Paltaryuyan maşın və ya qabyuyan,
Kompüter, telefon, avtomobil al —
Hər şeyin üstündə kitabçası var
Ətraflı işlətmə qaydalarıyla.
+
Başa salır hara taxasan nəyi,
Tərsi ayırasan avanddan necə,
Necə salmayasan maşını gücə,
Necə saxayasan aldığın şeyi.
+
Dərman satışına indi biz baxaq:
Ətraflı təlimat hər birində var.
Düzdür, oxuyanda başı ağrıdar,
Vacibdir diqqətlə oxumaq ancaq.
+
Söz-söz oxuyaraq çalışır insan,
Bir nöqtə, bir vergül gözdən itməsin,
Qarınçın olanı başçın içməsin.
Az deyil lap əzbər yadda saxlayan.
+
Dini təlimləri götürək indi.
Əlbəttə, tanışsa bizə hansılar.
Nəyi necə etmək qaydaları var,
Əslində onların hər birində də.
+
Nəyi hara taxaq, haçan nə yeyək,
Nə səbəblə içmək olar ya olmaz,
Kimlə dostluğumuz günah sayılmaz,
Kimlərlə oturub-durmayaq gərək…
+
Biz özümüz əşya, həyat da şeydir,
Nəyi, necə etmək kitabı da var.
Amma nədənsə xoş ömür-gün yaşar,
Kim nəyi, necəni tərsavand edir…
13. 08. 2025, Samara
