Böyük olmaq istəyir uşaq ağlı kəsəndən,
Böyüklərin həyatı xoşuna gəlməsə də.
+
Gedən gündən məktəbə uşaq yenə tələsir,
Tələsir bitə məktəb, necə sevsə də dərsi.
+
Pis keçə, yaxşı keçə tələbəlik illəri,
Tələbə təhsil boyu baxır ancaq irəli.
+
Diplom həsrətindədir, arzusu müsəqillik,
Yoldaşlardan ayrılar hərçənd gör neçə illik…
+
Sonra ailə və iş. Ya da iş və ailə,
Nə qədər gözləntisə irəlidədir hələ.
+
Zamanı tələsdirir, zamanı qovur insan,
İstəklərdir bəlkə də Kürəni fırlandıran…
+
Subay artıq atadır, babadır ata çoxdan,
Ana isə nənədir, bəxtəvəri yox ondan.
+
Sonrasa istəklərin gəlir tükənən çağı,
Qoymağa güc, həvəs yox daha dağ üstə dağı.
+
Bir vaxt illəri qovan milyon gözləntilərdən,
Halına uyğun gələn deyil indi biri də…
+
Elə bil yol üstdəsən, ötürənlərin hazır,
Ləngiyib yubananda yola salanın bezir.
+
Sevgiləri çəkilib ürəkdən cavanlığın,
Həmindir ancaq həyat eşqinin çılğınlığı.
+
Qocanın dilində yox, bu eşq gözlərindədir,
Vurulmuş uşaq kimi sevgisini gizlədir…
06-07.08. 2025, Samara
