ah!

Yarpaq üstündə yarpaq – sadəlikdə möcüzə.

Nə məqsəd, nə fikirlə bunu yaradıb Allah?

Bu rəsmlə nə deyir ya nə göstərir bizə?

 +

Bunu haçan yaradıb? Bəs bir azca o yanda,
Qıvrım ləçəklərindən xoş ətir yayılanı?

Ayrı qayğısı yoxmuş bunları yaradanda?

Tökülməyibmi o an dünyada insan qanı?

 +

Qarnı toxmuş hər kəsin? Köməyə çağıran səs,
Bəs necə titrətmədi fırçasını Tanrının?

Heç səbəb sənətkarı, yox, yayındıra bilməz! –

Ən alisi deyilmi Tanrı sənətkarların?…

 +

Kəsilmir yer üzündə ac uşaqların səsi,

Ulduzları səmadan dronlar salıb qaçaq.

Bir an sönükmür ancaq yaratmağın həvəsi.

Dünya alt-üst olsa da, sənətkar yaradacaq.

Metodist kilsəsinin durmuşam qabağında,
Varmı, yoxmu – bilmirəm Tanrı ruhu kilsədə.

Öz şəkli həkk olunub bir çiçək yarpağında,

Tanrıdan təsəllidir o, bəlkə həm də dərsdir…

 

25. 07. 2025, Samara